Türkiyədə seçkilərin nəticələri
Rəcəb Tayyib Ərdoğana olan sevgini sübut
etdi
Ölkələrimiz
arasında dostluq və qardaşlıq
münasibətləri bundan sonra da sürətlə inkişaf edəcəkdir
Avqustun 10-da Türkiyədə ilk dəfə xalqın iştirakı ilə keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlandı. Seçkilərin ilkin nəticələrinə görə, 51,8 faizlə ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin 12-ci Prezidenti seçildi. Avqustun 28-də hazırkı Prezident Abdullah Gülün səlahiyyətlərinin başa çatması ilə R.T.Ərdoğanın prezidentlik fəaliyyətinə start veriləcək.
Türkiyə prezidentin ümumxalq səsverməsi ilə seçilməsi təcrübəsini ilk dəfə yaşamasına baxmayaraq, proses kifayət qədər sabit və şəffaf şəraitdə baş tutdu. Bu isə onu deməyə əsas verir ki, Türkiyədəki sabitlik və inkişaf prosesi prezidentin seçilməsi ilə başlanan yeni mərhələdə də davam edəcək.
İlkin nəticələr elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik ünvanladı. Türkiyənin tarixində ilk dəfə ümumxalq səsverməsi yolu ilə keçirilən prezident seçkilərində qazandığı parlaq qələbə münasibətilə R.T.Ərdoğanı təbrik edən dövlətimizin başçısı bu seçkilərin qardaş Türkiyənin tarixində yeni mərhələnin başlanğıcı olacağını vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bu qələbə həmçinin Türkiyənin qələbəsidir. Azərbaycan-Türkiyə münasibətlərinə də toxunan Prezident İlham Əliyev qeyd edib ki, son on il ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilmişdir. Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri isə bu müddət ərzində möhtəşəm yol keçərək möhkəm dostluq və qardaşlıq, strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir: "Uğurlu ikitərəfli və çoxtərəfli əməkdaşlığımız, birgə səylərimizlə həyata keçirdiyimiz nəhəng layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və yenicə başladığımız TANAP və digərləri ölkələrimizin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırır, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət edir. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da davam edəcək və inkişaf edəcəkdir".
Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 12-ci Prezidenti seçilməsi ölkəmizdə də birmənalı qarşılandı. Siyasətçilər, politoloqlar hesab edirlər ki, Türkiyədə seçkilərin nəticələri R.T.Ərdoğana olan sevgini sübut etdi.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı deyir ki, Rəcəb Tayyib Ərdoğan dünyanın harizmatik liderlərindən biri kimi tanınır. O, iqtidara gələnə qədər Türkiyə rəhbərliyi bölgədə, eləcə də regionda hər hansı məsələlərə müdaxilə edə bilmirdi. Ölkədə iqtisadi sahədə bir çox problemlər var idi. R.T.Ərdoğan Türkiyəni çox böyük irəliləyişlərə gətirib çıxartdı. Ölkənin bütün sahələrində çox yüksək nailiyyətlər əldə edilib. Ərdoğanın sayəsində Türkiyə beynəlxalq aləmdə söz sahibinə malik ölkələrdən biri olub, regional məsələlərdə beynəlxalq təşkilatların gündəmini dəyişən bir ölkəyə çevrilib.
Deputatın sözlərinə görə, ölkənin mütləq əksəriyyətinin səsini toplamaq asan iş deyil. Bu onu göstərir ki, R.T.Ərdoğan Türkiyənin, eləcə də türk dünyasının böyük oğludur, dünya sülhünə hər zaman barış gətirən, mütərəqqi siyasət yürüdən bir şəxsiyyətdir.
İndiyə qədər Ədalət və İnkişaf Partiyasının sədrinin iştirak etdiyi 9 seçkidə bir-birindən yüksək səslə qələbə qazanılıb. Adətən siyasətdə belə bir qanunauyğunluq var ki, ilk seçkidən sonra səs itkisi olur. Amma Ərdoğanın fəaliyyətində belə bir şey müşahidə edilməyib. Seçkinin nəticələri R.T.Ərdoğanın xalqın mütləq rəğbətini qazandığını göstərdi: "Türkiyə tarixində heç bir siyasi lider 9 dəfə seçkiyə getməyibdir. Ərdoğan şəffaf mübarizə fonunda bu qələbəni əldə etdi. Çünki o xalqına güvənirdi və ondan dəstək alırdı. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da daha sürətlə inkişaf edəcəkdir. Türkiyə hər zaman Azərbaycanın yanında olmuşdur. Azərbaycan da bu mövqeyi eynilə nümayiş etdirmişdir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan. - 2014.- 15 avqust.- S. 3.