Dövlət qayğısı Zaqatalanı müasirləşdirir

 

Ölkədə həyata keçirilən irimiqyaslı layihələr, dövlət proqramları Zaqatala rayonunun da inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: "Qəbul edilmiş ən gözəl qərar əgər yerlərdə icra olunmursa, onun heç bir əhəmiyyəti yoxdur. Ona görə də ictimai nəzarət güclü olmalıdır, yerli icra hakimiyyəti orqanları səmərəli işləməli, insanların qayğıları ilə yaşamalı, kömək etməli, yaratmalı, abadlıq-quruculuq işləri aparmalıdır. Bir sözlə, bizim müasir tələblərimizə uyğun şəkildə işləməlidir".

Zaqatala RİH aparatı da fəaliyyətini məhz dövlət başçısının tövsiyə etdiyi prinsiplərə uyğun qurmağa çalışır. Rayon icra hakimiyyətinə daxil olan müraciətlərdə bir çox vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, ölkədə, eləcə də Zaqatalada həyata keçirilən möhtəşəm quruculuq işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında (2014-2018-ci illər) Zaqatala ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına uğurla başlanılıb. Bu ilin ötən müddəti ərzində bütün sahələr üzrə göstəricilər yüksəlib, 941-i daimi olmaqla 1000-ə yaxın yeni yeri açılıbdır. Aldığımız məlumata görə, ilin ilk yarısı ərzində rayonda bütün maliyyə mənbələri hesabına 13,4 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb.

Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün yeni binanın tikintisi başa çatdırılıb. Rayon maliyyə idarəsi və rayon məhkəməsi üçün yeni inzibati binaların, Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının, Zaqatala şəhərində Dövlət Yanğından Mühafizə Xidmətinin rayon şöbəsinin depo binasının, Əliabad qəsəbəsində və Çobankol kəndində  yanğından mühafizə bölmələri üçün  yeni binaların inşaat işləri davam edir.  Mərkəzi rayon xəstəxanasının reanimasiya və cərrahiyyə şöbələri üçün liftin tikintisinə başlanılıb. Qandax kəndində isə Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə yeni tibb məntəqəsi inşa edilərək istifadəyə verilib.

Tikinti işləri sırasında təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsini də qeyd etmək lazımdır. Rayonun Yuxarı Tala kənd 2 nömrəli tam orta məktəbin yerində 450 şagirdlik yeni bina tikilir.

2012-ci ilin may ayında baş vermiş güclü zəlzələlər nəticəsində binaları qəzalı vəziyyətə düşmüş məktəblər üçün yeniləri inşa edilib. Bu baxımdan Aşağı Tala 3 nömrəli 600 şagirdlik və Yuxarı Tala 4 nömrəli 360 şagirdlik, Kürdəmir kənd 50 yerlik məktəb binalarının istifadəyə verilməsini qeyd edə bilərik. Bunlar son görülən işlər sırasındadır.

2014-cü il başlayandan rayonda məktəbəqədər təhsil müəssisələrinin tikintisi və təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş körpələr evi-uşaq bağçalarının bərpa-gücləndirilməsi və tikintisi üçün ayrılmış dövlət vəsaiti hesabına Aşağı Tala kənd 1 nömrəli, Əliabad qəsəbə 4 nömrəli və Muxax kənd körpələr evi-uşaq bağçalarında bərpa-gücləndirmə işləri aparılıb. Müəssisələr yeni texnoloji avadanlıqlarla təchiz edilib. Hazırda isə Zaqatala şəhər 2 nömrəli uşaq bağçasının yerində 50, Lahıc və Danaçı kəndlərinin hər birində 40, Faldarlı kəndində 20 yerlik uşaq bağçalarının tikintisində son tamamlama işləri görülür. Şəhər 6 nömrəli və Muğanlı kənd körpələr evi-uşaq bağçalarının bərpa-gücləndirilməsi başa çatmaq üzrədir. Bağçaların həyətlərində abadlıq işləri də davam etdirilir.    

Əliabad qəsəbəsindəki 1 nömrəli uşaq bağçası isə təmirdən sonra yeni avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Zaqatala şəhərinin şimal-qərb yaşayış massivində yeni 100 yerlik uşaq bağçasının tikintisinə, həmçinin Azərbaycan prospektində qeyri-yaşayış sahələrinin yenidənqurma işləri görülməklə yeni 100 yerlik uşaq bağçası kimi uyğunlaşdırılmasına başlanılıb.

Rayonda ümumi sahəsi 8682 kvadratmetr olan 57 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, hündürmərtəbəli yaşayış binalarının tikintisi davam edir.

Zaqatala şəhərində binaların, evlərin fasadları, dam örtükləri təmir edilir, dəyişdirilir, küçələrə, səkilərə asfalt döşənir, bardür qoyulur, yeni işıq dirəkləri basdırılır, yaşıllıq zolaqları salınır.

Azərbaycan Prezidentinin 19  fevral 2013-cü il tarixli "Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamına əsasən, ayrılmış vəsait hesabına 16 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunda təmir-tikinti işləri davam edir. Bu ilin əvvəlindən 7 kilometr olmaqla, indiyədək ümumilikdə 21 km uzunluğunda asfalt örtük çəkilib.

Zaqatala şəhərinin küçələrinə 1 km, Qımır-Çobankol və Zilban kəndi istiqamətindəki avtomobil yollarına 1,5 km asfalt döşənib.

"Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi" layihəsi çərçivəsində gündəlik məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi artıq başa çatdırılıb. Hazırda sazlama, yaşayış evlərinə yeni xətlərin qoşulması və sayğacların aktivləşdirilməsi işləri görülür. 6 mindən artıq abonent yeni istifadəyə verilmiş şəbəkədən içməli su alır.

Rayon sakinlərinin elektrik enerjisi və təbii qaz təminatı ilə əlaqədar da gərəkli tədbirlər həyata keçirilir.

Ümumilikdə isə Zaqatala dövlətin yüksək qayğısı sayəsində sosial-iqtisadi inkişaf tempini artıraraq daha müasir bölgəyə çevrilir.

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2014.- 13 avqust.- S. 6.