Qusardakı tarixi abidələrlə tanışlıq TovuzAğstafa məktəblilərində böyük maraq oyatdı

 

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində respublikanın şimal bölgəsinə gələn Tovuz və Ağstafa məktəblilərindən ibarət qruplar avqustun 11-də Qusar rayonunun görməli yerləri ilə tanış oldular.

AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksində oldular.

Məktəblilərə turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Azərbaycan tarixində ilk dağ-xizək kurortu olanŞahdağ” Qış-Yay Turizm İstirahət Kompleksinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. “ŞahdağMilli Parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradıb. Bu turizm kompleksi artıq dünyada tanınmağa başlayıb və bura müxtəlif ölkələrdən minlərlə əcnəbi turistlər gəlir.

Daha sonra məktəblilər kompleksin yay istirahəti üçün nəzərdə tutulan xidmətlərindən yararlandılar.

Günün ikinci yarısında tur-aksiyanın iştirakçıları Qusar Tarix-Diyarşünaslıq Muzeyi, rəsm qalereyası ilə yaxından tanış oldular.

Qusardakı Heydər Əliyev Mərkəzində məktəblilərə Ulu Öndərin zəngin irsi və fəaliyyətini əks etdirən fotoşəkillərə böyük maraqla baxdılar. Tur-aksiyanın iştirakçılarına ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmlənməsi eləcə də insanlarımızın daim firavan yaşaması üçün həyata keçirdiyi əvəzsiz tədbirlər haqqında geniş məlumat verildi.

Məktəblilər yüksək ərazidə yerləşən Bayraq Meydanından Qusar şəhərini seyr etdikdən sonra Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə yaxından tanış oldular. Tur-aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, bu türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd Şah İsmayıl Xətainin babası olub. O, XV əsrdə Şirvana etdiyi hərbi yürüş zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.

Məktəblilər tarixi abidə haqqında məlumatları maraqla dinləyib, abidənin fotoşəkillərini çəkdilər.

TovuzAğstafa məktəblilərindən ibarət qrup avqustun 12-də Quba rayonun görməli yerlərinə səfər edəcək.

 

Azərbaycan. - 2014.- 13 avqust.- S. 7.