“Heydər Əliyev milli
sərhəd strategiyasının banisidir”
mövzusunda konfrans keçirilib
Avqustun
11-də Dövlət Sərhəd Xidmətinin (DSX)
Akademiyasında Azərbaycan Sərhəd Mühafizəsinin
yaradılmasının 95-ci ildönümünə həsr
olunmuş “Heydər Əliyev milli sərhəd
strategiyasının banisidir” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın ulu öndəri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin DSX ilə bağlı qəbul etdikləri qərarlardan, Ali Baş Komandanın Xidmətin hərbi hissə və bölmələrinə səfərlərindən bəhs edən fotosərgiyə baxıblar.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra hərbi təhsil ocağının rəisi, general-mayor Araz Məmmədov çıxış edən bildirib ki, DSX-da təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Sərhəd Mühafizənin 95 illik yubileyi ərəfəsində silsilə tədbirlər keçirilir.
Qeyd olundu ki, Azərbaycanda sərhədlərin mühafizəsi sahəsində əldə edilmiş bütün uğurlar xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzaladığını xatırladan natiq qeyd edib ki, bu tarixdən sonra hər il avqustun 18-i sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Akademiyanın rəisi kursantları, gizirləri və onların ailələrini bayram münasibətilə təbrik edib, sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsində uğurlar arzulayıb, Ali Baş Komandana, xalqımıza, dövlətimizə daim sadiq olmağı diləyib.
Azərbaycanda ordu quruculuğunun, Sərhəd Mühafizəsinin formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayan natiq bu diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini deyib.
A.Məmmədov Azərbaycanda ordu quruculuğu, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində görülən işlərdən danışıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sərhəd Qoşunlarının maddi texniki bazasının möhkəmləndirilməsinə, sərhədlərimizin etibarlı mühafizəsinin təşkil olunmasına, peşəkar sərhədçi kadrların hazırlanmasına hər zaman xüsusi diqqət və qayğı göstərir.
Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Heydər Əliyev və Ordu quruculuğu”, DSX-nin şəxsi heyət üzrə baş idarə rəisinin müavini İzzəddin Musayevin “Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir” mövzularında məruzələri dinlənilib.
Tədbirdə ulu
öndər Heydər Əliyevin milli
dövlətçilik tariximizdə müstəsna yerindən,
müasir müstəqil Azərbaycan
dövlətinin qurulmasında və respublikamızın
dünyanın dinamik inkişaf
edən ölkələrindən birinə çevrilməsində
əvəzsiz xidmətlərindən danışılıb.
Ulu
öndər Heydər Əliyevin imzaladığı fərman
və sərəncamlarla, DSX-nin rəhbər
heyəti ilə keçirdiyi
görüşlərdə söylədiyi nitqlərlə milli sərhəd siyasətimizi
formalaşdırdığı, ölkəmizin sərhədlərinin
mühafizəsi strategiyasını müəyyənləşdirdiyi
xüsusi qeyd olunub.
Digər çıxışlarda milli hərbi kadrların formalaşmasında, hərbi təhsil müəssisələrinin yaranmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin ordu quruculuğu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün Azərbaycan Silahlı Qüvvələri özünün texniki təchizatına və hazırlığına görə dünya orduları sırasında mühüm yerlərdən birini tutur. Ulu öndər Heydər Əliyevin azərbaycanlı sərhədçi kadrların hazırlanmasında, ölkəmizdə sərhəd sisteminin formalaşmasında böyük diqqəti müstəqillik illərində bəhrəsini verib.
Bildirilib ki, bu gün Azərbaycan sərhədləri yüksək səviyyədə qorunur, DSX üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. DSX-nin Akademiyası sərhəd xidmətinin yüksək səviyyəli kadrlarla təmin edilməsində böyük rol oynayır.
Sonda şəhid sərhədçilərə
həsr edilmiş sənədli film nümayiş olunub.
Azərbaycan. - 2014.- 12 avqust.- S. 4.