Avropanın ən məhsuldar südlük keçiləri Qarabağdadır

 

Əksər ölkələrdə keçiçilik heyvandarlığın ən unudulmuş sahələrindən sayılır. Heyvandarlıqla məşğul olduğum 58 ildə qəzet və jurnallarda keçiçiliklə bağlı hər hansı bir yazının getdiyini və ya hər hansı bir kitabçanın nəşr olunduğunu xatırlamıram. Odur ki, bu mövzuda söhbət açmağı vacib saydıq.

Keçi qiymətli ev heyvanıdır. Vaxtilə almanlar  onu "kasıbların inəyi" adlandırırdılar. Fransızlar keçilərin "kasıbların inəyi" adlandırılmasının əleyhinə çıxaraq onun "zəif və xəstə adamların inəyi" adlandırılmasını daha düzgün hesab edirdilər. Sonralar Almaniyada keçiləri "proletar inəyi" adlandırmağa başladılar. Çünki Birinci Dünya müharibəsində və sonrakı ağır illərdə bir çox fəhlə ailələri yalnız keçinin hesabına aclıqdan xilas oldu.

SSRİ-də keçi saxlayanları almanlar yaxşı başa düşürdülər. İlk vaxtlar Rusiyada zaanen keçilərini başqa cür adlandırırdılar - "Stalin inəkləri". Çünki inqilabdan sonrakı ərzaq böhranında, həmçinin Böyük Vətən müharibəsindən sonrakı aclıq illərində kəndlilərin həyatında keçilərin rolu hamıya yaxşı məlum idi. O dövrdə inək saxlamaq mümkün deyildi.

Bütün dövrlərdə yoxsulların yeganə "var-dövləti" olan keçilərə, digər ev heyvanlarından fərqli olaraq, xüsusi qayğı göstərilməyib. Heç kəs onların yaxşılaşdırılması barədə düşünmürdü, keçi sahiblərinin vəsaiti və bacarığı yox idi, keçilərin ifrat dərəcədə istismar olunması, pis saxlanması və uzun illər qohumluqda yetişdirilməsi nəticəsində cinsə məxsus keyfiyyətlər müəyyən qədər itirilmişdi. Almanlar isə əksinə, qaramalla yanaşı, keçilərin də böyük gəlir verdiyini nəzərə alaraq, alman inadkarlığı ilə geniş miqyasda onların yetişdirilməsinə və yaxşılaşdırılmasına girişdilər və böyük nailiyyətlər qazandılar.

Azərbaycanda ən çox keçi 1945-ci ildə olmuşdur. O vaxt ölkədə 733,4 min baş keçi var idi. Keçilər qoyun sürüsünün 21,1 faizini təşkil edirdi. Böyük Vətən müharibəsi illərində hamının inək saxlamağa imkanı yox idi. Kişilər və cavan oğlanlar müharibəyə getmişdi. Yaxşı inək tapmaq, satın almaq, onun üçün yem tədarük etmək çətin məsələ idi.

1965-ci ildən başlayaraq 1993-cü ilədək respublikada keçilərin sayı azalmağa başladı. 1993-cü ildə bütün kateqoriya təsərrüfatlarda 168,1 min baş keçi var idi.

Sonrakı dövrdə Kənd Təsərrüfatı Nazirliyi, alimlər və mütəxəssislər keçiçiliyin intensiv inkişaf etdirilməsi vəzifəsini  qarşıya qoydular. Respublikada ixtisaslaşmış keçiçilik təsərrüfatları yaradılmağa başlandı. Sahibkarlar keçiçiliyin inkişafına diqqət və qayğını artırdılar. Nəticədə keçilərin baş sayı get-gedə artmağa başladı. 2014-cü ilin yanvar ayının 1-nə respublikada 651,1 min baş keçi vardı. Ancaq əsasən az məhsuldar yerli keçilər saxlanılır. Buna baxmayaraq, keçən il respublikada 10-11 min ton keçi südü istehsal olunmuşdur.

