Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

 

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Dövlət müşaviri xidmətinin əməkdaşları, DQİDK-nın rəhbərliyi, eləcə də mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

DQİDK-nın mətbuat xidmətindən AzərTAc-a verilən məlumatda bildirilir ki, müşavirəni açan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinə, dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin vacib komponentlərindən biri olan din siyasətinin dünyaya tolerantlıq örnəyi olmasına diqqət çəkmiş və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin gələcək fəaliyyətinin qurulması və dini durumun tənzimlənməsi baxımından müşavirə xüsusi əhəmiyyət kəsb edir.

Gündəliyə uyğun olaraq əvvəlcə Dövlət müşaviri K.Abdullayevin bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərində dini durumla bağlı qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti barədə bölgə şöbə müdirlərinin məlumatı dinlənilib. Bildirilib ki, Dövlət müşaviri respublikanın şəhər və rayonlarının mütləq əksəriyyətində olub, mərkəzi və ucqar kənd məscidlərində, kilsə və sinaqoqlarda, kirxa və məbədlərdə yerli dindarlarla çoxsaylı görüşlər keçirib. Həmin görüşlərdə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşlərdə dindarları narahat edən məqamlarla bağlı məsələlər qaldırılıb. K.Abdullayev bu istiqamətdə müvafiq işlərin görüləcəyini bildirib.

Bölgə şöbə müdirləri qeyd ediblər ki, ötən müddət ərzində sadalanan məsələlərin və verilmiş tapşırıqların xeyli hissəsi həll olunub, bilavasitə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına yönəldilib.

Müşavirədə Ramazan ayının yekunları da müzakirə olunub. Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Ramazan ayında DQİDK-nın həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. Ramazan ayında ölkə üzrə aparılmış monitorinqin nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Müşavirə səmimi fikir mübadiləsi şəraitində keçib. Dövlət müşaviri K.Abdullayev səsləndirdiyi fikirlərində ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənələrin daim qorunub saxlanıldığını diqqətə çatdırıb, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, müvafiq tövsiyələrini verib.

Mövcud dini durum və Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edildikdən sonra Dövlət Komitəsinin sədri M.Qurbanlı yekun sözündə bu formatda tədbirlərin mütəmadi keçirilməsini səmərəli hesab edərək gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb.

 

Azərbaycan. - 2014.- 15 avqust.- S. 3.