Həmişə səninlə olan bayram

 

Yaxud "Sevənlər günü" nə vaxtdır?

 

Bəzən belə yersiz mübahisənin şahidi olursan. Biri sevgidən danışır, digəri söyləyir ki, sevgi deyilən şey yoxdur.

Necə yəni yoxdur? Əksinə, sevgisiz həyatın özü yox olar! Vətən, Ana, Torpaq sevgisi andımız-amalımızdır. Gülə-çiçəyə, günəşə-aya, açılan sabahlara sevgi, yaşayıb-yaratmaq, tikib-qurmaq eşqi... Bunlarsız yaşamaq mümkündürmü? Qaldı ki qadınla kişinin bir-birinə sevgisinə, bunsuz həyatın mənası, davamı olmaz axı! Onların sevgisi iki səsdən yaranmış bir akkorddur ki, bunsuz bütün dünya ölü sükuta qərq olardı.

Dünyanın bir çox yerlərində sevənlər, əsasən, gənc oğlan və qızlar hər il fevralın 14-də Müqəddəs Valentinin adı ilə bağlı Segililər gününü qeyd edirlər. Hərçənd sevgi elə qiymətli hiss-duyğudur ki, təkcə bir gün deyil, böyük yazıçı Ernest Heminqueyin ifadəsi ilə desək, "həmişə səninlə olan bayram"dır...

Müqəddəs Valentin gününü Azərbaycanda da qeyd edənlər var. Beş-on il bundan əvvəl bir sıra gənclər bu günü daha canfəşanlıqla keçirirdilər. Sonralar həmin tarixin Azərbaycana heç bir dəxli olmadığını anladıqlarındanmı, yoxsa bunun milli qürura toxunduğundanmı ondan imtina etmək qərarına gəldilər.

Cəmiyyət arasında belə yekdil fikrə dəstək verildi və qərara alındı ki, Sevgililər günü hər il iyunun 30-da qeyd olunsun. 30 iyun 1989-cu il zəmanəmizin bənzərsiz məhəbbət əfsanəsinin qəhrəmanları - 1990-cı ilin 20 Yanvar faciəsində düşmən qarşısına əliyalın çıxıb şəhidlik zirvəsinə yüksələn İlham Allahverdiyevin və özünü sevgisinə qurban verən Fərizənin toyunun çalındığı tarixdir.

Bununla belə, Azərbaycanda, əsasən də Bakıda hər il fevralın 14-də Valentini yada salaraq  öz sevgilərini, bir-birini sevdiyini nümayiş etdirən cavanlar yenə var. Əslində, onların arasında çox az gənc tapılar ki, Valentinin kim olduğunu, onunla bağlı  bayramın necə yarandığını bilsin.

Mənbələrin birində deyilir ki, Roma papası məhəbbət yolunda canını qurban vermiş Valentini hələ 496-cı ildə müqəddəslər sırasına daxil etmiş və hər il fevralın 14-də Sevgililər gününün keçirilməsi barədə sərəncam vermişdir.

Valentinlə bağlı rəvayətlər qədimdən mövcuddur. Xüsusilə orta əsrlərdə Fransada və İngiltərədə onun haqqında çoxlu rəvayət yayılmışdı. Onların birində, məsələn, "Qızıl əfsanə"də deyilir ki, qədim dövrlərdə qəddar və zəhmli Roma imperatoru II Klavdiy subay, ailə qayğısından azad, tənha kişilərin döyüş meydanında hökmdar uğrunda daha cəsarətlə vuruşacağını fikirləşib. Ona görə də kişilərə evlənməyi, qızlara və qadınlara isə sevdikləri insana ərə getməyi qadağan edib. Bu dövrdə yaşayan Valentin adi bir səhra həkimi və keşiş olub. O, bir-birini sevən qızların və oğlanların halına acıyaraq hamıdan xəlvət gecələr onlara kəbin kəsib. Lakin Valentinin fəaliyyəti tezliklə hakimiyyətə məlum olub və ona ölüm hökmü oxunub. Hələ həbsxanada yatdığı zaman Valentin nəzarətçinin gözəl qızı Yuliya ilə tanış olub. Sevgi əzablarına mübtəla olmuş keşiş ölümündən əvvəl həmin qıza məktub yazaraq öz məhəbbətini etiraf edib və sonda "sənin Valentinin" imzasını qoyub.