Dədə-babalarımız keçiləri qoyun sürüsünün bələdçisi adlandırmışlar. Keçilər qabağa düşməklə qoyun sürüsünü ən təhlükəli dağ yolları, sıldırım qayalar və daşlı cığırlarla otlaqlara çatdırır, sürünü kütləvi qırğından xilas edirlər. Alimlər keçinin dırnağında maqnetizm xüsusiyyətlərinin olmasını qeyd edirlər. Bunun hesabına keçilər qoyunlarda qorxmazlıq hissi yaradır, davarları qorxusuz-ürküsüz öz arxalarınca aparırlar.

Azərbaycanda uzun illərdir ki, yerli keçilər üzərində damazlıq-seleksiya işləri aparılmır. Əvvələr olduğu kimi, indi də yerli keçilərin ət və süd məhsuldarlığı çox aşağıdır. Onlar gündə 1-2 litr süd verir ki, bu qədər süd kasıb və aztəminatlı ailələrin tələbatını qismən ödəyir.

Keçi saxlamaq kəndli üçün çox əlverişlidir. Keçilər tələbkar olmayan, yüksək qulluq tələb etməyən, ucuz qiymətə satılan heyvanlardır. Onu saxlamaq çox zəhmət tələb etmir. İnəklərin saxlanması çətin olan yerlərdə keçiləri saxlamaq mümkündür. Keçilərə hətta yeniyetmələr də baxa bilirlər. Onlar ot, ağaç və kol bitkiləri ilə kifayətlənir, həm də olduqca təmiz heyvandır.

Keçi südündə inək, camış və qoyun südünə nisbətən su çox olur - 87,2 faiz, quru maddə isə az - 12,8 faizdir. 4,5 faiz yağ, 2,8 faiz kazein, 0,7 faiz qlobulin və albumin, 4,2 faiz süd şəkəri, 0,8 faiz mineral duzlar mövcuddur. 1 kq keçi südündə 722 kkal var. Süddə kalsiumun, qlobulin və albuminin çox olması keçi pendirini ağappaq göstərir.

2012-ci ildə sabiq kənd təsərrüfatı naziri, hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini işləyən İsmət Abasovla Hollandiyada (Niderlandda) rəsmi səfərdə olarkən iri keçiçilik təsərrüfatı ilə tanış olduq. Keçilərin görünüşü, məhsuldarlığı, saxlanma şəraiti bizi valeh etdi. O, qəti surətdə tapşırıq verdi ki, bu keçilərin ən azı 2000 başı damazlıq məqsədilə Azərbaycana gətirilməlidir.

Ağcabədi rayonunun Ağabəyli kəndində heyvandarlığa böyük maraq göstərən, rayon heyvandarlar cəmiyyətinin sədri, tanınmış ziyalı Mülhazil Balakişiyev böyük həvəslə bu işə girişdi. "Aqrolizinq" ASC idarə heyətinin sədri Əli Bayramov dövriyyə vəsaiti hesabına Hollandiyadan zaanen və alp keçilərinin damazlıq məqsədilə Azərbaycana gətirilməsinə şərait yaratdı.

Mülhazil Balakişiyev 2013-cü ilin iyun ayında fəal işə başladı. 6 ay müddətində hər birində 600 baş keçi yerləşən iki ədəd müasir tipli iri tövlə tikildi. Keçiçilik kompleksində süd sağımı və süd emalı sexləri, doğum şöbəsi, yem anbarı da tikildi. Hazırda çəpişlər və təkələr üçün ayrıca pəyələrin tikintisinə başlanılmışdır. Beləliklə, təsərrüfatda 6000 başlıq pəyə olacaqdır.

 İlk dəfə olaraq Azərbaycana keçən il oktyabrın 2-də 670 baş keçi gətirilmişdir. Onun 330 başı zaanen, 340 başı isə alp keçiləridir.

Kompleksin ərazisi 11 hektardır. Burada hazırda 3750 baş keçi saxlanılır. Onun 2645 başı ana keçi, 1000 başı çəpiş, qalanı isə təkələrdir.

