İsmayıllı məktəblilərinin
Yaponiyanın İto şəhərinə səfəri davam
edir
Xəbər
verdiyimiz kimi, Yaponiyanın İto şəhəri ilə
qardaşlaşmış İsmayıllı rayon məktəblilərinin
bir qrupu ilk dəfə bu ölkəyə səfərə gəliblər.
Artıq 10 gündən çoxdur ki, azərbaycanlı məktəblilər
İto şəhərində "İnternational Homestay
Club"un nümayəndələri tərəfindən təşkil
edilən rəngarəng tədbirlərə qatılır,
yaponiyalı həmyaşıdları ilə dostluq əlaqələri
qururlar.
İsmayıllı
Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov səfər
barədə təəssüratlarını AzərTAc-ın
Yaponiyadakı xüsusi müxbiri ilə
bölüşüb.
R.Orucov
deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın beynəlxalq əlaqələri genişlənir.
Müxtəlif ölkələr, o cümlədən Yaponiya
ilə də dostluq münasibətləri möhkəmlənir.
İsmayıllı məktəbliləri ilk dəfə ötən
ilin noyabrında Azərbaycanın İsmayıllı rayonu ilə
Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri
arasında imzalanmış dostluq mübadiləsi haqqında
sazişə əsasən, bu şəhərə səfərə
gəliblər. Səfərdə İsmayıllı rayonunun 1
və 6 nömrəli tam orta məktəblərinin 6
şagirdi iştirak edir. Bizim şagirdlər artıq bir
neçə ildir ki, İto şəhərinin məktəbliləri
ilə məktublaşırlar. Bu şəhərlərin
bir-birinə yaxınlaşmasında həmin məktublar
xüsusi rol oynayıb. Gələn il isə yapon məktəblilərinin
İsmayıllı rayonuna səfəri
planlaşdırılır. Səfərin ilk iki günündə
azərbaycanlı şagirdlər Tokionun görməli yerləri
ilə tanış olub, Azərbaycanın Yaponiyadakı səfirliyinə
baş çəkiblər. Səfər zamanı yaponiyalı
dostlarımız bizə zəngin səfər proqramı
hazırlayıblar. Şagirdlərimiz "Homstay"
proqramı çərçivəsində həmyaşıdlarının
ailələrində yaşayaraq, burada yapon həyat tərzini,
ailədaxili münasibətləri və milli mədəniyyəti
yaxından öyrənirlər. Azərbaycanlı məktəbliləri
İto şəhərinin meri, şəhər parlamentinin sədri
qəbul edərək, onlara uğurlar arzulayıblar. Yerli mətbuat
şagirdlərimizin İtoya səfəri ilə bağlı
geniş məlumatlar yayıb.
Proqrama
uyğun olaraq, İto şəhər musiqi məktəbində
milli musiqi alətləri haqqında onlara məlumat verilib,
oğlanlar əlbəyaxa döyüş növlərinin
öyrədildiyi məktəbdə olublar. Azərbaycanlı
uşaqlar yapon milli geyimini - kimanonu öz əyinlərində
yoxlamaq imkanı da əldə ediblər. Həmçinin
uşaqlar İtonun tarixi və görməli yerlərini də
ziyarət ediblər, Fuci dağında və Hakone istirahət
mərkəzində olublar. İto şəhərinin Turizm
Agentliyinin Azərbaycana, İsmayıllı rayonuna dair təşkil
etdiyi guşə şagirdlərimizin böyük sevincinə
səbəb olub.
Hər
il avqustun 8-dən 10-dək İto şəhərində təşkil
olunan Angin Maçuriyə - Yay festivalına qatılan məktəblilərimiz
burada təbilçilərin müsabiqəsini, digər rəngarəng
proqramları və möhtəşəm atəşfəşanlığı
da maraqla izləyiblər. Səfərin yüksək səviyyədə
təşkilində əməyi olmuş həm Azərbaycan,
həm də yapon tərəfinin nümayəndələrinə
öz minnətdarlığımızı bildiririk".
Məktəblilərimiz
avqustun 13-də Vətənə dönəcəklər.
Vüqar AĞAYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan. - 2014.- 12 avqust.- S. 7.