Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binası istifadəyə verilib

 

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, muxtar respublikanın fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.

Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb.

Fövqəladə hallar naziri Şamı Abdullayev tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illər nazirliyin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, zabit və gizirlərin xidmət və sosial-məişət şəraiti yaxşılaşdırılıb. Hazırda Naxçıvan şəhərində 48 mənzilli yaşayış binasının tikintisi aparılır. Bu il nazirliyin müvafiq qurumları tərəfindən 5 təhlükə potensiallı obyekt, 57 avadanlıq və qurğu sertifikatlaşdırılıb, 56 tikinti obyektində mühəndis-geoloji axtarış işləri aparılıb.

Şamı Abdullayev yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkəmizdə uğurla davam etdirilir. Bunun da nəticəsində bütün sahələrdə inkişaf və tərəqqiyə nail olunub. Hər il ölkəmizdə yeni müəssisələr və istehsal sahələri yaradılır, yerləri açılır, əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müasir evlər tikilir. Tikilənlərin, qurulanların qorunub saxlanılmasında isə təhlükəsizlik tədbirlərinə əməl edilməsi vacib şərtdir. Bu işlər ölkəmizdə Fövqəladə Hallar Nazirliyionun yerli struktur qurumları tərəfindən həyata keçirilir.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunub, struktur qurumları üçün müasir və xidmət şəraiti yaradılıb. Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binasının istifadəyə verilməsi də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Hazırda Sədərək rayonunda 5 minə yaxın təsərrüfat və sahibkarlıq subyekti mövcuddur. Şöbədə yaradılan şərait və texniki təminat yanğın təhlükəsizliyi tədbirlərinin vaxtında həyata keçirilməsinə imkan verəcəkdir.

Ümummilli liderimiz Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” - fikrini xatırladan Ali Məclisin Sədri deyib: Yaradılan şərait kollektiv qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələr hadisələr baş vermədən onun qarşısını almaqdan, təsərrüfatları və sahibkarlıq subyektlərini daim nəzarətdə saxlamaqdan, mövsümə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Ərazinin sərhəd bölgəsi olması nəzərə alınaraq əhalinin, dövlət müəssisələrinin və hərbi hissələrin fərdi mühafizə vasitələri ilə təminatı tam həyata keçirilib. Müasir şəraiti qarşıya qoyulan vəzifələri vaxtında icra etməyə imkan verəcək.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, kollektivə xidmətlərində uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, şöbənin inzibati binası zirzəmidən və iki mərtəbədən ibarətdir. Zirzəmidə fərdi mühafizə vasitələri yerləşdirilmiş, ərazidə 75 kubmetr həcmində yeraltı ehtiyat su hovuzu, hündürlüyü 17 metr olan təlim qülləsi və 2 anbar tikilib. Binanın birinci mərtəbəsində növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətini təmin edən otaqlarqaraj, eləcə də sinif otağı, yataqxana, yeməkxana, istirahət otağı, çamaşırxana və qazanxana, ikinci mərtəbədə isə otaqları və müşavirə zalı vardır. Müşavirə zalı proyektor və kompyuterlə təchiz olunub, sinif otağında şəxsi heyətin təlimatlandırılması üçün lazımi şərait yaradılıb, məlumat stendləri və kitabçalar qoyulub.

Rayonun yanğından mühafizə planı ilə tanışlıq zamanı Ali Məclisin Sədrinə məlumat verilib ki, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yaradılmış müasir şərait rayondakı təsərrüfat subyektlərində, fərdi təsərrüfatlarda, taxıl və yaşıllıq sahələrində yanğın təhlükəsinin qarşısının alınmasını təmin edəcək. Şöbənin tabeliyində 3 yanğınsöndürən və 1 əməliyyat avtomobili, eləcə də 2 su pompası vardır. Şəxsi heyətin fərdi mühafizəsi də nəzərə alınıb, şöbəyə 80 dəst xüsusi yanğında mühafizə geyimi verilib. Dispetçer otağında quraşdırılan radiorabitə sistemi fövqəladə hadisələr zamanı 25 kilometr məsafədə şəxsi heyətin hərəkət qrafikinin müəyyənləşdirilməsi və idarə olunmasına imkan verəcək. Şöbənin əhatə etdiyi 1 qəsəbə və 3 kənddə yaşayan 15 mindən artıq əhalinin və onların əmlakının yanğından mühafizəsi məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.

