Xalqına dəyərli əsərlər yadigar qoyub
Respublikamızın mədəniyyət, incəsənət, elm və təhsil mərkəzlərində 100 illik yubileyi təntənə ilə qeyd olunan xalq yazıçısı Qılman İlkinin cismani ayrılığından o qədər də uzun bir vaxt keçməyib. Böyük ədibin qəfil ölümü oxucularını məyus etdi. O, 6 noyabr 2009-cu ildə 95 yaşında əbədiyyətə qovuşdu. Qılman müəllimdən söz düşəndə həkim Ziba Əliyeva həmişə deyir: "Qılman müəllim heç qocalmadı!"
Doğrudan da, qocalığın ağır gedib-gələn nəfəsi, batıq səsi, sınmış qaməti uzun illər Qılman müəllimə yaxın düşə bilməmişdi.
Yazıçı Mustafa Çəmənli danışır ki, bir gün yolla gedirdim, gördüm Qılman müəllim qabaqdan gəlir. Fikirləşdim ki, axırıncı görüşümüzdən bəlkə də on il keçib, yəqin məni unudub, niyə narahat eləyim kişini. Amma bir-birimizə beş-altı addım qalmış "Mustafa, salam, necəsən?!" - deyə mənə sarı dönəndə təəccüb elədim. Rəhmətlik nəinki nəm-nişanımı, demə, heç adımı da yaddan çıxarmayıbmış!
Qılman müəllimin hafizəsi də özündəydi, gözləri də yaxşı görürdü, bunlar bir yana, heç qocalığın sərt barmaqları onun sifətinə qırış da sala bilməmişdi. Rəhmətliyin səsinin şaxı da yerindəydi, sınmamışdı. Telefonla danışanda, tanımayan elə bilərdi ki, cavan oğlandı.
Qılman İlkin yaxşı yazıçı, əvəzsiz salnaməçi, müdrik insan idi. Belə xüsusiyyət sahibləri hansı yaşda həyatdan köçürsə-köçsün, yenə də təəssüf doğurur.
Azərbaycan yazıçısı Qılman İlkin (Musayev) 11 aprel 1914-cü ildə Bakıda, Mərdəkan kəndində anadan olub. 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. İnstitutu müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Xaçmaz rayonunda pedaqoji fəaliyyətə başlayan Qılman Musayev bir müddət müəllim və məktəb direktoru, sonralar isə Bakıda "Gənc işçi" qəzetində, "Uşaqgəncnəşr" nəşriyyatında çalışıb, 1936-cı ildə Bakı Dövlət Universitetində baş müəllim işləyib.
İkinci Dünya müharibəsi illərində o, Cənubi və Şimali Qafqaz cəbhələrində, habelə İranda hərbi müxbir olub, Təbrizdə nəşr edilən "Vətən yolunda" qəzetinin redaksiyasında işləyib.
Müharibədən sonra Q.İlkin Azərbaycan Dövlət Universitetinin baş müəllimi, "Azərnəşr"in baş redaktoru və direktoru, "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində çalışıb.
Ədəbi yaradıcılığa "Yaralı şəhər" hekayəsi ilə başlayan Q.İlkin sonrakı illərdə "Qalada üsyan", "Hədiyyə", "Həyat yollarında", "Dağlı məhəlləsi", "Madam Qədri", "Şimal küləyi", "Dəniz qapısı", "Yazılı daş", "Bakı və bakılılar" və s. kitabların müəllifi kimi tanınıb. Bu əsərlərin, ümumiyyətlə, Qılman İlkin yaradıcılığının elə xüsusiyyətləri var ki, onlar yazıçının əsərlərinin, nəsrinin orijinal özünəməxsus cəhəti olmaqla yanaşı, bütövlükdə ədəbiyyatımızın inkişafı, ümumi axarı və ahəngi ilə son dərəcə üzvi şəkildə bağlıdır.
Qılman İlkin müxtəlif janrlarda yazıb-yaratmış ədibdir. O, milli nəsrin realist ənənələri, mənəvi və sənətkarlıq dəyərləri əsasında formalaşmış yazıçılarımızdandır. Q. İlkinin romanının motivləri əsasında "Yenilməz batalyon" bədii filmi çəkilib, onun "Cərrahlar", "Tayqa nağılı", "Geriyə yol yoxdur" və s. əsərləri eyniadlı televiziya pyeslərinin süjeti olub.
