Unudulmaz Nəbi Xəzri

 

"İnsanın yaratdığı aləmin özü ən gözəl poeziyadır" (Belinski). Gözəl bir şeiri oxuyanda mən həmişə o kəlamı xatırlayıram. Əlbəttə, insanın yaratdığı o gözəl poeziyanı hər şair öz dilində, öz ləhcəsində səsləndirir.

Bu meyarla, bu düşüncə ilə baxanda Nəbi Xəzrinin  Azərbaycan poeziyasında tutduğu yer, şairlik mərtəbəsi çox aydın görünür. Onun poeziyası haqqında nət, münacat səviyyəsində tərif deyənlər az olmayıb, yaxud N.Xəzrini bir şair kimi gizlində bəyənməyənlər, qəbul etməyənlər də var. Görəsən, o şıdırğı təriflər N.Xəzri şeirinə nə verib?! Axı bu yazıların əksəriyyəti (əlbəttə, bəzilərini istisna edirik) N.Xəzrinin şeir dünyasını incələməkdən, açıqlamaqdan çox-çox uzaqdır.

Kim deyirsə yaxşı şeiri, zərif şeiri birnəfəsə oxuyarlar, - inanmıram. Ən gözəl şeirlər, məncə, misra-misra, səni düşündürə-düşündürə, yandıra-yandıra oxunur, sən o şeirin içində, o misraların axarında öz hisslərini, duyğularını görə bilirsənsə, azca dayanmalısan, susmalısan. Mənim yaddaşımda öncə 60-cı illərin Nəbi Xəzrisi canlanır.

Dəniz-Göy-Məhəbbət şairi.. Əsrə, zəmanəyə, dünyaya Məhəbbət pəncərəsindən boylanan bir şair. O pəncərədən 60-cı illərin təzadlı, son dərəcə dramatik, indi bizim üçün  xatirəyə çevrilən mənzərələri  apaydın görünürdü. Amma Nəbi Xəzri şeiri  soyuq müharibənin yelləri əsdiyi, bəşəriyyətin bir Domokl qılıncından asılı qaldığı, ekologiya nizamının pozulmağa başladığı o illərdə ən ali hissi - məhəbbəti tərənnüm etdi.

 

Dənizi verdim ki, sənə hədiyyə,

Gəldiyin sahilə gələsən bir də.

Məni görməyəndə, o, mənəm deyə,

Mənimlə danışıb, güləsən bir də.

Düşündüm ayrılıq gələndən bəri

Sən mənim eşqimə çıraq olasan.

Onunçün verdinmi mənə göyləri,

Mənə göylər qədər uzaq olasan?!

 

Zərif duyğular, incə hisslər, aylı, günəşli, ulduzlu düşüncələr, sevgililəri  öz sahilinə səsləyən mavi dəniz, üstündə mavi səma, bir sözlə, nə varsa mavi. Rəngarəng hisslər, duyğular dünyasında poeziyanın mavi rəngi. Doxsanıncı illərin bu rəngləri qatışıq, bulaşıq səmasından altmışıncı illərin  poeziya səmasına boylananda  o mavi rəngi apaydın görə bilirsən. Bu, məhəbbətin-işığın-dənizin rəngi idi, ünvanı Nəbi Xəzri şeiriydi.

Lakin gəlin xatirələrə dalmayaq. İndi  yeni əsrdir. Görəsən, bu illər ərzində o  mavi poeziyanın işığı tükənibmi? Bu otuz ilin  ictimai-siyasi-mənəvi-ruhi burulğanlarından necə keçib Nəbi Xəzri poeziyası? Axı bu illər çox-çox qələm əhlini dəyişən zamanın ruhuna köklədi. İctimai-siyasi iqlim  dəyişdikcə şairlər də dəyişdilər - unuduldu ki, şairliyin ən ali mərtəbəsi zamanın axarınca getmək yox, bəlkə Zamandan ucada durmaqdadır.

 

O məni ucaldıb qanadlarında,

Uçmuşam cahanın göy qatlarında.

Torpaqdan toxumtək şeirim bitsə də,

Qatlaşıb neçə yol qəbrə mənimlə.

 

Hər yerə mənimlə qoşa getsə də,

Fəqət getməyəcək qəbrə mənimlə.

Qalacaq bir əsrin yaddaşı kimi,

Duracaq mənimçün başdaşı kimi.

 

Vaxtilə ustad tənqidçi Məmməd Arif "Ucalıq, genişlik.."  adlı məqaləsində bu sözləri yazmışdı: "Nəbi Xəzrinin öz poetik aləmi, məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o özü yaratmışdır və ona sadiqdir.