Zaanen keçiləri.  Bu keçilərin vətəni İsveçrədir. Orada bu cinsdən olan keçilər zaanental da adlanır. Heyvanlar, əsasən, Simmental və Zaanental vadilərində yetişdirilir. Bu cinsin fərqləndirici əlamətləri aşağıdakılardır:

- başı buynuzsuzdur, mütənasibdir, İsveçrənin başqa tip keçilərinə nisbətən qısadır;

- alnı və üzü enlidir;

- döşü enli və həcmlidir;

- yelini böyük və güclü inkişaf etmişdir;

- qıçları bərk və şaquli vəziyyətdədir, dırnaqları möhkəm olur;

- cidav hündürlüyü 76-89 sm, diri çəkisi 57-90 kq-dır. Bu cins İsveçrə keçiləri arasında ən irisidir.

Zaanen keçiləri vadilərdə yaşamağa üstünlük verir, çox möhkəm bədəni ilə fərqlənir, dağ şəraitinə də dözür və özünü yaxşı hiss edir. Gündə 4,5-6,15 litr süd verir və bu məhsuldarlıq 5 ay davam edir. Yaşlı keçilər gündə təxminən 3 litr süd verir. Bütün laktasiya dövründə  keçilərdən 615-779 litr süd alınır. Laktasiya müddətində 75-80 vedrə, hətta 100 vedrə (1000 litr) süd vefən keçilər çoxdur.

Zaanen keçiləri tezyetişkəndir, ilin axırında çəpişlərin inkişafı başa çatır.

Alp keçiləri. Vətəni İsveçrədir. Əsasən Alp dağlarında yetişdirilir. Bu cinsdən olan keçilərin bədəni palıd (kofe) rəngində olur və vəhşi keçiləri xatırladır. Lakin bütün beli boyu tünd rəngli kəmər uzanır. Üzü, qulaqlarının kənarları, döşü və çiyinləri, dizləri, burun aynaları, buynuz və dırnaqları da tünd palıd rəngindədir. Bu keçilər XIX əsrdən başlayaraq İtaliyaya və Fransaya aparılmış və bu ölkələrdə də çox sayda geniş inkişaf tapmışdır.

Alp keçiləri ətlik-südlük istiqamətlidir. Pəyə şəraitində alp keçilərinin süd məhsuldarlığı zaanen keçilərindən çox az fərqlənir. Lakin kökəlməyə meyillidir və zaanen keçilərinə nisbətən çox ət verir. Onlar daha çox əhliləşdirilmişdir, əmrə tabe olmağı sevir, adam görən kimi  yaxınlaşır, nəvazişlik nümayiş etdirir.

Hazırda kompleksdə 1131 baş keçi sağılır. Gündə 2 tondan çox süd istehsal olunur. Südün hamısı "Atena" Süd Emalı Kombinatına göndərilir. Zaanen keçiləri ildə orta hesabla 700-800 kq, alp keçiləri isə 650-700 kq süd verir. Bir çox keçilərin məhsuldarlığı 1000-1200 kq-dır. Zaanen keçiləri gündə orta hesabla 4-6 litr, alp keçiləri isə 4-5 kq süd verir.

Müəssisədə 82225 nömrəli "Çempion" ləqəbli zaanen cinsindən olan keçi gündə 6,4 kq, ildə isə 1400-1500 kq süd verir. Bu keçi nəzarət altında yemləndirilir və ona xüsusu qulluq göstərilir.

Alp keçilərinin südü yağlı olur, süddə yağ 3,8 faizdir. Zaanen keçilərində isə yaglılıq 3,6-3,7 faizə çatır. Keçi südü bir qədər qatı olmaqla, asanlıqla köpüklənir, rənglidir, bəzən sarı rəngə çalır.

Zaanen və alp keçiləri cütləşməyə buraxılmadan 1,5-2 il süd vermək qabiliyyətinə malikdir. Keçilər süd sexində gündə 3 dəfə aqreqatlarla sağılır. Hər bir keçinin verdiyi süd kompüterdə əks olunur.

Orta hesabla diri çəkisi 35 kq olan keçilər ən adi şəraitdə ildə 350-360 kq süd verir ki, bu da onların diri çəkisindən 10 dəfə artıqdır. Halbuki inəyin verdiyi süd diri çəkisindən 5-6 dəfə artıq olur.

Keçilərin təsərrüfatda 10 il saxlanılmasına baxmayaraq, onların ən yüksək süd məhsuldarlığı 3-4 yaşlarında olur.

