Azərbaycan Ordusu
ölkəmizin ərazi bütövlüyünün
bərpası üçün istənilən
an zəfər yürüşünə
hazırdır
Prezident İlham
ƏLİYEV: "Azərbaycan dövləti heç
vaxt imkan verməyəcək
ki, öz ərazisində
ikinci qondarma erməni
dövləti yaransın"
Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 10 ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasına işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti keçirilən möhtəşəm hərbi paradlarda bir daha əmin oldu. 2008-ci ilin iyun ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyətinin, modernləşdirilmiş hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin və qayıqların iştirak etdiyi hərbi parad hər bir azərbaycanlıda qürur hissi doğurdu. Çünki bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, onun yenilməzliyindən, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən an zəfər yürüşünə hazır olmasından xəbər verən möhtəşəm tədbir idi.
Yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun və Silahlı Qüvvələrin digər növlərinin peşəkarlığını nümayiş etdirən daha bir möhtəşəm təlim isə 2010-cu il iyunun 24-də baş tutdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini yenə də Ali Baş Komandan, Prezident İlham Əliyev şəxsən izlədi. Eyni zamanda, Silahlı Qüvvələrin möhkəmləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi. 2011-ci il iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən möhtəşəm paradda Bakı səmasında nümunəvi uçuşlar edən Azərbaycan "şahinləri" də hər bir azərbaycanlıda böyük fəxarət və sevinc hissləri doğurmuşdu. Prezident İlham Əliyev 2012-ci ildə cəbhə bölgəsinə səfər etmiş və bir sıra hərbi hissələrdə yeni qərargah binalarının açılışında iştirak etmişdir.
2014-cü il 26 iyun tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi ordumuzun möhtəşəmliyini bir daha göstərdi. Ümumilikdə təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan bütün məqsədlərə nail olundu, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.
Bu günlərdə isə Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının təlimlərinə start verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı 2014-cü ilin döyüş hazırlığı planına əsasən, avqustun 13-də Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb.
Təlimlər zamanı qoşunların yüksək döyüş hazırlığı dərəcəsinə gətirilməsi, mühüm dövlət və hərbi obyektlərin, quru qoşunları qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi üzrə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər nəzərdən keçiriləcək. Təlimlərdə həmçinin aeorodinamik, eləcə də qanadlı və ballistik raketləri imitasiya edən təlim hədəflərinə döyüş atışları həyata keçiriləcək. Bütün bunlar ordumuzun maddi-texniki bazasının yüksək səviyyəsindən xəbər verməklə hər an torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha sübuta yetirir.
Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir.
Son illər hərbi və təhlükəsizlik məsələlərinə büdcədən ayrılan vəsaitlərin artırılması, həqiqətən də, ulu öndər Heydər Əliyevin bununla bağlı tövsiyələrinə ciddi əməl olunmasından xəbər verir. Dövlət başçısı cənab İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında da göstərir. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb. Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur.
Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin nəzərəçarpacaq dərəcədə artırılması Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmişdir və bunu Azərbaycan Ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsində orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkəmizin müdafiə sisteminin gücləndirilməsi deməkdir.
Sülh danışıqları ilə yanaşı, Azərbaycan cəmiyyətində daim gündəmdə qalan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli perspektividir. Torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi mümkündür. Ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanı verir. Azərbaycan bu sahədə kifayət qədər böyük uğurlar qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün salınan yeni qəsəbənin açılışında bildirib: "Azərbaycan Ordusu güclü ordudur. Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Bu gün hərbçilərlə müşavirə keçirildi. Müvafiq tapşırıqlar verilmişdir ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin. Bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Bütün bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir, möhkəmlənir. Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma "Dağlıq Qarabağ" müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın".
Prezident İlham Əliyev ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirmişdir. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsaitin həcmi də buna adekvat olaraq yüksəldilir. İşğalçı Ermənistan dövləti də qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, yoxsa təcavüzkar Ermənistan öz qarşısında qüdrətli Azərbaycan Ordusunu görəcək.
Elnur HACALIYEV
Azərbaycan. - 2014.- 15 avqust.- S. 2.