Bu poetik aləm çox zəngin mənəvi aləmin -ideyalar, fikirlər, hisslər aləminin gözəl bir inikas formasıdır.

Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə  ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik.

Nəbi şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, baharın, qarın, çiçəklərin təmizliyini, insan qəlbinin, sevgisinin, insana inamın gözəlliyini gətirmişdir".

Məqsədim ustadın hansı bir mülahizəsinə əlavə etmək deyil, sadəcə onu bildirməkdir ki, üstündən neçə illər keçməsinə baxmayaraq, o ucalıq, o genişlik, o təmizlik və o gözəllik N.Xəzri poeziyasını  tərk etməmişdir. Təsadüfən "Ədəbiyyat qəzeti"nin 1993-cü il  nüsxələrini vərəqləyirdim. N.Xəzrinin həmin ilin iyulunda yazılmış kiçik bir şeiri diqqətimi cəlb etdi:

 

Zaman əsəbləri çəkib tarıma,

Qanın sıza-sıza dərd səni udur,

Gülənin yanında sən gəl oturma,

Sən gəl ağlayanın yanında otur.

 

Nəbi Xəzrinin  şeirləri də mənə məhz bu ovqatı aşıladı. Ancaq şeirdəki "ağlayan"  sözünü  mən heç də ağlayan, sıtqayan, inildəyən, ovuc-ovuc göz yaşları tökən bir fərd kimi səciyyələndirmək istəməzdim. Onsuz da son illərdə  şeirimizdə inildəyən, sıtqayan misraların sayı çoxdur. N.Xəzri şeirində bu sözün çalarları rəngarəngdir və onların hamısı "müqəddəs kədər" ifadəsi üstündə köklənir. Dəniz, Göy, Məhəbbət şairi - Zamanı, Əsri məhəbbət duyğularında səsləndirən N.Xəzri bu dəfə birbaşa zamanla üzbəüz qalır.

    

Zaman titrədikcə öz məhvərindən,

Keçdim dərd yükünü mən çəkə-çəkə.

Qədim əsrlərin üfüqlərindən

Gəlib çatmamışam bu əsrə bəlkə?

 

Geriyə dönürmü hər il də, an da,

Ürək sabah üçün intizarmıdır?

Dünya başdan-başa bazar olanda

Şairin yaşamaq haqqı varmıdır?

 

Aha, mənim üçün - Nəbi Xəzri şeirlərini müntəzəm izləyən bir oxucu-tənqidçi üçün gözləmədiyim bir söz: BAZAR. Son illərdə az qala mənəvi dünyamıza da hakim kəsilən, bəzən ən zərif, ən incə hissləri belə  özününküləşdirən və hətta özəlləşdirən bu mənhus və "doğma" söz şairlərin leksikonuna çox asanlıqla yol tapdı. Və yol tapmağıyla da sanki ən zərif, kəpənək qanadları kimi incə çox-çox sözləri xırpaladı, əzdi, seyrəltdi.

Bir daha qayıdıram ötən əsrin 60-cı illərinin mavi poeziyasına:

 

Mən gərək

Nəğmətək səni dinləyəm,

Sən mənim eşqimlə, ürəyimləsən.

Göylərtək yuxuma gəlmək istəsən,

Sən aylı-ulduzlu göylər kimi gəl.

 

Bəs indi?

Qocalan sifətdir, yoxsa ürəkdir?

Ani şimşək kimi çaxmaq da gecdir!

Cavanlıq geriyə dönməyəcəkdir,

Büllur güzgülərə baxmaq da gecdir!

Məhəbbət əzizdir, sevda müqəddəs,

Duyğular oyatmaq ürəkdə gecdir!

Artıq sevilməkdən söz düşə bilməz,

Daha yer üzündə sevmək də gecdir!

İnsanlar insandan var-dövlət umur,

Sənə var-dövlət də qazanmaq gecdir,

Şeirə, sənətə də cahan göz yumur,

Şeirlə sərvət də qazanmaq gecdir!

 

Bu misralar bax yaşadığımız dövrün, zamanın əhval-ruhiyyəsidir. "Ax, səni zəmanə!", "Qəhr olsun dünyanın milyonlar üstündə vücuda gələn səadəti" (C.Cabbarlı). Ey səni lənətə gəlmiş bazar!

Mənim bu ironik səslənən  iddialarımın  konkret halda nə Nəbi Xəzriyə, nə də eyni əhval-ruhiyyəni şeirdən-şeirə, kitabdan-kitaba yaşadan digər milli şairlərimizə aidiyyəti olmalıdır.