Keçi südü inək südünə nisbətən yüngül və dadlıdır. Keçi inəyə nisbətən sağlam olur. Keçi otlayarkən və ya ot yeyərkən ehtiyatlı olur, yemə tələbkarlıqla yanaşır, necə deyərlər, yaxşını yamandan seçməyi bacarır, otlayarkən qida maddələri ilə zəngin bitkiləri tapıb yeyir. Keçilər otlaqda hər yemi yemir. Onlar daşların arasında bitən kobud otların zərif gövdələrini, rast gəldikləri kolların incə yarpaqlarını yeyir, ota isə az diqqət yetirir. Mineral gübrələr səpilmiş tarlalardan tez keçir, belə sahələrin otlarına dəymir. İnək ayaqaltı yemlərin hamısını, hətta həzm olunmayan maddələri də yeyir.

Keçi südü ana südünə çox yaxındır. Ona görə də südü az olan qadınlar öz körpələrinə keçi südü verirlər. 2007-2008-ci illərdə Bakı şəhərindəki Krupskaya adına doğum evinə gündə 10 kq keçi südü göndərilirdi.

Keçi südündə yağ və albuminin miqdarı inək südünə nisbətən çox olur. Keçi südündə yağ kürəcikləri inək südünə nisbətən kiçikdir. Ona görə də yaxşı mənimsənilən emulsiya əmələ gəlir və ana südünü yaxşı əvəz edir.

Hazırda Qərbi Avropada və Amerikada keçi südündən istifadə edən körpələr evi vardır. Vaxtilə Sankt-Petreburqda da belə körpələr evi olmuşdur. Fransada tərbiyə evlərində keçilər saxlanılır ki, burada körpələr keçilərin altında yemləndirilir, onlar keçini özləri əmirlər.

Ağcabədi rayonunda keçi südünün 1 litri 2 manata, inək südü isə 1 manata satılır. Bakı şəhərindəki  "Tahir" marketdə keçi südünün litri 6 manata satılır.

Kompleksin süd emalı sexində baytar-sanitariya qaydalarına ciddi əməl olunur. İşçilərin hər biri iş paltarı ilə təmin olunur. Emal sexində 4 növ pendir istehsal olunur: motal pendiri, duzlu dəymiş pendir, təzə pendir, qəlib pendiri. 5-6 kq keçi südündən 1 kq təzə pendir istehsal olunduğu halda, 1 kq pendirin alınmasına 7-8 kq inək südü sərf olunur. Pendirin kiloqramı növündən asılı olaraq 15-20 manata satılır.

Keçilərin südündən pendirdən başqa müxtəlif məhsullar da emal olunur. Cənubi Qafqazda belə hesab edirlər ki, inəkdən yaxşı yağ, qoyundan pendir, camış və keçidən isə yaxşı qatıq alınır. Yüksək keyfiyyətli keçi qatığı qatı, sıx, hamar olur. Qaşıqla kəsilərkən qatıqdan zərdab ayrılmır. Qatığın əsas üstünlüyü odur ki, ondan müalicəvi məqsədlə istifadə olunur.

Keçi əti barədə xüsusilə qeyd etmək lazımdır. Keçi əti çox ləzizdir, dadlı, piyi az olur. Ətin tərkibində xolestirin, demək olar ki, yoxdur. Hər keçi orta hesabla 25-30 kq ət verir. Həkimlər bir çox xəstəliklərdə, xüsusilə şəkər xəstəliyində keçi ətindən istifadə olunmasını tövsiyə edirlər.

Keçinin həzm orqanları inəyinkindən xeyli fərqlənir. Keçilərdə bağırsaqların qeyri-adi uzunluğu diqqəti cəlb edir, bədənin uzunluğu ilə müqayisədə 27 dəfə çoxdur. Mədəaltı vəz həddindən çox inkişaf etmişdir.

Kompleksdə keçilərin yemləndirilməsinə diqqətlə yanaşılır və yem rasionunun tərkibi südün keyfiyyətindən və miqdarından asılı olaraq dəyişdirilir. 1 baş keçiyə 2,5 kq yonca, 0,5 kq balanslaşdırılmış qarışıq yem, 0,3 kq arpa yarması, 5-6 qram duz verilir.