Bakının tarixi yaddaşı hesab etdiyimiz tanınmış yazıçı, publisist, naşir və mədəniyyət xadimi ömrünün son aylarında "Kiçik hekayələr"inin çapı ilə əlaqədar bir neçə dəfə görüşmüşdüm. Belə görüşlərin birində Qılman müəllim dedi:
- Haçansa oxumuşdum ki, çox yaşamaq üçün çox gəzmək lazımdır. Ona görə də çox gəzirdim. Amma indi ayaqlarım dalımca gəlmir. O günü həkimə getmişdim. Soruşdu, neçə yaşın var? Nə xəbərim olar bunun ağlındakından, dedim, 95. Mənalı-mənalı üzümə baxdı. Yəni, a kişi, day nə istəyirsən, yaşamısan da... hələ bir gəzmək də istəyirsən?!
Hirsləndim. Ordan çıxıb, başqa bir həkimin yanına getdim. Elə bil sözləşiblərmiş, o da yaşımı soruşdu. Ürəyimdə dedim, yaxşı indi baxarsan:
- 48.
Gözləri böyüdü:
- Nədi, ola bilməz!?..
Mızıldadı...
Mən də qayıtdım ki, ay Qılman müəllim, belə deyin də... Həkim 48-in dərmanını yazdığına görə ayaqlarınız bir az da bərk ağrımağa başlayıb.
Güldü...
Ayaqlarının dərdi götürüb onu Kürdəmirə də aparmışdı. Oradakı "Şəfa" sanatoriyasında müalicə olunmuşdu. Dediyinə görə hətta bir povest də yazmışdı bu səfər barədə.
Kürdəmirdən söhbət düşmüşkən, Qılman müəllimin əhvalını yüngülləşdirmək, Kürdəmir təəssüratlarını zənginləşdirmək üçün bir haşiyə çıxdım:
- Kürdəmirdə İslam İslamzadə adında yaxşı bir göz həkimi var idi, demə, rəhmətlik şeir də yazırmış. Sovet dönəmində, yayın cırhacırında Şuşaya istirahətə gedir, az sonra başlayır darıxmağa, görün nə yazır:
Gəzdim
yaylaqları, gəzdim elləri,
Heç yanda
tapmadım rahatlıq yeri,
Sənsən
düşüncəmin daim məhvəri,
Can, isti Kürdəmir,
isti Kürdəmir!
Qılman müəllimin sifətinə təbəssüm qondu:
- Məni desənə, bir dəfə də olsun, yayda Bakıdan kənara dincəlməyə getməmişəm. Aparıb Ayazgili qoymuşam sanatoriyaya, yenidən qayıdıb gəlmişəm Bakıya. Mən Bakının istisini sevirəm...
Uzunömürlü Qılman müəllimə həmişə həsəd aparırdıq, onu xoşbəxt, ağrı-acısız, yazıb-yaradan görürdük. Amma bir dəfə dostlara giley eləmişdi ki, səksəndən yuxarı yaşamaq da bir kişilik deyilmiş!
Yaşı 96-nı haqlayan ədib bir gün belə qələmi əlindən yerə qoymadı, tez-tez "Ədəbiyyat qəzeti"ndə hekayələrini oxuyardıq, yığcam, anlaşıqlı, ibrətamiz...
Hərdən Qılman müəllimgilə gedəndə çarpayıda, əlində böyüdücü lupa, kitab oxuyan, ya da hansısa təzə yazdığı əsərini saf-çürük edən görərdim onu. Gözləri imkan verənəcən mütaliədən qalmadı. Özü də kim nə kitab bağışlayırdısa, özünə borc bilirdi ki, oxusun.
Qılman müəllim ölümündən bir neçə ay əvvəl zəng eləmişdi:
- Qəşə-ə-əm, səni görmək istəyirəm, bizə gələ bilərsən?
- O nə sözdü, ay Qılman müəllim, haçan deyirsiniz, gözüm üstə!?
- Elə bu gün...
