Tur-aksiyanın iştirakçıları
qədim Şəkidə
Dövlətimizin
başçısının tapşırıq və
tövsiyəsi ilə avqustun əvvəlində
başlanılan, gənc nəslin vətənpərvərlik
tərbiyəsinə böyük təsir göstərən
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında
iştirak edən Qobustan və Hacıqabul rayonlarının məktəbliləri
respublikamızın şimal-qərb bölgəsinə səfər
proqramına uyğun olaraq avqustun 11-də axşam
saatlarında qədim Şəki diyarına gəldilər.
AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçılarını Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında şəhər icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri səmimiyyətlə qarşıladılar.
Bir gün əvvəl başlanan səfər çərçivəsində artıq İsmayıllı və Qəbələ rayonlarının qədim tarixi məkanları, görməli yerləri ilə yaxından tanış olmaq imkanı əldə edən məktəblilər çox şən görünürdülər. Hiss olunurdu ki, onlar bu səyahətdən olduqca məmnundurlar.
Məktəblilərə ipəkçilik diyarı kimi tanınan qədim Şəkinin tarixi, mədəniyyəti, memarlıq abidələri barədə qısa məlumat verildi. Diqqətə çatdırıldı ki, 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur.
Tur-aksiyanın bütün iştirakçılarına son illərdə Şəkinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olundu.
Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qrup rəhbərləri bu layihənin məktəblilərin dünyagörüşlərinin daha da zənginləşməsinə, ölkə gənclərinin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfə olduğunu diqqətə çatdırdılar.
Olimpiya İdman
Kompleksinin otel və
kotteclərində yerləşən məktəblilər avqustun 12-də Şəkinin qədim tarixi məkanlarına ekskursiya
edəcək, muzeylərə baş
çəkəcək, şəhərin görməli yerləri
ilə tanış olacaqlar.
Azərbaycan. - 2014.- 13 avqust.- S. 7.