Azərbaycan xalqının səbri tükənir

 

Prezident İlham Əliyevin cəbhə bölgəsində ictimaiyyətin nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər Azərbaycanda ruh yüksəkliyinə, Ermənistanda isə təlatüm və təşvişə səbəb olub

 

Təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərimizin azad edilməsi uğrunda Azərbaycan dövlətinin apardığı  mübarizə haqqa, ədalətə  və beynəlxalq birliyin qəbul etdiyi norma və prinsiplərə əsaslandığı üçün özünün müsbət nəticəsini verəcək. Artıq işğalçı Ermənistanda da başa düşürlər ki, Azərbaycan öz torpaqlarını hansı yolla olursa-olsun geri qaytaracaq. Bunu əsaslandıran amillər az deyil. 20 ildən artıq müddətə  Azərbaycan ərazilərinin 20 faizini işğala məruz qoyan Ermənistan iqtisadi, siyasi, sosial fəlakətin bir addımlığındadır. Özgə torpaqlarında qurulanheç zaman müstəqil fəaliyyət göstərməyən, yalnız vassallıq edən, ianə və yardımlara göz dikən bu təcavüzkar dövlətin siyasi hakimiyyəti zorla zəbt etmiş hakim dairələrinin ölkə əhalisini daim sosial-psixoloji gərkinlik altında saxlamaq üçün havadarlarına güvənərək münaqişənin nizamlanmasına süni əngəllər törətməsi artıq dünya ictimaiyyətinə də məlumdur.

Ermənistandan fərqli olaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin məqsədyönlü daxilixarici siyasəti nəticəsində iqtisadi tənəzzüldən qurtarmaqla inkişafın milli modellərinə yiyələndi. Təbii sərvətlərlə zəngin olan ölkəmizin iqtisadi resurslarından səmərəli istifadə burada özünü göstərdi və nəhayət, Azərbaycan dünyanın güc və mədəniyyət mərkəzlərinin marağını özünə cəlb etdi. Ümummilli lider Heydər Əliyevin siyasətinin uğurlu davamı bu inkişafın nəinki şəbəkələrini genişləndirdi, hətta ölkəmiz təkcə Cənubi Qafqazda deyil, Avropa məkanında da özünə layiqli yer tutdu. Bütün bunlar nəticə etibarı ilə dövlətimizin iqtisadi, siyasi, mədəni inkişafının beynəlxalq aləmdə təsdiqinə gətirib çıxardı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bu inkişafı mühüm amil hesab edən Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, təcavüzkar Ermənistan bundan özü üçün nəticə çıxarmaq əvəzinə, problemin həllinin uzadılmasına çalışır. Son günlər atəşkəsin Ermənistan tərəfindən ara vermədən pozulması Azərbaycan ordusunun təmas xəttində yerləşən hissələrinin isə təzavüzkarlara layiqli cavabı onların çoxsaylı itkilərinə səbəb oldu. Bu, bir daha onu göstərdi ki, faşist xislətli dövlət işğala son qoymazsa, aqibəti daha acınacaqlı olacaq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə bu günlərdə etdiyi səfər çərçivəsində hərbçilərlə, eyni zamanda ictimaiyyətin  nümayəndələri ilə keçirdiyi görüş zamanı  səsləndirilən fikirlər bir daha xalq-hakimiyyət birliyini göstərdi. Bu da münaqişənin istənilən yolla həllində vacib amillərdəndir.

Ağdam rayonunun ərazisində salınan sayca 18-ci qəsəbədə keçirilən görüşdə dövlət başçısı bu məsələyə xüsusi diqqət yetirdi: "Mən xalqıma güvənirəm, necə ki, xalq mənə güvənir. Əgər mən bu dəstəyi hiss etməsəydim, Azərbaycanda bu qədər işləri biz görə bilməzdik. Xalq-iqtidar birliyi bu gün reallıqdır. Mən çalışıram ki, öz fəaliyyətimdə ancaq xalqa xidmət edim... Hazırda bizim qarşımızda duran əsas problem Qarabağ problemidir".

Bundan vacib problemin olmadığını bildirən dövlət başçısı onu da xüsusi olaraq nəzərə çatdırdı ki, bütün səylər bu istiqamətə yönəldilib. Azərbaycanın  bütün sahələrdə sürətli inkişafı, qüdrətlənməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi məsələnin həllini yaxınlaşdırmaq məqsədi daşıyır.

Münaqişə tərəfləri arasında vasitəçilik missiyası daşıyanların qətiyyətsizliyinə, yaxud hələ də ikili mövqeyinə öz etirazını dəfələrlə bildirən dövlət başçısı bu dəfə də onların loyal fikirlərinə münasibətini açıqladı: "Vasitəçilər, sadəcə, nə hərb, nə də sülh vəziyyətini saxlamaq istəyirlər. Bizə deyirlər ki, müharibə etməyin, sülh yolu ilə həll edin. Çağırışlar edilir. Böyük dövlətlərin başçıları  açıq bəyanat verirlər ki, müharibə  olmasın. Yaxşı, biz də istəyirik ki, müharibə olmasın. Amma, gəlin bunu həll edin. Bu, sizin imkanınızdadır. Ermənistan asılı  bir dövlətdir. Ermənistan öz hesabına yaşaya bilməz... Deyirlər ki, gedin  razılaşın. Amma necə razılaşaq ki, onlar torpaqlardan çıxmaq istəmirlər. Ona görə iki yol var: ya hərb yolu, ya da danışıqlar yolu. Danışıqlar yolu nəticə vermir. Hələ ki müəyyən ümidlər var".

İllərdir ki, torpaq həsrətini, yurdsuzluq dərdini daşıyan məcburi köçkünlərin bu gün dövlət başçısının ətrafında sıx birləşərək Ali Baş Komandanın hər bir əmrinə hazır olmalarını müsbət qiymətləndirən Azərbaycan Prezidenti bu barədə fikirlərini bildirərkən əhval-ruhiyyənin yüksək olmasını da  vacib hesab etdi: "Azərbaycan xalqının  səbri artıq tükənir. Bizim imkanımız, bizim güclü ordumuz vardır. Cəmiyyətdə çox gözəl ab-hava, vətənpərvərlik ruhu vardır. Mən deyirəm, yüzlərlə gənc indi cəbhə bölgəsində əməliyyatlarda könüllü kimi gedib iştirak etmək istəyir... Bu, cəmiyyətin duyğularını, vəziyyətini göstərir".

Son vaxtlar öz əzizlərinin və doğmalarının məzarını ziyarət etmək istərkən ermənilər tərəfindən girov götürülən Dilqəm  Əsgərovun, Şahbaz Quliyevin  orada şəhid olan Həsən Həsənovun nəşinin geri qaytarılması üçün müraciətə münasibət bildirən dövlət başçısı hər bir azərbaycanlının Prezidenti  olduğunu bir daha təsdiqlədi: "Biz çalışacağıq ki, bu məsələ də öz həllini tapsın. Əvvəllər də belə hadisələr olub və hər dəfə Azərbaycan öz imkanlarını göstərərək vətəndaşlarını geri qaytarıb. Nə qədər çətin olsa da, biz bunu etmişik".

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 4.