Şəkinin tarixi məkanları
məktəbliləri maraqlandırıb
"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən tur-aksiya çərçivəsində İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə hərəkət edən Qobustan və Hacıqabul rayonlarının məktəbliləri ekskursiyanın üçüncü günündə qədim Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış oldular.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırıldı ki, zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri ta qədimdən sənətin və sənətkarlığın inkişaf etdiyi ərazilərdən biri olub. Burada memarlıq, tətbiqi sənət, şəbəkə, ağac üzərində oyma, dulusçuluq və digər sənət növləri yüksək səviyyədə inkişaf edib. Şəki sənətkarlarının gərgin əməyi sayəsində bu qədim şəhərdə çox zəngin tarixi-mədəni irs yaranıb.
Bildirildi ki, Şəki xanlarının sarayı XVIII əsrə aid nadir tarix-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Xan sarayı ilə tanışlıq məktəblilərin ürəyincə oldu. Onlar sarayın önündə xatirə şəkilləri çəkdirdilər.
Məktəblilər sonra "Yuxarıbaş" Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində oldular. Məlumat verildi ki, muzey 1925-ci ildən fəaliyyət göstərir. Burada 5 minə yaxın eksponat saxlanılır. Məktəblilər qoruğun ərazisini gəzdilər, Sənətkarlar evinin həyətində Şəki sənətkarlarının hazırladıqları nümunələrə tamaşa etdilər. Diqqətə çatdırıldı ki, "Yuxarıbaş" Tarix və Memarlıq Qoruğunun ərazisində dövlət qeydiyyatından keçən 25 tarixi abidə vardır.
Sonra tur-aksiyanın iştirakçıları qoruğun ərazisindəki Yay teatrında şəhər mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi konsert proqramını izlədilər.
XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi "Yuxarı Karvansaray" mehmanxana kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırıldı ki, Şərq memarlığı üslubunda tikilən bu qədim kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. Hazırda bu memarlıq abidəsi mehmanxana kimi istifadə olunur.
Səfər proqramına uyğun olaraq Qobustan və Hacıqabul məktəbliləri daha sonra XIX əsrə aid Şəki Cümə məscidinə baş çəkdilər, Fazıl kəndində yerləşən qədim yaşayış məskəni - Təpəbaşı nekropolunu və Kiş kəndindəki qədim alban məbədini ziyarət etdilər.
Şəkinin tarixi məkanları
ilə tanışlıq tur-aksiya
iştirakçılarında zəngin təəssürat
yaratdı.
Azərbaycan. - 2014.- 14 avqust.- S. 7.