Axşam getdim. Oğlu
Ayaz məni qarşılayıb,
qonaq otağına apardı. Bir azdan Qılman müəllim göründü,
ayaqları sözünə
baxmırdı, çox
çətinliklə masanın
arxasına keçə
bildi. Xeyli söhbət etdik,
çağırılmağımda məqsəd ədibin səhhətinin ağır
günlərində yeni
yazdığı əsərini
nəşriyyata çapa
hazırlamaq idi.
Həmişə olduğu kimi,
bu dəfə də hər şey Qılman müəllimin təklif etdiyi kimi yekunlaşdı.
Heç
kimə qibtə eləməyən Qılman
müəllimin belə
məqamlarda bəzi qibtələrini görmüşəm.
Gözü gəncliyinin dalıyca
qalmışdı, cavanlıq
qamətinin həsrətini
çəkirdi. Hər dəfə
kitabını çapa
verəndə bir gənclik fotosunu da üstünə qoyurdu. Ürəyimdən keçirsəm də,
ay Qılman müəllim,
niyə qocalıq şəklinizi vermirsiniz, soruşmazdım. Bir anlıq
öz-özümə düşünərdim,
onsuz da baş daşımıza
son günümüzün fotosu
düşəcək, görənlər
də bəs deyincə baxacaq. Amma cavanlıq ömrümüzü kim görəcək ki, biz nə şəkildə olmuşuq...
Yəqin bu düşüncələr Qılman
müəllimə də yad deyilmiş.
Azərbaycan Prezidenti İlham
Əliyevin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında" 12 yanvar
2004-cü il tarixli sərəncamı ilə böyük ədibin 2006-cı ildə
2 cildlik "Seçilmiş
əsərləri" çap
olunub. Yazıçının "Seçilmiş
əsərlər"inə daxil edilmiş roman, povest və hekayələrində müasirlərimizin
ölkəmizin inkişafında
rolundan, gündəlik
qayğılarından, onların
həyatda başlarına
gələn real hadisələrdən,
vətənin azadlığı,
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda qəhrəmanlıq
göstərmiş oğul
və qızlarımızın
döyüş yollarından
söhbət açılır.
Böyük ədib hər kitabını ilk kitab sevinciylə qarşılayırdı. Sağlığının
son yadigarı - "Kiçik
hekayələr"in nübar
nüsxəsini aparmışdım
evinə. İlahi, necə
də sevinirdi. Hətta bir-iki dəfə gözünü
kitabçadan ayırıb,
təbəssümlə üzümə
baxdı:
- Çox sağ ol, ay Qəşəm! Sənin xəcalətindən
necə çıxacam,
bilmirəm?!..
Qılman İlkin özünü qoruyub-saxlamağı da bacarırdı. Bəlkə də bu onun pak təbiətindən
irəli gəlirdi; asta danışar, ucadan gülməz, müsahibini danışığa
həvəsləndirər... gözlərində daim şəfqət dolu bir mehribanlıq olardı. Artıq danışmaq, artıq
təbəssüm Qılman
müəllimə yad
idi. Ən başlıcası, umu-küsü saxlamağı,
kiminsə yersiz hərəkətini ürəyinə
salmağı özünə
rəva bilməzdi.
Qədim Bakının keçmiş həyatını, ictimai-siyasi hadisələri, sosial durumunu, tarixi, yerli memarlıq abidəsi hesab olunan tikililərinin taleyini ayınan, iliynən bədii ədəbiyyata gətirən, yaddaşlara köçürən Qılman müəllim bir dəfə milyonçu Murtuza Muxtarovun həyat yoldaşı Liza xanıma hədiyyə tikdirdiyi "Səadət sarayı"ndan söbət düşəndə uşaqlıq illərini xatırladı:
- Qardaşım Qurbanla (yazıçı Qurban Musayev - Q.İ.) Mərdəkandan gəlib Bakıda
orda-burda işləyirdik.
Gecələr həmin binanın
zirzəmisində qalırdıq.
Onda təkcə insanlar ehtiyac içində deyildi, qurd-quş, it-pişik də ac idi. Gecələr yatanda başımızı
bərk-bərk bürüyürdük
ki, mişovullar üz-gözümüzü didib-dağıtmasın.
