Şəhid övladı: Təki Vətən
sağ olsun!
Avqustun
14-də Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində Azərbaycan Respublikasının müstəqilliyinin,
ərazi bütövlüyünün qorunmasında xüsusi
xidmətlərinə, xidməti vəzifələrini, hərbi
hissənin qarşısında qoyulmuş
tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə
görə ölümlərindən sonra təltif edilmiş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
dörd hərbi qulluqçusunun döyüş medalları
onların ailə üzvlərinə təqdim olunub.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhid zabitlərin yaxınları, ailə üzvləri, Silahlı Qüvvələrinin zabitləri iştirak edirdilər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
“Şəhidlər elegiyası” səsləndirildikdən sonra Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani şəhid zabitlər - Fikrət Məmmədov, İlqar Verdiyev, Elnur Cəfərov və Ceyhun Orucəliyevin keçdikləri qısa və şərəfli döyüş yolundan danışdı. Onların ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində yaratdığı C.Naxçıvanski adına hərbi liseyin yetirmələri, peşəkar hərbçilər olduqlarını vurğuladı.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, şəxsi heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Vətənə layiqli övladlar böyütdüklərinə görə şəhidlərin valideynlərinə nazirliyin rəhbərliyi adından minnətdarlığını bildirdi.
Nazir müavini qeyd etdi ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, onların xatirələri əziz tutulur, adları əbədiləşdirilir. Şəhid ailələri ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub. Son dərəcə ağır və üzüntülü, həmçinin şərəfli günlərdə onların göstərdikləri dözüm və təmkin, övladlarının şəhidlikləri ilə duyduqları qürur hissi Azərbaycan əsgərinin döyüş ruhunu daha da yüksəldir, düşmənə qarşı qəzəb və nifrətini gücləndirir. Son vaxtlar düşmənin diversiya qruplarının qarşısını alarkən qəhrəmanlıq, rəşadət və şücaət nümunələri göstərərək şəhidlik zirvəsinə ucalmış mübariz əsgərlərimizin böyük təntənə ilə keçirilən vida mərasimləri bir daha göstərir ki, xalqımız və ordumuz şəhidlərimizin intiqamını almağa, düşmən tapdağında olan ərazilərimizi azad etməyə hər an hazırdır və buna qadirdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri oxunduqdan sonra döyüş medalları şəhid ailələrinə təqdim edildi.
İlqar Verdiyevin təltif olunduğu “Hərbi xidmətlərə görə” medalı 11 yaşlı oğlu Kamranın yaxasına sancılanda şəhid övladının dediyi “Təki Vətən sağ olsun!” sözləri mərasim iştirakçılarına duyğulu anlar yaşatdı.
Fikrət Məmmədovun həyat yoldaşı Xəyalə Məmmədova, İlqar Verdiyevin atası Tapdıq Verdiyev, Elnur Cəfərovun qardaşı Zamiq Cəfərov, Ceyhun Orucəliyevin atası Pirəli müəllim Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq etdilər.
Şəhid zabitlərin hərbiçi yoldaşları adından çıxış edən polkovnik Aydın Əyyubov böyük inam hissi ilə vurğuladı ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların məzarları üzərinə sərilmiş üçrəngli bayrağımız Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, xalqımız və ordumuzun gücü, birliyi ilə Şuşada, Xankəndində və işğal altında olan digər tarixi torpaqlarımızda dalğalanacaq, şəhid ruhları şad olacaq.
Mərasimdən sonra
müdafiə nazirinin müavini,
general-leytenant Kərim Vəliyev şəhid
ailələri ilə çay süfrəsi
ətrafında səmimi söhbət etdi,
onların problem və qayğıları
ilə maraqlandı.
Azərbaycan. - 2014.- 15 avqust.- S. 3.