Ağstafalı şagirdlərin sevinclərinin həddi-hüdudu yoxdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə tur-aksiyaya qoşulan ağstafalı şagirdlərin sevinclərinin həddi-hüdudu yoxdur.

Bu fikirləri avqustun 10-da Ağstafadan Quba-Qusar-Xaçmaz marşrutu üzrə maarifləndirici tur-aksiyaya yola düşən qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti İmran Nəsibov AzərTAc-a müsahibəsində bildirib.

O, deyib ki, adətən şagirdlər rayon daxilinə, ən yaxşı halda isə qonşu rayonlara ekskursiyalara gedirlər. Amma indi Prezident İlham Əliyevin tapşırığına əsasən onlar üçün bütün Azərbaycanı gəzmək imkanı yaradılıb.

Dörd günlük tur-aksiya müddətində 40 nəfər ağstafalı şagird Azərbaycanın dilbər guşələrindən olan Quba, QusarXaçmaz rayonlarının qədim tarixini, mədəniyyət abidələrini, turizm mərkəzlərini və başqa gəzməli-görməli yerlərini ziyarət edəcək.

Qrupun rəhbəri tur-aksiyanın təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq edərək deyib: Ulu öndər Heydər Əliyev xalqımızın gələcəyi olan uşaqlara daim diqqət və qayğı göstərib və bu gün uşaqlar Prezident İlham Əliyevin qayğısı sayəsində hərtərəfli inkişaf etmək, Vətənə layiqli vətəndaş kimi yetişmək üçün hər cür imkan əldə ediblər. Şagirdlərimiz üçün Azərbaycanın müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaların təşkili barədə son tapşırıq da bunun bariz nümunəsidir”.

Tur-aksiyada iştirak edəcək 40 şagird və müşayiətçilər Ulu Öndərin Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Sonra onlar Quba-Qusar-Xaçmaz marşurutu üzrə tur-aksiyada iştirak etmək üçün yola düşüblər.

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 7.