Cavad Mirzəli oğlu Heyət
Azərbaycanın elmi-ədəbi ictimaiyyətinə
ağır itki üz vermişdir. Görkəmli
həkim, Paris Beynəlxalq
Cərrahlıq Akademiyasının
üzvü, tanınmış
publisist və ədəbiyyatşünas Cavad
Mirzəli oğlu Heyət 2014-cü il avqustun 12-də ömrünün 90-cı ilində
vəfat etmişdir.
Cavad Heyət 1925-ci il
may ayının 24-də Təbriz
şəhərində anadan
olmuşdur. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuş, ikinci kursdan ali
təhsilini Türkiyənin
İstanbul Universitetində
davam etdirərək
1943–1946-cı illərdə burada tibb fakültəsində
oxumuşdur.
Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan
Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında
çalışmış, daha sonra ixtisasını
təkmilləşdirmək üçün Paris Universitetinin
cərrahlıq kafedrasında
işləmişdir. O, 1952-ci ildə
yüksək dərəcəli
cərrah ixtisasına
yiyələnərək İrana
qayıtmış, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında
cərrahlıq klinikaları
quraraq onlara rəhbərlik etmişdir.
Doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini
qoymuşdur. 1954-cü
ildən etibarən ürək üzərində
apardığı əməliyyatlar
onu istedadlı cərrah kimi tanıtmışdır. 1969-cu
ildə o, Tehranda ilk dəfə transplantasiya əməliyyatını uğurla
həyata keçirmişdir.
Bir çox cərrahi əməliyyatlar məhz onun adı ilə
bağlıdır. Tibb sahəsində
qazandığı nailiyyətlər
Cavad Heyətə geniş şöhrət gətirmişdir.
Doktor Cavad Heyət təbabətə
dair qiymətli araşdırmaların müəllifi
kimi də tanınırdı. Onun kitabları tibb
sahəsində yazılmış
dəyərli vəsait
kimi mütəxəssislər
tərəfindən daim
yüksək qiymətləndirilmişdir.
Bir sıra beynəlxalq elmi forumlar və
toplantılarda öz təcrübəsinə əsaslanaraq
dərin məzmunlu məruzələrlə çıxış
etmiş alimin 100-dən
artıq məqaləsi
müxtəlif tibb jurnallarında işıq
üzü görmüşdür.
Cavad Heyət uzun müddət cərrahlığın
tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması
ilə məşğul
olmuşdur.
Cavad Heyətin
zəngin və çoxşaxəli səmərəli
fəaliyyətində Azərbaycan
ədəbiyyatı tarixi,
türk xalqlarının
keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair
tədqiqatlar mühüm
yer tutur. Bu əsərlərdə Azərbaycan
dilinin inkişaf mərhələləri, şifahi
xalq ədəbiyyatı,
ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən
əhatəli bəhs
olunur. Mədəniyyətin müxtəlif problemlərinin
öyrənilməsinə münasibətdə
tarixi həqiqətlərdən
çıxış edərək
obyektivlik nümayiş
etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları
həmişə təqdirlə
qarşılanmışdır. Onun tədqiqatlarında və
publisistik məqalələrindəki
əsas fikirlərin böyük qismi təsis etdiyi “Varlıq” jurnalında əksini tapmışdır.
Cavad Heyət
eyni zamanda, Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş
tanıdılması, eləcə
də ədəbi əlaqələrin möhkəmləndirilməsi
işinə layiqli töhfələr vermişdir.
Görkəmli cərrah, tanınmış
ədəbiyyatşünas və səmimi insan Cavad Heyətin
işıqlı xatirəsi
onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Kamal Abdullayev
Fatma Abdullazadə
Akif Əlizadə
Əbülfəs Qarayev
Nazim İbrahimov
Anar Rzayev
Əhliman
Əmiraslanov
Nizami Cəfərov
Azərbaycan. - 2014.- 14 avqust.- S.4.