Misirdəki Azərbaycan diasporu dünya ictimaiyyətini təcavüzkar Ermənistana təzyiqləri artırmağa çağırıb

 

Misir Ərəb Respublikasındakı Azərbaycan diasporu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında erməni silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar Misirdəki yerli və xarici qurumlara bəyanat ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur. Sənəddə qeyd olunur ki, son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozması nəticəsində Azərbaycanın hərbçiləri həlak olub. Müraciətdə Ermənistan silahlı qüvvələrinin sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən uşaqlara atəş açması xüsusi qeyd edilir.

Misirdəki Azərbaycan diasporu dünya ictimaiyyətini baş verənlərə, Ermənistanın yenidən müharibəni alovlandırmaq cəhdlərinə biganə qalmamağa, təcavüzkar ölkəyə qarşı təzyiqləri artırmağa çağırıb.

Bəyanat Misirdə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlara, səfirliklərə, Misirin müvafiq dövlət qurumlarına göndərilib.

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 4.