Qobustan məktəbliləri «Ölkəmizi
tanıyaq» tur-aksiyası çərçivəsində
Lahıcda
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq" devizi altında keçirilən tur-aksiyası çərçivəsində Qobustan məktəbliləri avqustun 10-da İsmayıllı, Qəbələ və Şəkiyə yola düşüblər.
AzərTAc xəbər verir ki, qrupa daxil olan şagirdlərə 4 gün ərzində gedəcəkləri rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri barədə hərtərəfli bilgilər veriləcək.
Yolasalma mərasimində çıxış edən Qobustan Rayon Təhsil Şöbəsinin müdiri Füzuli Güləliyev keçirilən tur-aksiyasının əhəmiyyətini qeyd edərək, bunun nəinki məktəblilərin tətil günlərinin xoş və mənalı keçirilməsində, habelə onların ayrı-ayrı bölgələr haqda zəngin məlumatlar almalarında böyük önəm daşıdığını vurğulayıb.
Sonda Qobustandan olan 40 məktəblidən ibarət qrup İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yola düşüb.
Lahıca gələn məktəblilər XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olan qəsəbədə misdən hazırlanan, mürəkkəb və incə naxışlarla bəzədilən əl işlərinə tamaşa ediblər. Burada şagirdlərə Lahıc sənətkarları, onların hazırladıqları və xarici turistlərin böyük maraq göstərdikləri sənət nümunələri barədə ətraflı məlumat verilib.
Lahıc Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən maddi-mədəniyyət nümunələri, qəsəbənin tarixi, insanların əsas məşğuliyyəti barədə məlumatlar məktəblilərin marağına səbəb olub.
İlk dəfədir Lahıcda olduğunu söyləyən tur-aksiyanın iştirakçısı Nihad Mirzəliyev bildirib ki, bu qədim diyarda Azərbaycan tarixinin açılmamış səhifələri var.
Lahıcla tanışlıqdan sonra
qobustanlı məktəblilər Qəbələyə yola düşüblər.
Azərbaycan. - 2014.- 12 avqust.- S. 7.