Serj Sarkisyan
növbəti dəfə qarşılıqlı
razılaşmanı pozaraq müzakirə
olunan məsələlərin bəzi
detallarını özünə sərf edən formada açıqlayır
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənovun AzərTAc-a
müsahibəsi
- Əli müəllim,
prezidentlərin Soçi
görüşündən sonra Ermənistan
Prezidenti Serj Sarkisyan görüşdə müzakirə olunan məsələlərlə bağlı
bəzi açıqlamalar verib. Bu açıqlamalarda səslənən fikirlərə
münasibətinizi öyrənmək istərdik.
- Təəssüf edirik ki, S.Sarkisyan artıq neçənci dəfədir ki, qarşılıqlı razılaşmanı pozaraq prezidentlər arasında keçirilən qapalı görüşdə müzakirə olunan məsələlərin bəzi detallarını açıqlayır. Ən acınacaqlı hal isə odur ki, o tərəflərin həmin görüşdə qaldırdığı məsələləri, ortaya qoyduğu mövqeni təhrif edir, öz subyektiv mülahizələri və Ermənistanın maraqlarına uyğunlaşdıraraq saxtalaşdırır. Əlbəttə, ölkə rəhbəri və prezident olaraq belə şeylər ona qətiyyən başucalığı və şöhrət gətirmir. Bu faktlar açıqlanmalı olsaydı, görüşündən sonra prezidentlər mətbuat konfransı keçirər və bütün məsələləri üz-üzə şərh edərdilər. Görüş bitəndən sonra öz ölkəsinə qayıdaraq, görüşdə müzakirə edilən məsələləri yenidən, öz subyektiv mülahizə və maraqlarını əlavə etməklə, təhrif olunmuş formada yerli ictimaiyyətə çatdırmağı və “yalançı qəhrəman”a çevrilməyi isə yalnız Sarkisyan kimilər edə bilər.
- Artıq Sarkisyan bunu edib. Odur ki,
görüşdə müzakirə olunan
bəzi məsələlərə aydınlıq gətirmək
və müəyyən detalları dəqiqləşdirməyə
ehtiyac duyulur. Bu haqda Azərbaycan
ictimaiyyətinə nəyi söyləmək mümkündür?
- Bir daha təəssüf edirik ki, Sarkisyanın bu hərəkəti bizi də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir. Bəli, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş ərazilərdə erməni dəstələri tərəfindən ələ keçirilmiş kəlbəcərli iki girovun məsələsini qaldırıb. Məlum olduğu kimi, girovlardan biri Rusiya vətəndaşıdır və onun ailəsinin Rusiya Prezidentinə müraciəti yayılıb. Azərbaycan Prezidenti görüşdə həmin müraciəti Prezident Vladimir Putinə çatdırıb və görüş əsnasında girovların azad edilməsi məsələsini qaldırıb. Prezident İlham Əliyevin fikrincə, ermənilər bu iki kəlbəcərlini heç bir əsas olmadan “təhlükəli diversant”lar kimi qələmə verib və onların ətrafında KİV-də eybəcər şou yaradıblar. Halbuki onların ailə üzvlərinin verdiyi məlumata görə, bu iki şəxs neçə illərdir ki, öz vətəndaşlıq hüquqlarından istifadə edərək ermənilərin işğalı altında olan doğma kəndlərinə - valideynlərinin qəbrini ziyarət etməyə gedirlərmiş. Onlardan birinin Rusiya vətəndaşı olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin Prezident Vladimir Putindən bu məsələyə münasibət bildirməsini istəməsi isə tam təbiidir və söz yox ki, bu, dinc sakinlərin qeyd-şərtsiz azad olunması məqsədi daşıyır.
Bundan başqa, Azərbaycan Prezidenti üçtərəfli görüşdə işğal bölgəsində və qoşunların təmas xəttində erməni silahlı qüvvələri tərəfindən öldürülmüş əsgərlərin və dinc sakinlərin meyitlərinin müharibə qanunlarına uyğun olaraq, qeyd-şərtsiz geri qaytarılmasını tələb edib. Hətta görüşdə Prezident İlham Əliyev üzünü Sarkisyana tutaraq belə bir ifadə də işlədib: “İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanına faşistlər də etməmişdir. Meyitə belə hörmətsizlik etmək olmaz, bu insana yaraşan əməl deyil”. Prezident, həmçinin meyitlərin dərhal öz ailələrinə təhvil verilməsini tələb edib.
S.Sarkisyan əlbəttə, Azərbaycan Prezidentinin bu mühakiməsi qarşısında ciddi bir arqument tapa bilmədiyindən 2010-cu ilin iyununda cəbhə bölgəsində minalanmış sahəni cəsarətlə keçərək düşməni onun öz silahı ilə ağır itkilərə məruz qoyan və qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olan Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ətrafında Azərbaycanın apardığı təbliğata toxunub və azərbaycanlıları “Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə” günahlandırıb. Prezident İlham Əliyev isə cavabında S.Sarkisyana xatırladıb: “Müharibənin öz qanunları var. Mübariz İbrahimovu biz qəhrəman kimi qələmə verməmişik. O, təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürmüş və özü də həyatını qəhrəmancasına qurban vermişdir. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşılmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərmiş və haqlı olaraq da Milli Qəhrəman adını qazanmışdır”. Prezident İlham Əliyev S.Sarkisyandan qəhrəmanlara məhz qəhrəman kimi yanaşmağı tələb edib.
-
Əli müəllim, Serj Sarkisyan
öz çıxışında, eyni zamanda, ermənilərin
son diversiya hərəkətləri
vaxtı Azərbaycanın daha çox itki verdiyini, ermənilərinsə “öz gücünü” nümayiş etdirdiyini bildirib və erməni xalqını sanki bu “faktla”
sakitləşdirməyə cəhd göstərib. Bununla
bağlı nə deyə bilərsiniz?
- Sarkisyan əlbəttə
ki, bu günlərdə
baş verən təxribat-diversiya nəticəsində
Ermənistanın işğalçı ordusunun
itkilərini bilərəkdən gizlətməyə
çalışır və bu faktı
ört-basdır etmək istəyir. Halbuki
bütün daxili və
xarici mənbələrin məlumatları
son hadisələrdə Ermənistanın
50-yə yaxın itki verdiyini
təsdiqləyir. İtkiləri gizlətmək Ermənistanın
hərbi-siyasi dairələrinə heç
zaman müyəssər olmayacaq.
Məsləhətdir ki, S.Sarkisyan Cənubi Qafqazda
gələcək sülhə birbaşa zərbə
vuran bu kimi təxribatçı halları davam etdirməkdənsə, erməni
xalqını müharibənin girovunda saxlamaqdansa, son bir ildə ölkəsini kütləvi şəkildə
tərk edən, iş və çörək
axtarışında bütün dünyaya səpələnmiş
həmvətənlərinin qeydinə qalsa
daha yaxşı olar...
Azərbaycan. - 2014.- 14 avqust.- S.4.