Bir tarın və tarzənin ömür yolu

 

Tarix boyu yetişən min bir çeşidli qılınc, qəhrəman, şücaət, qələm, sözsaz ustaları kimi, ustad Ramiz, sənin adını tarixdə görürəm. Təbrizdə qəlbimdə görürəm. Sənin kimi bir övlad yetişdirən ana bəxtiyardır. Səni yetirən vətən xoşbəxtdir. Tarının sədaları həmişə qulağımda səslənir. Azərbaycanı mizrabının gücü ilə dünyaya tanıdan oğul, səni bağrıma basıb gözlərindən hörmətlə öpürəm.

 

Məhəmmədhüseyn Şəhriyar

 

"Mən Üzeyir bəyin adını daşıyan Dövlət Konservatoriyasına düz 1964-cü ildən gedib- gəlirəm... Çox yaxşı və pis anlarım da olub. Hətta yerimdə saydığımı anladığım anlarım da olub. Bu addımların hər birisini də mən düşünərək atmışam.  Mən həmişə öz qarşıma bir məqsəd qoymuşam ki, həyatda bu şeylərə nail olmalıyam və nailolmuşam".

Bu fikirlər xalq artisti, məşhur tarzən Ramiz Quliyevin çoxsaylı müsahibələrinin birindəndir. Məhz böyük zəhmət və istedad hesabına çatdığı nailliyyətlər onu hamının sevimlisinə çevirib. Azərbaycan xalq musiqisinin pərəstişkarları arasında elə bir şəxs tapılmaz ki, bu virtuoz ifaçını,  muğamlarımızın mahir bilicisi Ramiz Quliyevin yaradıcılığına laqeyd qalsın. Onun şöhrəti xarici ölkələrdə də geniş yayılıb.  Ramiz Quliyev hər yerdə -  Türkiyə, Əfqanıstan, Qvineya-Bisau, Suriya, Hollandiya, İsveçrə, Almaniya, Pakistan, Əlcəzair, Tunis, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, Avstriya, İsrail, Norveç, Moldova və digər ölkələrdə konsertlər verib və həmişə xüsusi bir heyranlıqla qarşılanıb. O, 1988-ci ildə UNESCO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb. 1989-cu ildə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsertlər verib.

Onu bu şöhrət zirvəsinə gətirən yolun qısa, ancaq zəngin bir tarixçəsi var: 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tardirijorluq ixtisasları üzrə təhsil alıb. Ağdam musiqi məktəbində təhsil alarkən "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. İlk dəfə Ağdam rayonunda Mədəniyyət evinin nəzdində Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Süleyman Ələsgərov kimi bəstəkarların xeyir-duası ilə yaranıb fəaliyyət göstərən "Şur" xalq çalğı alətləri ansamblının tərkibində səhnəyə çıxıb. 14-15 yaşlarında... Ailədə ondan savayı musiqi ilə məşğul olan bir kimsə yox idi. Bəlkə də kimsə vardı, amma o bunlardan xəbərsiz idi. Tanımadığı və yalnız adlarını eşitdiyi böyüklərin, korifeylərin - Bülbülün, Rəşid Behbudovun, Xan Şuşinskinin, Qurban Pirimovun, Zülfü Adıgözəlovun, Sara xanımın, Şövkət xanımın, Rübabə xanımın və digərlərinin  ifasını rayonda dirəkdəki reproduktordan eşidərdi.

Həmin illərdə rayon Pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dram Teatrında musiqi hissə müdiri olub. 1963-64-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı musiqi məktəblərində, 1974-92-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri kimi pedaqoji fəaliyyət göstərib. O, 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat olub. Ramiz Quliyev 1964-94-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1978-ci ildə Respublika Lenin komsomolu mükafatına, 1982-ci ildə əməkdar artist, 1988-ci ildə xalq artisti adlarına layiq görülüb. O, 1994-cü ildə Türkiyənin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib. 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə deputat seçilib. 1993-cü ildə "Humay" milli mükafatına, 2001-ci ildə "Simurq milli mükafat fondu"nun təsis etdiyi  "İlin fədakar sənətçisi" fəxri adına layiq görülüb. "İncəsənət xadimləri ücün Azərbaycan Respublikasi Prezidentinin mükafatinin təsis edilməsi haqqinda" ölkə başçısının 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq uğurlu səhnə fəaliyyətinə görə  Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə mükafatla təltif olunub. 2007-ci ilin may ayında Prezident İlham Əliyevin sərəncamı ilə ona musiqi sənətinin inkişafındakı xidmətlərinə görə  "Şöhrət" ordeni təqdim olunub.

