Xatirələrə hopan
anlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında ölkəmizin şimal bölgəsinə maarifləndirici tur-aksiyaya yola düşən Tovuz və Ağstafa rayonundan olan şagirdlər bu səfərdən olduqca məmnundurlar.
Onların Quba rayonu ilə tanışlığı Heydər Əliyev parkı ilə başladı. Şimal bölgəsində yeni və nadir memarlıq üslubu ilə seçilən bu park şagirdlərə öz gözəlliyi və mükəmməlliyi ilə sonsuz sevinc bəxş etdi. Məktəblilər Heydər Əliyev seyrangahındakı Gənclər mərkəzi ilə yaxından tanış oldular. Bu mərkəz 2013-cü ilin sentyabrından gənclərin ixtiyarına verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən üçmərtəbəli binanın inşası bir il ərzində başa çatıb. Memarlıq ənənələri ilə fərqlənən bu bina respublikamızdakı ən böyük gənclər mərkəzlərindən biridir.
Müasir və qədimliyin məkanı olan Qubada yeniliklə yanaşı qədimlik də qorunub saxlanır. Xalçaçılığın nəsildən nəslə ötürülməsi, bağçılıq ənənələrinin inkişaf etdirilməsində gənclərimizin rolu böyükdür.
Daha sonra tur - iştirakçılar xalçaçılıq ənənələrini özündə yaşadan "Qədim Quba" xalçaçılıq mərkəzində oldular. Qədim sənət nümunələri ilə tanışlıq şagirdlərin maraq dünyasına xüsusi ilə siyarət etdi.
Tur-iştirakçılar daha sonra erməni faşizmini, erməni vəhşiliklərini ifşa edən Quba Memorial Soyqırımı Kompleksini ziyarət etdilər. Gənclər burada gördüyü saysız eksponatlarda, erməni cəlladlarını ifşa edən sənədlərdə bir daha ermənilərin törətdiyi soyqırımıları haqqında daha dərin, daha təsirli və ətraflı məlumatlarla əyani tanış oldular. Quba Memorial Soyqırımı Kompleksinin əməkdaşı S.Abasova gənclərə məlumat verərək bildirdi ki, Quba qətliamı uzun müddət gizlədilsə də, müstəqillik dövründə aşkarlandı. Ölkə başçısının, Heydər Əliyev Fondunun təşkilatçılığı və birbaşa rəhbərliyi sayəsində ucaldılan bu kompleksi Qubaya gələn minlərlə turist, siyasi xadimlər, diplomatlar ziyarət edir.
Qubaya gələn gənclər onun şahidi oldular ki, memorial kompleks erməni vəhşiliklərini ifşa və ittiham edən siyasi tribunaya çevrilmişdir. Gənc məktəblilər həm Qubanı gördülər, həm də Azərbaycan xalqının keşməkeşli tarixinə səyahət etdilər. Daha sonra iştirakçılara Qubanın təbiəti, adət-ənənələri, turizmi barədə geniş məlumat verildi.
Akif ƏLİYEV
Azərbaycan. - 2014.- 14 avqust.- S. 7.