Keçilərə saxlayıcı yem kimi ot və küləş, məhsuldar yem kimi qarışıq yem və kökümeyvəli verilir.

Keçilər streslərə çox həssasdır. Stres keçirən kimi südü azalır, ciddi narahatçılıq başlayır, mələyir, normadan çox gəzir və s. Stresin qarşısını almaq üçün hər bir keçiyə yay aylarında gündə 5 qram soda verilir. Keçilərlə mehriban, oxşayıcı, nəvazişli, mülayim, sakit, yumşaq rəftar edilməlidir. Onlarla kobud və pis rəftar etdikdə, pəyədə hündürdən danışdıqda, xüsusilə onların yeri dar olduqda keçilər tərs, şıltaq və kobud olurlar. Keçilərə baxmağa heyvana məhəbbəti olan adamlar cəlb olunmalıdır.

Kompleksdə hər 100 baş zaanen və alp keçilərindən ən azı 150-170 baş bala alınır. İntensiv yemləmə şəraitində ildə 2 dəfə bala almaq da mümkündür. Bunun üçün noyabr-dekabr  may-iyun aylarında cütləşmə kampaniyası aparılır. Keçilərdə həvəs 24-36 saat çəkir. Hər 18-25-30 gündən bir həvəs yaranır. Doğuşu yaxınlaşan keçilər doğum şöbəsinə köçürülürlər. Doğum şöbəsində küləşdən qalın döşənək vardır. Şöbənin havası quru olmaqla nəmliyə və rütubətə yol verilmir. Pəyədə peyinin toplanması nəticəsində rütubətin əmələ gəlməsi doğuşa hazırlaşan keçilərə mənfi təsir göstərir.

Keçilər çox vaxt çətin doğurlar. Ona görə də dar və ya çanağı pis inkişaf edən keçilər çıxdaş edilməlidir.

Kompleksdə hər 3 keçidən biri ekiz doğur. Bu il 881 baş keçi ekiz bala verib. Çəpiş tək halda doğulanda çəkisi 1-1,2 kq olur. Ekiz doğulan çəpişlərin çəkisi isə 750-800 qram olur.

Keçilər 5 aydan bir bala verirlər. Kompleksdə çəpişlərə xüsusi xidmət göstərilir. Əgər analar öz balalarını yalamırlarsa, çəpişlər doğulan kimi quru küləşlə və ya əski ilə silinib qurudulur. Onun üstünə az duz və kəpək səpilir. Bundan sonra analar öz çəpişlərini yalayır və onları qəbul edirlər. Çəpişlər tezliklə ayağa durub, analarının məmələrini axtarır və əmirlər.

Kompleksdə təbii cütləşmədən istifadə olunur. Süni mayalama tətbiq edilmir. Lakin qabaqcıl ölkələrin təcrübələrindən istifadə edərək burada süni mayalanmanın tətbiqi vacibdir.

Yaxın gələcəkdə burada keçilərin sayı 6000 başa çatdırılacaqdır. Keçilər dözümlü və möhkəm heyvan olduqları üçün ölüm halları təsadüfdən-təsadüfə baş verir.

Azərbaycanda indinin özündə də keçi lazımsız heyvan sayılır. Bu onunla əlaqədar idi ki, yerli keçilər çox az süd verirlər. Həm də artıq belə bir fikir formalaşmışdır ki, yay aylarında onun ətindən spesifik qoxu gəldiyi üçün yeməyə yararlı deyil, ondan yalnız qış aylarında istifadə etmək olar.

Düzdür, natəmiz saxlanılan keçilərin südünün dadı çox da xoşagəlməyən ola bilər. Yaxşı havalandırılmayan yerlərdə, çirkli döşənək olduqda, ağacların yarpaqları, çuğundur yarpağı və ya iynəyarpaqlı ağacların və kolların tumurcuqları ilə yemləndikdə keçilərin ət və südündən xoşagəlməyən iy və dad hiss olunur.