Ramiz Quliyevin böyük ürəklə addımladığı ömür yoluna nəzər saldıqda bir daha əmin olursan ki, həqiqətən, əsl istedad Allah vergisidirbu istedadların bolluğu ilə bütün  Azərbaycan  öyünə bilər.

 

Barmaqların şirinliyi

 

Azərbaycan tarının tarixi bütün ağrı-acısı, dərdi-kədəri, sevinci-xoşbəxtliyi ilə Azərbaycan xalqının, Azərbaycan torpağının tarixi, hər bir Vətən övladının yaddaş kartı, mənəviyyat aləmidir. Onun bir anlığa dillənməsi kifayətdir ki, bütün ömrünü-gününü qarşına qoyub düşünəsən, ağlayasan, sevinəsən. Tarzən barmaqlarından süzülən həsrət, intizar, ümid dolu sədaları indi dünyanın hər yerindən eşitmək mümkündür. Bir neçə fakta nəzər salmaq kifayətdir ki, Ramiz Quliyevin sənət dünyasının böyük konturlarını, cizgilərini hiss edəsən. Bu yaxınlarda İranda keçirilən 29-cu Beynəlxalq "Fəcr" musiqi festivalında iştirak edən sənətkarın ifasını Tehranın, İsfahanın, Şirazın konsert salonlarında yüzlərlə tamaşaçı gurultulu alqışlarla qarşıladı. O, festivalın yüksək mükafatına - "Qızıl çəng"ə layiq görüldü. Bu siyahıya Kanadada, Almaniyada və digər öıkələrdə  böyük rəğbətlə qarşılanan konsertlərini də əlavə etmək olar.

Elə bu istedadı hesabına ilk dəfə Ramiz Quliyev İsveçrənin "La strimpellata" orkestri, Vyana Dövlət Kamera orkestri, Podlaziya OperaFilarmonik orkestri, KoşalinLublin şəhərlərinin Filarmonik orkestrləri (Polşa), Rusiya Dövlət Akademik rus xalq çalğı alətləri və estrada simfonik orkestrləri, N.Osipov adına Rusiya Dövlət Akademik Milli Orkestri, İran İslam Respublikasının Dövlət Milli Orkestri, Moldova Dövlət Filarmonik və Dövlət Teleradio Simfonik Orkestrləri, Belarus Dövlət Akademik Simfonik Orkestri, NovosibirskKalininqrad şəhərlərinin filarmonik orkestrləri, Özbəkistan Dövlət simfonik Orkestri, Azərbaycan Dövlət simfonikkamera orkestrləri, Azərbaycan Televiziyasının Niyazi adına Simfonik Orkestri və digər kollektivlərlə konsertlər verib. Sənətsevərlər yaxşı bilir ki, tar ifaçılığında solo konsert proqramı ilə çıxışın əsasını da Ramiz Quliyev qoyub. Xalq yazıçısı Mirzə İbrahimov Ramiz Quliyev sənətindəki bu xüsusiyyətləri nəzərə alaraq vaxtilə yazırdı:  "Tarzən Ramiz Quliyev Azərbaycan tar ifaçılığı sənətində Sadıqcan, Qurban Pirimov, Əhsən Dadaşov, Hacı Məmmmədov kimi öz yeri olan sənətkardır. O da həmin sənətkarlar kimi, ifaçılığında yenilik axtarışlarına ciddi fikir verir, müasirlik duyğusu ilə yaşayır."

 

Aktyor, musiqiçi, tarzən, müəllim

 

Ramiz Quliyevi Azərbaycan tarixinin müəyyən dövrlərini əks etdirən filmlərin çoxunda aktyor, tarzən kimi görmək mümkündür: "Üzeyir ömrü" (film, 1981), "Havalansın Xanın səsi" (film, 2001), "Oxu, tar" (film, 1989), "Mədəniyyət salnaməsi. Əbülfət Əliyev" (film, 2004), "Bu səs Qədirin səsidir" (film, 2007), "Həsən Abdullayev xatirələrdə..." (film, 2007), "Qəmbər Hüseynli" (film, 2007), "Sarı sim" (film, 2007), "Tarzən Ramiz Quliyev" (2008), "Muğamat var olan yerdə..." (film, 2009) və s.

