Ən məhsuldar neft-qaz
quyuları Azərbaycandadır
BP şirkəti dünyanın neft-qaz rayonlarında əməliyyatçılıq etdiyi layihələrdəki ən məhsuldar quyularını bəyan edib. Onların ən yüksək hasilatla işləyən 29-u haqqında keçən ilin hesabatının dərc olunduğu topluda məlumat verilib. Fərəhli haldır ki, həmin "rekord"çu quyuların 11-i Azərbaycanda, Xəzərin qoynundadır.
BP dünyanın 100-dən çox ölkəsində çalışır. Onun ən məhsuldar quyuları isə cəmi bir neçə rayonun payına düşüb. Bunlar Anqola, Meksika körfəzi, Asiya-Sakit Okean, İndoneziya, Trinidad və Azərbaycandır.
"Rekordçu"larının sayına görə bu sırada Azərbaycan liderdir. Ölkəmizdən sonra sırada ikinci yeri 6 yüksək hasilatlı quyusu ilə İndoneziya tutur. Asiya-Sakit okean ərazisində 4, Meksika körfəzinin və Trinidadın hərəsində 3, Anqolada isə 2 belə quyu var.
Maraqlıdır ki,
sözügedən quyular arasında da birincilik Azərbaycandakı
- "Şahdəniz" qaz-kondensat
yatağındakı quyuya məxsusdur. Bu, gündəlik hasilatı
46 min 985 barel neft ekvivalentinə bərabər
olan quyudur. "Şahdəniz" ön sıraları əldən
verməyərək ikinci
və üçüncü
yerdə də özü dayanır.
Bu yerlərdə qərar
tutan quyuların gündəlik hasilatı müvafiq olaraq 46 min 269 və 44 min 940 barel neft ekvivalenti təşkil edir. "Şahdəniz"in növbəti "rekordçu"su
hər gün 42 min
950 barel neft ekvivalenti həcmində hasilatla işləyir.
Yatağın ən məhsuldar
quyularının siyahısını
tamamlayan beşinci quyu da əvvəlkindən
o qədər də geridə qalmır. Onun gündəlik hasilatı
36 min 407 barel neft ekvivalenti qədərdir.
Xatırladaq ki, "Şahdəniz"
zəngin qaz və kondensat ehtiyatlarına malik bir yataqdır. Hazırda bu
yatağın işlənməsinin
birinci mərhələsi
çərçivəsində karbohidrogenlər hasil edilir. Keçən ilin sonunda yekun investisiya qərarı verilmiş ikinci mərhələdən
isə 2018-ci ildə hasilata başlanacağı
gözlənilir.
BP-nin hazırda dünyada əməliyyatlar
apardığı ən
böyük yataqlardan
biri də "Azəri"dir. Mərkəzi,
qərb və şərq hissələrindən
ibarət olan "Azəri" əslində
öz qoynunda üç yatağı birləşdirir. BP-nin
dünyadakı 29, o cümlədən
Azərbaycandakı 11 sözügedən
quyusunun 5-i məhz
"Azəri" yatağındadır.
Bunların da gündə
ən çox neft verən ikisi "Qərbi Azəri"yə məxsusdur.
Biri gündə 28 min
721, digəri 27 min 483 barel
neft ekvivalenti həcmində hasilatla fəaliyyət göstərir.
"Qərbi Azəri"nin daha bir quyusu siyahıda
"Mərkəzi Azəri"dən
olan iki "rekordçu"nun arasında
dayanıb. Onun gündəlik
hasilatı 26 min 474 barel
neft ekvivalentinə çatıb.
"Mərkəzi Azəri"nin siyahıdakı bir cüt quyusuna
gəldikdə isə
deyək ki, onların biri gündə 26 min 677 barel neft ekvivalentinə bərabər hasilatla işləyir. Digərində isə bu göstərici 25 min 927 barel
neft ekvivalentidir.
Sevindiricidir ki, budəfəki
rekordçular sırasında
"Dərinsulu Günəşli"nin quyusu da özünə yer alıb. Onun gündəlik hasilatı (26 min 445 barel neft ekvivalenti) "Mərkəzi Azəri"nin ikinci quyusunda olduğundan yüksəkdir.
Bu quyular qədim "qara qızıl" diyarı Azərbaycanın
təkcə torpağının
təkində deyil, Xəzər
dənizinə məxsus
sektorunda da zəngin neft-qaz ehtiyatlarının olduğunu
bütün dünyanın
gözü qarşısında
bir daha təsdiqləyir. Onlardan əldə
edilən yüksək
hasilat Azərbaycanın
bu sərvətlərinin
hələ uzun illər bol olacağından xəbər
verir.
Flora SADIQLI
Azərbaycan. - 2014.- 14 avqust.- S. 6.