Valentinin ölüm hökmü 269-cu il fevralın 14-də yerinə yetirilib. Odur ki, məktubu tapılıb oxunanda o, artıq həyatda yox idi...

Belə rəvayətlər çoxdur və onların heç biri öz tarixi təsdiqini tapmayıb.

İlham-Fərizə sevgisi isə həqiqətdir. Tariximizin çox faciəli bir günündə özünü bəyan etmiş canlı bir hadisədir. Bu acı olay yalnız Azərbaycan oğluna və qızına məxsus zəngin mənəviyyatdan doğan pak duyğulardan, incə hisslərdən yoğrulmuş bir məhəbbətin təsdiqidir.

Onların hissləri hər cür səs-küydən, özünü nümayiş etdirmək istəyindən uzaq bir sevgi idi. Fərizə İlhamın bacılarının rəfiqəsi olmuşdu. Rəfiqələr bir-birinin evinə gedib-gəlmişdilər. İlham qızların bu dostluğuna kölgə salmamaq üçün qəlbində baş qaldıran hissləri gizlincə saxlamışdı. Yalnız evlənmək məqamı çatanda onun üçün qohum-qonşuda qız gözaltılamağa çalışan ana-bacısının narahatlığına son qoymuş və özünün çoxdankı istəyini də ikicə kəlmə ilə dilə gətirmişdi: "Qız elə evin içindədir, siz də onu kənarda axtarırsınız".

İlhamın elçilərinə son cavabı vermək üçün Fərizənin valideynləri qızın fikrini soruşmuşdular. Başını aşağı salıb dinməmişdi. Deməli, o da el adəti ilə, qanun-qayda ilə ailə qurmaq məsələsi ortaya atılana qədər hisslərini qəlbindəcə bəsləmişdi...

Bu abır-həya, bu ismət nənə-babalarımızdan yadigardır. Nə xoş ki, bu əvəzsiz ərməğan nəsildən-nəslə ötürülərək yaşayır.

Deyilən fikirlərə söykək olan bir neçə digər olay: Şamaxının istirahət mərkəzlərinin birində dincələn ahıl cütlük qollu-budaqlı bir ağacın altında dayanıb mehriban-mehriban söhbət edirdi. Birdən qoca əyilib otların arasından boy qaldıran çobanyastığı gülünü üzüb saçlı xanımına bağışladı. O isə gülümsəyərək gülü qoxlayıb örpəyinin altında gizlətdi.

Qəflətən onları bir dəstə uşaq, yeniyetmə dövrəyə aldı. Demə, böyük ailənin üzvləri burada birlikdə istirahət edirmişlər. İndi nəvələr nənə ilə babanın birgə şəklini çəkmək istəyirdilər. Əlində fotoaparat olan oğlan - nəvələrin ən böyüyü nənəyə tapşırdı ki, babanın qolundan tutsun. Qocaların ikisinin də üzünə qızartı çökdü. Oğul-uşaq yanında abır-həya gözləyib sadəcə yanaşı dayandılar. Amma nənənin əlindəki çobanyastığı şəklə düşmüşdü...

İlhamın comərdliyi də, Fərizənin vəfası da, onların bir-birinə olan bağlılığı, sevgisi də Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən, zəngin daxili dünyasından, adət-ənənəsindən, mentalitetindən qaynaqlanırdı. Fərizə bu sevgiyə öz həyatını qurban verdi və bu, təkcə onun özünün məhəbbətinin ifadəsi deyildi. Həm də onu sevənin böyük sevgisinə cavab idi.

