Tovuz rayonu
sürətlə inkişaf edir
Respublikanın regionlarının inkişafı daim dövlətin diqqət mərkəzindədir. Bunda sahibkarlıq fəaliyyətinin böyük rolu var. Təkcə cari ilin 6 ayı ərzində Tovuz rayonunda Sahibkarlığa Kömək Milli Fondundan 30 layihə üzrə 535 min manat, digər banklardan isə 6407 nəfər fiziki şəxsə 12,2 milyon kredit verilmişdir. Həmin vəsaitin yarıdan çoxu kənd təsərrüfatının inkişafı üçün ayrılmışdır.
Bəllidir ki, dövlət fermerləri torpaq vergisindən başqa bütün vergilərdən azad edib, onlara müntəzəm surətdə subsidyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq və s. verilir. Yollar çəkilir, meliorasiya layihələri icra edilir. Bütün bunlar, şübhəsiz ki, sahibkarlığın inkişafına güclü təkan verir.
Tovuz rayonundakı Düz Qırıxlı kəndinin timsalında bunu aydın görmək olur. Böyük kənddir, 7 minə qədər əhalisi var. Kənd sakinləri əsasən bitkiçilik və maldarlıqla məşğul olurlar. Dövlətin sistemli surətdə göstərdiyi dəstəyə arxalanaraq burada aqrar sahənin yeni bir istiqaməti inkişaf edir: son vaxtlarda sahibkarlar istixanalarda faraş tərəvəzin yetişdirilməsinə xüsusi üstünlük verirlər.
...Geniş bir sahədə cərgələrdən ibarət üstüörtülü istixana təsərrüfatı fəaliyyət göstərir. Elə ona bitişik yerdə genişləndirmə işləri gedir. Torpaq üzərində planlaşdırma aparılıb, dayaqlar qurulub, qaz və su sistemi sahmana salınıb. Havalar sərinləşən kimi üstü örtüləcək. Bu, fermer Bəxtiyar Nağıyevin sahəsidir. Bir vaxt kənddə müxtəlif təsərrüfat işləri ilə məşğul olurdu. Arada bir iş dalınca kənara getmək fikrinə düşür. Elə ki, ölkə üzrə kreditlər verilməyə başlanıldı, Bəxtiyar Nağıyev qolunu çirmayıb irəli keçdi. Qohum-qaranı, tanış-bilişi başına yığdı. Dövlətdən kredit alıb, istilik təsərrüfatının əsasını qoydu. İlkin məhsul götürüldükcə borclar ödənildi. Əldə edilən gəlir hesabına genişləndirmə işlərinə başlanıldı. İndi Bəxtiyar Nağıyev Düz Qırıxlı kəndində adlı-sanlı fermerlərdən sayılır.
Kənd icra nümayəndəsinin müavini Etibar Cəfərovla birlikdə sahələri gəzir, yerlərdə görülən işlərlə tanış olur, fermerlərlə söhbət edirik. E.Cəfərov deyir ki, məhz dövlətin qayğısı və köməyi sayəsində Yalçın Hümbətov, Elman Abbasov, Kamran Qocayev kimi təcrübəli iş adamları yetişib. Sahibkarların əli ilə kənddə 20 hektara yaxın istilik təsərrüfatı yaradılıb. Burada növbəli əkin sistemindən istifadə olunur. İldə iki dəfə məhsul götürülür. Əvvəl pomidor əkilir, sonra xiyar yetişdirilir. Alıcı da qapının ağzında hazırdır! Maşını ilə gəlib. İlboyu məhsul yığıldıqca yaxın-uzaq bazarlara yola salınır.
"Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" dövlət başçısı İlham Əliyevin sərəncamından sonra məhsulun istehlakçılara çatdırılması üçün daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış özəl "fermer mağazaları" və "yaşıl marketlər" yaradılması üçün hazırlıq işləri görülür.
Qazanc, gəlir çoxaldıqca bu yerlərdə abadlıq-quruculuq işlərinə xüsusi diqqət yetirilir. Yol-iz sahmana salınır. Sosial obyektlər təmir olunur. Yeni yaraşıqlı evlər tikilir. Ən əsası budur ki, bir vaxtlar iş dalınca yaxın-uzaq ellərə gedənlər qayıdır, özlərinə yurd-yuva qururlar.
Yalçın Hümbətovun sahəsini gəzərkən Qüdrət Alıyevlə tanış olduq. Bir neçə ildir ki, burada çalışır. Özünə yaraşıqlı ev tikib. Dedilər ki, oğlu Rövşən ordu sıralarından qayıdıb. Şadyanalıqdır, geniş süfrə açılıb. Axşam hamını qonaqlığa dəvət edir.
Ölkənin hər yerində olduğu kimi, Tovuz rayonunda da dövlətin qayğısı və köməyi ilə sahibkarlığa geniş meydan açılıb. Burada əsasən kartof, taxıl, tərəvəz, günəbaxan, qarğıdalı və s. yetişdirilir. İl ərzində sahələrdən 200 min tona yaxın kartof yığılır. Taxılçılar 31,5 sentner məhsul götürüblər. Faraş tərəvəz ilboyu süfrələri bəzəyir. Fərəhli cəhətlərdən biri də budur ki, vaxtilə qədrini bilmədiyimiz ənənəvi üzümçülük sahəsi sistemli surətdə bərpa olunur.
Tovuz rayonu hər sahədə sürətlə inkişaf edir. Hər yerdə istehsal emal müəssisələri yaradılır. Qəsəbə və kəndləri bürüyən abadlıq-quruculuq işləri də göz oxşayır. Sahibkarlar deyirlər ki, bütün bunlar regionların inkişafına göstərilən tükənməz qayğı və köməyin bəhrəsidir.
Əhməd
İSAYEV
Azərbaycan. - 2014.- 13 avqust.- S. 6.