Almaniyalı deputat: “Qərb və Rusiya Ermənistana təzyiqlərini gücləndirməlidir”

 

Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə Parlament qrupunun sədri, millət vəkili Yohannes Kahrs (SPD fraksiyası) Almaniyanın “Hauptstadt İNSEDER” nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyanatla çıxış edib.

AzərTAc xəbər verir ki, bəyanatda deputat Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarılması, Ermənistana qarşı təzyiqlərin gücləndirilməsi tələbi ilə çıxış edir.

“Artıq bir neçə gündür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində atəşkəs rejiminin mütamadi pozulması ucbatından günahsız insanlar həlak olur. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini rəhbər tutan beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və 7 ətraf rayondan Ermənistan işğalçı qüvvələrinin dərhal çıxarılmasını tələb edir. Amma bu məsələdə heç bir müvəffəqiyyət əldə olunmayıb. Son əsgər ölümlərindən sonra Qərb dövlətləri ilə Rusiya gərək bu qeyri-qanuni işğala son qoyulması üçün Ermənistana təsir imkanlarını gücləndirməlidir. Əks halda Qafqazda növbəti müharibə ocağı ilə üzləşməli olacağıq”, - deyə Yohannes Kahrs vurğulayır.

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 4.