Doğrudur, dinimizə görə, intihar etmək bağışlanmaz günahdır. Amma biz Fərizənin ölümünə başqa rakursdan yanaşırıq və yanaşmalıyıq. Fərizənin intiharı ilk növbədə torpağımıza bəd niyyətlə qədəm basan, əliyalın əhalinin üstünə zəhmli, ölüm saçan silahla yeriyən, xalqımızın azadlıq arzulu oğullarını, günahsız körpə və qocalarını qanına qəltan edən, o cümlədən onun da sevimli yarını əlindən alan qüvvələrə qarşı bir üsyan və etiraz idi. Bir də bu, Azərbaycan qadınının əhd-peymana sədaqəti idi (sevdiyinə "Ölsəm torpağınam, qalsam səninəm" deyən Azərbaycan qadınının).

Keçmiş iş yoldaşımız, mərhum şair Eldar Nəsib sağlığında bu qeydlərin müəllifinin qadın əməyi, qadınların məşğulluq problemi haqqında yazısını qəzet səhifəsində oxuduqdan sonra fikirlərini söylədi. Söhbətin mövzusunun çevrəsi bir qədər də genişlənərək təkcə qadın əməyinə deyil, ümumiyyətlə, Azərbaycan qızlarının saflığına, vəfasına, geniş qəlbinə, bir sözlə, yüksək mənəviyyatına aid oldu. Onda Eldar şair Hüseyn Arifin rus şairi Konstantin Simonovun məşhur "Gözlə məni" şeirinin tərcüməsi ətrafında gedən müzakirə və mübahisələr zamanı söylədiyi fikri xatırladı. Hüseyn müəllim o vaxt deyib ki, mən (yəni Azərbaycan kişisi - F.S.) Azərbaycan qadınına "gözlə məni" deyə bilmərəm. Əgər sevirsə, özü mütləq gözləyəcək. Bu halda ona "gözlə məni" demək artıq sözdür".

Bəli, Azərbaycan qadını ilə sədaqət, vəfa barədə danışmırlar. Onun öz əhd-peymanına sədaqəti bir aksiomdur. "Mənə sədaqətli ol" demək onu təhqir etməkdir.

Azərbaycan oğlunun da sevgiyə baxışı fərqlidir. O, sevdiyi xanımın üzündə, bir bayatıda deyildiyi kimi, hətta yad bir baxışın olmasını belə qəbul etmir:

 

Əzizim, baxtı yarım,

Baxtımın taxtı yarım,

Üzündə göz izi var,

Sənə kim baxdı, yarım?

 

Azərbaycan oğlu üçün sevdiyi qadın təkcə sevgili deyil, eyni zamanda onun dostu, həmdəmi, evinin, ömrünün yaraşığı, namus-qeyrətinin tacidarıdır.

Bu yerdə sözləri əsgərliyə gedən cavan oğlanın dilindən deyilən, vaxtilə çox populyar olan, indi də hərdən Moskva efirlərində səslənən bir rus mahnısını xatırlayıram. Oğlan ordu sıralarına yola düşərkən sevdiyi qıza "iki qış və iki bahar sən başqa oğlanlarla kinoya getmə" deyə tapşırır, bəlkə də xahiş edir.

Gülməlidir, amma əlbəttə ki, bizim mənəviyyatımız, bizim nöqteyi-nəzərimizdən baxıb düşünəndə. Biz heç bir xalqın oğlunun, qızının sevgisinə, sədaqətinə kölgə salmaq fikrində deyilik. Amma sadəcə demək istəyirik ki, bizdə sevgiyə, məhəbbətə baxış fərqlidir. O, çox qiymətli bir duyğu kimi ürəkdə bəslənir, insanı yaşadır, ucaldır. Nəbi Xəzri demişkən:

 

Bizdədir  dünyanın sevinci, qəmi,

Bəs niyə susuruq görüşəndə biz?