Qılman müəllim həyatın
çətinlikləri ilə
lap körpəlikdən üz-üzə
qalıbmış. Xarakterindəki sadəlikdən, alicənablıqdan
heç vaxt ad-san, orden-medal xiffəti çəkməzdi. Qabağa
düşmək, kimdənsə
irəli çıxmaq,
boy göstərmək, məclislərdə
şöhrətinə uyğun
gur-gur guruldamaq, öz əsərləri haqqında
tərif demək və ya bu
əsərlər barədə
kimlərinsə məcburi
boğazdan yuxarı tərifli fikirlərini eşitmək, orda-burda mətbuatda özünü təbliğ
etdirmək Qılman müəllimdən ötrü
utanc yeriydi. Başqasını tərif...
Tərif deyəndə, üç
nəfər haqqında
onun dilindən şirin sözlər eşitmişəm. Biri hərb tariximizin araşdırıcısı, tədqiqatçı-yazıçı
Şəmistan Nəzirliydi,
onun haqqında deyərdi, bilirsən nə böyük iş görür Azərbaycan üçün
bu Şəmistan!?
İkincisi, Azərbaycan qadınları
barəsində tədqiqatlar
aparıb, kitablar yazan Sabir Gəncəliydi.
Üçüncüsü də yazıçı-publisist Teyyub
Qurban idi ki, Qılman müəllim deyərdi:
"Teyyub nəinki M.C.Bağırovu diriltdi, həm də onu bizə sevdirə
bildi..."
Heç özünü yada salmazdı ki, "Bakı və bakılılar" kimi əvəzsiz bir əsəri xalqımıza
ərməğan eləyib. Qılman
müəllim "Bakı
və bakılılar"
əsərində öz
şəxsi xatirələri
və təəssüratları
vasitəsi ilə oxucunu bu şəhərin
həyatı və tarixi aləminə daxil edir, qədim şəhərin obrazını
yaradır. Ədəbiyyatşünas
Şamil Salmanovun təbirincə desək "Qılman müəllim daha çox tale şəhərini, doğulduğu,
yaşadığı şəhərin
tarixi və adamları, hadisələri,
əhvalatları, həyat
tərzi, koloriti haqqında yazır..."
Qılman müəllimin böyük
məhəbbəti vardı
Bakıya. Rəhmətlik fəxrlə deyirdi, düş Bakının küçələrinə, başını
qaldır, qədim binaları - az
qala daş kitabə olan bu sənət əsərlərini oxuya-oxuya
get, doymaq bilməyəcəksən.
Qılman müəllim həm də qayğıkeş ailə başçısı
idi. Qayğıkeş ata kimi də ondan çox
şey öyrənmişəm.
Azərbaycan ədəbiyyatı sahəsindəki
xidmətlərinə görə
"Qırmızı əmək
bayrağı", "İkinci
dərəcəli Böyük
Vətən müharibəsi"
ordenləri, iki dəfə Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunub. Xalq yazıçısı Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq"
mükafatına layiq görülüb. 1950-ci ildən
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, M.F.Axundzadə adına
Dövlət mükafatı
laureatı, respublikanın
əməkdar incəsənət
xadimi idi. Doqquz il
əvvəl dünyasını
dəyişmiş xalq
yazıçısı Qılman
İlkin II Fəxri xiyabanda dəfn olunub.
Hər gün işə Qılman müəllimin uyuduğu xiyabanın yaxınlığından keçib
gedirəm. Məzarı üstündəki heykəlindən gündən-günə
müasirləşən qədim
Bakıya duyğulu-duyğulu
baxan görürəm
onu. Burada heykəlləşən hər
bir şəxsiyyətlə
yanaşı, 100 illik
yubileyi dövlət səviyyəsində qeyd olunan xalq yazıçısı
Qılman İlkinin də ədəbiyyata, xalqına və vətəninə yadigar qoyub getdiyi dəyərli
əsərləri, kitabları
və millətinin qəlbində
əbədiyaşar sevgisi
var.
Qəşəm
İSABƏYLİ,
yazıçı-publisist
Azərbaycan. - 2014.- 12 avqust.- S. 6.