Lerik turizm diyarıdır

 

Lənkəran-Lerik yolu ilə maşınımız yuxarı - dağlara sarı qalxdıqca bağlı-bağatlı həyətlər, abad evlər arxada qalır. Bir azdan bizi zümrüd meşələr qoynuna alır. Qollu-budaqlı dəmirağaclara, qamətli palıdlara və onlara nisbətən incəliyi ilə seçilən vələslərə tamaşa etməkdən doymursan.

Orta əsrlərdən yadigar qalan Baba Rəhman, Babagil, İmam türbələri bu yolun üstündədir. Hər gün bu müqəddəs abidələrin ziyarətinə neçə-neçə adam gəlir,  ağaclar altında xalça-palaz sərib dincəlirlər.

Piran kəndindən başlayaraq turizm mərkəzləri sıralanır:  "Çənlibel", "Təbəssüm", "Meşəbəyi", "Ağgöl", "Qala", "Həyat", "Relax", "Cənub", "Dağ çayı"... Bu istirahət ocaqları son on ildə tikilib. İlin bütün fəsillərində qapıları turistlərin üzünə açıqdır.

"Təbəssüm" Lerikdəki istirahət mərkəzlərinin ilkidir. Buradakı rahat kotteclər bir gün belə boş qalmır. Nümunəvi xidmət, yerli materiallardan hazırlanmış istirahət yerləri, bumbuz bulaqlar, şəlalələr qonaqların ürəyincədir. Telefonla qəbul edilən sifarişlər turistlərin arxayın gəlməsini təmin edir, vaxt itkilərinin qarşısını alır. "Təbəssüm" də müştərilərini təbəssümlə qarşılayıb, yola salır.

"Meşəbəyi" bu bölgədə böyük istirahət mərkəzlərindən biridir. Təbiətin füsunkar, gözoxşayan, ürəkaçan guşəsindədir. İkimərtəbəli evlərdə və kotteclərdə 100-120 nəfər qəbul edilir.  Burada otaqlar və məişət obyektləri müasir avadanlıqlarla təchiz olunub. Sakit guşələrin birində oturub quşların səsinə, suların şırıltısına, yarpaqların pıçıltısına qulaq asmaqdan doymursan.

Mərkəzin direktoru Hidayət Babayev deyir ki, bura gələn turistlər çayda balıq tutur, at belində meşələrdən keçən  marşrutlarla dağlara qalxıb mavi  Xəzəri, abad dağ  kəndlərini seyr edir, dərman bitkiləri toplayırlar. Axşam onları münasib qiymətə bölgə mətbəxinin dadlı  yeməkləri, musiqi və rəqs, çayxanada ağsaqqalların söhbətləri gözləyir. İstirahətə gələnlərin sağlamlığının qorunması diqqətdən yayınmayır. Onlar istədikləri vaxtda həkim məntəqəsində tibb işçilərinə müraciət edib məsləhət alırlar.

Yolun 33-cü kilometrliyində "Relax" istirahət mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə səfəri zamanı açılıb. Meşələr qoynunda şəhərciyi xatırladır. "Relax" ölkəmizin sərhədlərindən uzaqlarda da tanınır. Əcnəbi turistlər buraya üz tutur,  bölgənin zəngin fauna və florası ilə tanış olur, uzunömürlülərin həyat tərzi ilə maraqlanır, onların söhbətlərini dinləyir, xalqımızın adət-ənənələri barədə məlumat alırlar.

Şəhərcikdə rahat kottec tipli evlər, 2-3 otaqlı lüks apartamentlər turistlərin ixtiyarındadır. Evlərin həyətyanı torpaq sahəsi güllü-çiçəklidir. Otaqlarda kabel televiziyası quraşdırılmış, telefon qoyulmuşdur. Şərq üslubunda küləfirəngiyə xalçacecim döşənmiş, kömürlə qaynayan samovarlar qoyulmuşdur.

Uşaqlar da unudulmayıb. Uşaq meydançasında yelləncəklər, avtoqatar, hovuz, fırlanğıclar, velosipedlər onların ixtiyarına verilmişdir. Kiçik göllərdə qayıq sürməyi öyrədirlər.  Onlar valideynləri ilə rahat maşında Lerik şəhərinə gedib tarix-diyarşünaslıq və "Uzunömürlülər" muzeyinin eksponatları ilə tanış olur, söhbətlərini dinləyir, ağsaqqalların həyatı barədə qısametrajlı filmlərə baxırlar.

"Relax"da  350 nəfərlik restoranda hazırlanan milli yeməklər, Lerikdə yetişən meyvələr, bulaqların mineral suları turistlərin çox xoşuna gəlir.

Mərkəzin baş inzibatçısı Elvin Babayev deyir ki, istirahət və turizm mərkəzinin sahəsi böyük olduğundan qonaqları əyləncə yerlərinə,  səhər və nahar yeməyinə xüsusi maşınlar aparıb-gətirir. Dincələnlərin vaxtı boş keçmir. Yolasalma mərasimi onlarda xoş təəssürat yaradır.

Builki turist mövsümündə "Relax"ın Zuvand filialı fəaliyyətə başlayıb. İlk olaraq 7 kottec istifadəyə verilib. Zuvandın füsunkar təbiəti burada dincələnləri məftun edir. At belində dağlara qalxıb qədim insan məskənləri BüzeyirZuvandçay mağaraları ilə tanış olur, Sahal dağından saçlı Savalanı seyr edirlər. Axşamüstü göldə qayıqlarda gəzib dincəlirlər. Nümunəvi məişət və rabitə xidməti turistlərin ürəyincədir. Maraqlı tədbirlər onlarda xoş ovqat yaradır.

Bulaqların üstündə, bağlarda neçə-neçə çadır qurulub. Hələ şəhərdəki məişət şəraitindən heçgeri qalmayan kəndli evlərində kirayə ilə dincələnləri demirəm. Dünyanın 11 iqlim tipinin 8-nin bu yerdə olması Zuvandı turist məkanına çevirmişdir.

Keçən il Lerik - Kəlvəz asfalt yolunun istifadəyə verilməsi bu diyara gediş-gəlişi asanlaşdırıb. Yolun açılışı ilə "Doqquz qardaş" istirahət mərkəzinin istifadəyə verilməsi bir vaxta düşüb. Yeni mərkəzdə qiymətlərin ucuz, hər kottecdə mətbəxin olması turistlər üçün sərfəlidir. Gəzintilər zamanı nəqliyyatın pulsuz olmasını da buna əlavə etmək lazımdır.

Lerik ölkəmizdə artıq turizm diyarı kimi tanınır. Azərbaycan Prezident İlham Əliyevin sərəncamı ilə tikilməkdə olan Noda-Xanagah yolunun istifadəyə verilməsi turizm mərkəzlərini ikiqat artıracaq, yeni yerləri açılacaq.

 

Həmzə VƏLİMƏMMƏDOV

 

Azərbaycan. - 2014.- 13 avqust.- S. 6.