Böyük məhəbbət də böyük çay kimi

Axar ürəklərdən səssiz-səmirsiz.

 

Bir sevgi iki nəfər üçündür, başqalarına nümayiş etdirilmək üçün yox! Bu duyğularla yaşadığın hər an, hər gün bayramdır, təkcə Sevgililər günü yox. Sevənlər bir-birinə öz məhəbbət və istəklərini hər gün əməlləri, diqqət və qayğıları ilə haysız-küysüz, sakitcə sübut etməlidirlər.

Ayrıca Sevgililər gününün olmasına gəldikdə isə, biz onu niyə Valentinin adı ilə rəsmiləşdirməliyik? Özümüzün Leylimizə və Məcnunumuza, Fərhadımıza və Şirinimizə nə gəlib?! Qəribin Sənəmini, Koroğlunun Nigarını, Nəbinin Həcərini niyə unuduruq? Nəhayət, İlham-Fərizə sevgisi Sevgililər gününün (bəlkə onu elə Sevənlər günü adlandıraq?!) loqosu olmaq üçün alternativsiz variantdır.

Yeri gəlmişkən xatırladaq ki, Roma Katolik Kilsəsi hələ 1969-cu ildə Valentinin adını müqəddəslər sırasından silmiş və onun haqqında heç bir dəqiq tarixi məlumat olmadığı üçün xatirəsinə həsr edilən bayramı da ləğv etmişdir. Sevgililər bayramı üçün başqa gün seçilmişdir.

2008-ci ildə isə Rusiya Federasiyası Şurası hər il iyulun 8-də məhəbbət və ailə səadəti günü keçirilməsi barədə təşəbbüsü bəyənmişdir. Çünki bu tarix qədim zamanlardan həmin ölkədə ər-arvad münasibətlərinin, ailə xoşbəxtliyinin himayədarları sayılan Pyotr və Fevroniyanın xatirə günüdür. Deməli, Valentini heç Rusiyada da  anmırlar.

Beləliklə, Azərbaycanda "Sevənlər günü" iyunun 30-dadır. Bu, rəsmi bayram deyilsə də, hər bir azərbaycanlı üçün əzizdir və təbii ki, belə olmalıdır.

Qoy bu bayram Müqəddəs Valentin gününə bənzəməsin. Yəni təkcə Bakının küçələrində əllərində bir, üç, beş qızılgül, gülə-gülə, zarafatlaşa-zarafatlaşa gedən sevənlərin bayramı olmasın. Qoy bu, bütün sevənlərin - məhəbbətini illərin çətin sınaqlarından keçirə bilmiş nənələrin və babaların, əl-ələ verib birgə həyat quran, sevgilərini üst-üstə toplayaraq körpə balalarına bəxş edən gənc ata-anaların, nişanlanıb toyuna hazırlaşan ağıllı-kamallı oğlanların və qızların hamısının bayramı olsun.

Həmin gün sevgilərin ən böyüyünün - Vətən sevgisinin zirvəsinə yüksələn İlhamı, bu dünyada yarımçıq arzularla yaşamaqdansa, o dünyada öz yarı(sı) ilə birgə olmağı üstün tutan Fərizəni xatırlayaq, ehtiramla yad edək!

Bir də bizim Fərizə timsallı qızlarımız, gəlinlərimiz çoxdur axı! Bu, həmin gəlinlərdir ki, cavanlıqlarını qurban verib Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan oğulların körpə balalarını ərsəyə gətirdilər, indi də öz məhəbbətlərinin təzə pöhrələrini - nəvələrini böyüdürlər. Qoy bu gün onların da fədakar sevgisinin təntənəsi olsun!

 

Flora SADIQLI

 

Azərbaycan. - 2014.- 10 avqust.- S. 6.