Keçi ətindən spesifik qoxunun və iyinin gəlməməsi üçün keçiçilik kompleksində aşağıdakı tədbirlər həyata keçirilir:

- keçilər ən azı 5-6 metr hündürlüyündə, yaxşı havalanan pəyələrdə bəslənilir;

- hər pəyədə 500-600-dən çox keçi saxlanılmır;

- keçilər seyrək formada saxlandığından sərbəst gəzə bilirlər;

- keçilərin altına küləşdən və taxta kəpəyindən ibarət qalın döşənək səpilir. Belə döşənək rütubəti özünə yaxşı çəkə bilir;

- döşənək hər 10 gündən bir dəyişdirilir;

- keçilər və çəpişlər qaşovla təmizlənir;

- sərin havalarda keçilər pəyələrin qarşısındakı 4 tərəfi açıq talvarlara çıxarılır.

Yaxşı yemləmə və qulluqdan əlavə keçinin süd məhsuldarlığına hava şəraiti də təsir göstərir. Keçilər quru və isti havanı xoşlayır, rütübətli və soyuq havaya çətin dözürlər. Tutqun hava gözlənildikdə keçilərin iştahları azalır. İsveçrədə belə bir məsəl var: keçi pis yeyirsə, görünür sabah havalar pis olacaqdır.

Kompleksdə döşənəyin qalın olmasına ciddi diqqət yetirilir. Əks halda keçi yem axurunda olan keyfiyyətli otu ayaqları ilə çəkib yerə tökür və qiymətli yemdən döşənək kimi istifadə edir.

Keçilər adətən quru torpaq üstdə yatmağı sevir və ayaqları ilə döşənəyi dağıdırlar. Ağac kəpəyindən olan döşənək çox qiymətlidir, rütubəti özünə çəkir və eyni zamanda qiymətli peyin alınır. Yayda döşənək kimi qumdan istifadə olunması tövsiyə olunur. Ayda 2 dəfə pəyə diqqətlə təmizlənilir.

Düzgün yemləmə və lazım olan xidmətləri həyata keçirdikdə keçilər təsadüfi hallarda xəstələnirlər. Digər ev heyvanları ilə müqayisədə keçilərin az xəstələnməsinə baxmayaraq, onlar çətin müalicə olunurlar. Keçilərin xəstəlikləri vaxtında aşkar edilməli və müalicəyə tezliklə başlanılmalıdır.

Yaşlı və çox süd verən keçilərdə sümüklərin yumşalması (osteomalyasiya) tez-tez baş verir. Belə olan hallarda keçilər zəif yeriyir, yerindən qalxa bilmir, arıqlayır və s. Bu xəstəlik zamanı fiziki təsir olmadan xüsusilə qabırğalar və taz sümüyü sınır. Belə xəstəlikdə keçilərə kalsiumla zəngin olan dənli paxlalılar, vələmir, yonca otu, jımıx, noxud və paxlalıların küləşi yedizdirilməli, yem payına sümük unu, tabaşır əlavə olunmalıdır.

Xəstəliklərin müalicəsi başı-başına buraxıldıqda və ya uzandıqda, arıqlamağa imkan verilmədən keçilər kəsilib, ətindən istifadə olunmalıdır.

Keçilər vərəm xəstəliyinə tutulmurlar. İnəklərin isə 14,6 faizi bu xəstəliyə düçar olur. Ona görə də keçi südünü qaynatmadan içmək olar.

Son aylarda respublikanın regionlarında keçiyə münasibət dəyişmişdir. "BMS-Aqro" MMC tərəfindən respublikaya keçi gətirildikdən sonra yüzlərlə sahibkar, fərdi, ailə-kəndli və ev təsərrüfatlarının başçıları keçi almaq istədiklərini bildirirlər.

Bu istək təsadüfi yaranmamışdır. Yuxarıda qeyd olunduğu kimi, inək almaq, onun yemini tapmaq, inək südünü satmaq hər ailə üçün elə də asan iş deyildir. Xüsusilə aztəminatlı ailələr üçün keçi saxlamaq çox sərfəlidir. Çünki keçilər xəstəliyə az tutulur, yemə az tələbkardır, xüsusilə qayğı və xidmətə ehtiyac duymur.

