Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində 200 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış məhəlləsi istifadəyə verilib

 

Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində 200 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış məhəlləsi istifadəyə verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, yeni məhəllə bütövlükdə 500 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunur.

Həmin ərazidə ilkin mərhələdə 200 ailə üçün məhəllənin tikintisi başa çatdırılıb və Dövlətqaçqınkom tərəfindən həmin məhəlləyə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanılıb.

Ümumilikdə 10 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində müasir standartlara tam cavab verən 220 yerlik məktəb binası da tikilib. Yeni yaşayış məhəlləsi elektrik, qaz, sumüasir istilik sistemi ilə tam təchiz edilib.

Məhəlləyə köçürülən məcburi köçkünlər yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqlarına inandıqlarını vurğulayıblar.

Məlumatda, həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilən Əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkünlərin məşğulluq və digər sosial problemlərinin həlli, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib və işlər bu günuğurla davam etdirilir.

Müxtəlif ərazilərdə bütün sosial-texniki infrastruktura malik yeni qəsəbələr salınıb, çoxmərtəbəli yaşayış binaları tikilərək istifadəyə verilib. Bunlar bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi məsələlərdəndir.

Ümumilikdə yeni qəsəbələrin salınması, paytaxtdakı yataqxanalarda yaşayan məcburi köçkünlər üçün çoxmərtəbəli binalar kompleksinin tikintisiilk növbədə, şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq bəndlərinə uyğun və mərhələli şəkildə həyata keçirilir.

Qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,6 milyon kvadratmetr sahədə 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınıb və 42 min ailənin və ya 210 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

 

Azərbaycan. - 2014.- 14 avqust.- S.5.