Bu tur-aksiya məktəblilərin
dünyagörüşünü
formalaşdıracaq
Hacıqabul rayonunun təhsil işçiləri və valideynlər "Ölkəmizi tanıyaq" tur-aksiyası Hacıqabul-İsmayıllı-Qəbələ-Şəki marşrutunun iştirakçılarını yola salmaq üçün rayon mərkəzindəki meydana toplaşmışdılar.
Qrupun rəhbəri Bəxtiyar Ələkbərov AzərTAc-a müsahibəsində dedi: "İlk dəfə dövlət səviyyəsində keçirilən tur-aksiyanın iştirakçıları-Hacıqabul rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən və onların müəllimlərindən ibarət qrup bu gün bölgəyə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları İsmayıllı, Qəbələ və Şəkinin tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq".
Hacıqabul şəhər 1 nömrəli tam orta məktəbin direktoru Cəmilə Ağamalıyeva: "Tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı əldə edəcəklər. Bu diqqət və qayğıya görə Azərbaycan Prezidentinə "Çox sağ olun!" deyirik".
Turun digər iştirakçıları, dərs əlaçıları,
məktəblilərin ətraf mühitin
mühafizəsi beynəlxalq Olimpiadasının bürünc mükafatçıları
-Hacıqabul şəhərindəki 1 nömrəli tam orta məktəbin X sinif şagirdləri Fikrət və Səkinə
Teymurovlar da sevinclərini
bölüşdülər.
Fikrət Teymurov: "Tur-aksiyada bacımla birlikdə iştirak edirəm. Aksiyanın proqramı ilə tanış olmuşam. Dörd gün ərzində Şəki, Qəbələ və İsmayıllı rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacağıq. Azərbaycanın dilbər guşələrinə səyahət etmək mənim çoxdakı arzum idi".
Fikrətin bacısı Səkinə Teymurova da turun təşkilindən razılığını bildirərək dedi: "Azərbaycanın tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq hamımızın ürəyincədir. Məktəblilər üçün bu imkanı yaradan dövlət başçısına minnətdarlığımızı bildiririk.
Çox keçmədən
tur-aksiyanın iştirakçılarının əyləşdikləri
avtobus İsmayıllı-Qəbələ-Şəki
istiqamətində yola düşdü.
Azərbaycan. - 2014.- 14 avqust.- S. 7.