Yeri gəlmişkən qeyd olunmalıdır ki, keçilər xüsusilə bruselyoz xəstəliyinə çox həssasdır. Fransada keçiləri bruselyozun "anası" adlandırırlar. Odur ki, keçilərdən vaxtaşırı qan alıb bruselyoza qarşı yoxlanması, təsərrüfatda sağlamlaşdırma tədbirlərinin aparılması bu xəstəliyin kökünü kəsə bilər.

İndi kənd və qəsəbələrdə ən hörmətli və əziz qonaqlara çəpiş kəsilər. Keçi ətinə tələbat xeyli artmışdır.

Hazırda "BMS-Aqro" MMC-də keçi südündən hazırlanan motal pendirinə bazarlarda növbə yaranır, belə pendir və süd almaq istəyənlərin sayı get-gedə çoxalır.

Azərbaycanın yerli keçiləri az məhsuldar olmaqla, diri çəkiləri 30-35 kq-dan artıq olmur. Süd məhsuldarlığı çox aşağıdır, ildə 100-150 kq süd verirlər.

Zaanen və alp keçilərindən istifadə etməklə yerli keçilərdə damazlıq seleksiya işləri aparıb, onların cins tərkibini yaxşılaşdırmaq olar. "BMS-Aqro" MMC-nin keçiçilik təsərrüfatı bu sahədə baza müəssisəsi ola bilər.

Ən yaxşı damazlıq analar ekiz doğulan dişi çəpişlərdən alınır. Lakin 2-dən çox alınan balalardan yetişdirilən keçiləri damazlıq kimi istifadə etmək tövsiyə olunmur. Çünki onların çox kiçik balaları olur və böyüyəndə də keçilər cinsin standartlarına cavab vermirlər. Gələn ildən başlayaraq keçilərin 8-10 aylıqda 32 kq-a çatdırıldıqdan və mayalandıqdan sonra damazlıq heyvan kimi ailə-kəndli, ev və fərdi təsərrüfatlara satılması planlaşdırılır.

Kompleksdə damazlıq keçiçiliyin daha da inkişaf etdirilməsi üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir.

Keçiçilik kompleksinin bir hektar da olsun torpağı yoxdur. Bütün yemlər çox baha qiymətə satın alınır. Ağcabədinin qış otlaqlarından kompleksə 400 hektar torpaq sahəsinin ayrılması imkanlarına baxılmalıdır. Bu torpaqlarda silosluq qarğıdalı, dənlik arpa, yonca və raps əkilməlidir. Hər keçiyə 3,2 sentner yem vahidi istehsal olunmalıdır. Hər ana keçiyə 500 kq hesabı ilə silos basdırılması təklif olunur.

Respublikada keçiçiliyin daha da inkişaf etdirilməsi geniş təbliğ olunmalıdır. Kompleksdə satılan keçilərin bir başının qiyməti 400 manatdan artıq olmamalıdır. Elə şərait yaratmaq lazımdır ki, hər bir aztəminatlı ailə keçi almaq imkanına malik olsun. Lakin indi təklif olunan 800 manata bir baş inək almaq mümkündür.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 1994-cü il tarixli fərmanının tələblərinə uyğun olaraq Bakı şəhərində keçi südünün, pendirinin və ətinin satılması üçün "fermer mağazası"nın yaradılması qayğısına qalmalıdır ki, adamların bu məhsulları əldə  etmək imkanları olsun.

Respublika Səhiyyə Nazirliyi doğum evlərinin tələbatını öyrənib, körpələr üçün keçi südü sifariş verməsi məsələsinə baxmalıdır.

Keçiçilik çox gəlirli təsərrüfat sahəsidir. Heç şübhə yoxdur ki, bu yeni sahənin daha da inkişaf etdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət proqramını həyata keçirəcəkdir.

Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu, Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti zaanen və alp keçilərindən istifadə etməklə yeni Azərbaycan keçi cinsinin yaradılması üzərində geniş işə başlamalıdırlar.

 

Çingiz FƏRƏCOV,

Azərbaycan Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi, heyvandarlıq, damazlıq işi, otlaqlar və yemçilik üzrə ekspert

 

Azərbaycan. - 2014.- 13 avqust.- S. 5.