O, həm də yorulmaq bilməyən bir müəllimdir. 40 ildən çoxdur professor Ramiz Quliyevin sinfini bitirən tələbələr Azərbaycanın aliorta ixtisas tədris müəssisələrində, orkestransambllarda, eləcə də  xarici ölkələrdə  fəaliyyətlərini davam etdirirlər. Görkəmli tarzən xeyli dərslik, proqram, elmi məqalə və metodiki tövsiyələrin də müəllifidir. Bir sözlə, bugünkü Azərbaycan tar məktəbi onun adı ilə bağlıdır. Bəs bu məktəbin indiki vəziyyəti əvvəlki illərə baxanda necədir? Ramiz müəllim inamla böyük fərqlərin olduğunu deyir: "Mən sizə cəsarətlə deyirəm, tarın hal-hazırda olan səviyyəsi çox yüksəkdir. Müasir dövrdə tarın ifaçılığı elə bir səviyyəyə gəlib çıxıb ki, adı dünya səhnələrində məşhur olan musiqi alətləri ilə bir cərgədə çəkilir".

Bu uzun, eyni zamanda, qısa sənət yolunda rastlaşdığı, dinlədiyi, yol getdiyi məşhur insanların onun haqqında söylədiklərinə nəzər yetirməklə Ramiz Quliyevin öz tarı ilə hansı zirvədə dayandığını daha aydın təsəvvür etmək mümkündür:

SSRİ  xalq artisti Niyazi: "Ramiz Quliyevin sənətə gətirdiyi yeniliklər tar ifaçılığını daha da zənginləşdirdi.Onun özünəməxsus, orijinal dəsti-xətti var. O, tarzənlər arasında yaradıcı sənətkardır. Ramizin yaradıcılığı yalnız muğam ifaçılığı ilə məhdudlaşmır. O, eyni zamanda, həm gözəl ansambl solisti, həm də ən müxtəlif repertuarla çıxış edən orkestr solistidir".

SSRİ xalq artisti Rəşid Behbudov:  "Mən çox xoşbəxtəm ki, xalqımın gözəl musiqi aləti olan tar böyük sənətkar, mahir tarzən Ramiz Quliyevin əllərində öz ifasının ən böyük əzəmətini müvəffəqiyyətlə tapır".

SSRİ xalq artisti, bəstəkar Fikrət Əmirov:  "Ramiz Quliyevin ifası öz rəngarəngliyi, bənzərsizliyi, parlaq virtuozluğu, lirik duyumluluğu, təsirliliyi və emosionallığı ilə fərqlənir, dinləyicini heyrətə gətirir".

 

Tar oxuduqca

 

Bu gün dövlətin Azərbaycan tarına qayğısı nəticəsində o, dünya mədəniyyətinin tərkib hissəsinə çevrilib. 2012-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. XIX əsr Azərbaycan musiqi sənətənin ən görkəmli nümayəndələrindən olan Mirzə Sadıq Əsəd oğlunun tar aləti üzərində rekonstruksiya aparması nəticəsində onun quruluşu elmi-akustik prinsiplər əsasında dəyişdirilərək müasir Azərbaycan tarı 11 simli, geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik  bir alətə çevrilib...

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət mükafatlarının verilməsi haqqında" sərəncamına əsasən, Ramiz Quliyev konsert-ifaçılıq fəaliyyətinə görə ölkəmizin yüksək mükafatına layiq görülüb. Həmin təntənəli mərasimdə çıxış edən görkəmli tarzən sənətinə verilən bu qiyməti "üzü Mirzə Sadıq Əsəd oğlundan - Sadıqcandan bəri bu günə qədər fəaliyyət göstərən bütün tarzənlərin sənətinə və fəaliyyətinə verilən qiymət" kimi dəyərləndirib: "Dünya ölkələrində çoxlu sayda tar vardır. Amma, möhtərəm cənab Prezident, Azərbaycan tarından dünyada yoxdur. Bu, Sizin apardığınız çox yüksək, gözəl siyasət və bizim hamımızın əzizi olan unudulmaz Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri çox hörmətli Mehriban xanımın gördüyü işlər nəticəsində sübut olundu".

Ramiz Quliyev bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişafın mədəniyyət aləmini də əhatə etdiyini bildirdi: "Siz tarımızı, mədəniyyətimizi qorudunuz. Allah Sizi qorusun, Allah Sizi bizim xalqımıza və tarımıza, sənətimizə, mədəniyyətimizə çox görməsin. Sizə və möhtərəm Mehriban xanıma tarımız qədər ömür arzulayıram".

 

Bəxtiyar QARACA

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 6.