Mənim fikrimcə, N.Xəzri poeziyası ən narahat, bəlkə də ən qəmli bir mərhələsini yaşadı o illərdə. Fikrimi əsaslandırmaq üçün yenə V.Belinskiyə üz tuturam: "Zahiri şərtlərin sərtliyinə heç bir şey  ürək qədər tabe deyildir və heç bir şey ürək qədər tam azadlıq tələb etmir. Hətta sevginin səadəti zahiri şərtlərlə uzlaşmış olarsa, onun qiyməti nə ola bilər? Bu, qızıl qəfəsdə bülbülün və ya torağayın oxumasına bənzər... Quş azadlıq sevir, ehtiras həyatın poeziyası və çiçəyidir; ürək azad olmasa, ehtiras nə ehtiras ola bilər?"

Bəli, nə qədər ağır da olsa, etiraf olunmalıdır: əsrin sonu  əsrin şairləri üçün gözlənilən azadlığı bəxş etmədi. Şair üçün azadlıq geniş məfhumdur, bir fərdin müstəqilliyindən tutmuş vətənin-məmləkətin suverenliyinə qədər genişdir... N.Xəzrinin narahat şair dünyasında bir millətin, bir xalqın dərdləri, ağrıları hissolunacaq dərəcədə diqqətini çəkir. Bunlar bir şairin dərdi olmaqdan daha çox Ağlın, İdrakın, Ziyalılığın faciəsidir. Yəni yaşadığımız bu gerçəkliyin, bu həyatın üzdə görünən, amma bəzən mahiyyətinə varmadığımız, varsaq da dəf edə bilmədiyimiz problemləri bu faciələri doğurur. Doğrusu, indi məni qəti heyrətə gətirmir neçə şairimizin şeirlərində baş-başa verən ictimai hüzn, ələm..

 

Ay Allah, biz neçə illərə vardıq,

Eşitsin səsimi mənim dünyalar.

Dünən biz şəhərlər, kəndlər satırdıq,

Bu günsə satırıq evlər, binalar.

 

Dünən tər tökürdük, zəhmət çəkirdik,

Duyan könüllərə söz yaza-yaza.

Dünən saraylardan tarix tikirdik,

Tarix də satırıq göy əskinasa.

 

Dünən və bu gün! Bəlkə zahirən rahat dünənimizə həsrətdən doğan nostalgiyadır bu?

Yox! Bu, günün həqiqətidir...EŞair ürəyi kövrəkdir, incədir və əgər Zaman bu ürəklə baş-başa vermirsə, deməli, dünya dəyişib, əbədi-əzəli meyarlar itib. N.Xəzrinin  yazdığı şeirlər bizi İnsanla Zaman arasındakı əzəli harmoniyaya səsləyir.

Nəbi Xəzri vətənpərvər şair idi. Dünyanın harasında olursa, Azərbaycanı, Bakını, Qarabağı, Xəzəri yad edirdi. Doxsanıncı illərdə onun poeziyasında qəzəbli notlar da göründü. O, Qarabağın işğal olunmuş ərazilərinin mənfur düşmən tapdağı olmasına dözə bilmirdi və həmin illərdə Qarabağa aid ən ağrılı şeirlərin bir çoxunu da o yazdı. "Çəkin Qarabağdan qara əlləri".

Bu yazıda mən xalq şairinin yalnız poeziyasından söz açdım. SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları lauratı Nəbi Xəzri çoxcəhətli yaradıcılığa malik idi. O, gözəl pyeslərin, nəsr əsərlərinin, publisistik məqalələrin, bir sıra ədəbi-tənqidi yazıların da müəllifi idi. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yaxşı tanınırdı. Keçmiş SSRİ məkanında Azərbaycan ədəbiyyatını layiqincə təmsil edirdi. Həmişə yüksək vəzifələrdə olmuşdu (Azərbaycan Yazıçılar İttifaqının katibi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə  Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti rəyasət heyətinin sədri və s.).  Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuşdu. Müstəqillik dövründə "Şöhrət" ordeninə layiq görülmüşdü.

Bu il Nəbi Xəzrinin 90 illiyi tamam olur. O indi haqq dünyasındadır. Onun sənəti indi də insanlara mənəvi dəstəkdir, əvəzsiz zövq mənbəyidir. Əsl poeziya heç zaman solmur, şair ölür, amma bu, fiziki ölümdür. O, bizim poeziya yaddaşımızda yaşayır...

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

 

Azərbaycan. - 2014.- 10 avqust.- S. 6.