Sonra Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə yeni “MAN” markalı yanğınsöndürən avtomobil verilib.

Qeyd olunub ki, Almaniya istehsalı olan “MAN” markalı avtomobil yanğınsöndürmə və xilasetmə işlərini həyata keçirir. 9 nəfər heyətlə hərəkət edən avtomobil 2,3 ton su və 300 kiloqram köpükyaradan maye tutur. Yüksək texniki göstəricilərə malik olan avtomobil siyirtməli nərdivan və yanğından mühafizə vasitələri ilə təmin olunub.

Binanın həyətində də abadlıq işləri aparılıb, idman meydançası yaradılıbdır.

 

Sərhəd yaşayış məntəqələrimizin müdafiə qabiliyyəti gücləndirilir

 

Naxçıvan Muxtar Respublikasının hərbi potensialının möhkəmləndirilməsi və müdafiəsinin etibarlı təşkili daim diqqət mərkəzində saxlanılır. Əlahiddə Ümumqoşun Ordusunun döyüş hazırlığının yüksəldilməsi, hərbi hissələrin maddi-texniki təminatı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən hərbi hissələrində etibarlı müdafiə sistemi yaradılıb.

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda Ermənistan ilə sərhəddə yerləşən hərbi hissəyə gəlib, xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb, xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: Sədərək rayonu işğalçı Ermənistan ilə sərhəddə yerləşir. Lakin ölkəmizin digər sərhəd yaşayış məntəqələri kimi, Sədərək rayonu da bu gün inkişaf edir, abadlaşır, insanların rahat və təhlükəsiz yaşayışı üçün lazımi tədbirlər görülür. Bu tədbirlərin içərisində ən vacibi isə sərhədlərimizin müdafiəsini təmin etmək, burada xidmət keçən əsgər və zabitlərimizin məişət şəraitini yaxşılaşdırmaq, bölmələrin silahsursat təminatını həyata keçirməkdən ibarətdir.

Ali Məclisin Sədri deyib: Əsgərlər arasındakı vətənpərvərlik və birlik hər bir ordunun gücünü təşkil edən başlıca amildir. Bu gün Azərbaycan ordusunda olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikamızda yerləşən ordu, bölmə və hissələri də torpaqlarımızın müdafiəsini təmin etməklə bərabər, həm də sərhədlərimizi etibarlı şəkildə qoruyurlar. Siz, üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirməklə, xidmətinizi qarşılıqlı hörmət və birlik əsasında qurmaqla, ilk növbədə ölkəmizin müdafiəsinin etibarlı təşkilinə və xalqımızın rahat yaşayışına xidmət edirsiniz. Unutmamalısınız ki, xidməti fəaliyyətinizi işğalçı ölkə ilə sərhəddə aparırsınız. Ona görə də döyüş hazırlığınız daim yüksəldilməli, təhlükəsizlik tədbirlərinə əməl edilməli, xidməti tapşırıqlar vaxtında icra olunmalıdır.

Ali Məclisin Sədri şəxsi heyətin bundan sonra da öz xidməti fəaliyyətlərini uğurla yerinə yetirəcəklərinə əminliyini bildirib, onlara xidmətdə uğurlar arzulayıb.

Əsgər Yunis Axundov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərhəd bölgələrində, düşmənlə üz-üzə mövqelərdə xidmət edən əsgərlərlə görüşünün şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını, onların vətənpərvərlik hisslərini, mübarizlik əzmini daha da artırdığını qeyd edib, hər zaman düşmənə layiqincə cavab verməyə hazır olduqlarını bildirib.

Sonra Ali Məclisin Sədri tabor mərkəzində şəxsi heyətin xidməti-məişət şəraiti ilə maraqlanıb.

Məlumat verilib ki, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və təşkili yüksək səviyyədədir. Əsas komanda heyətinin fizikipsixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi istənilən hərbi vəzifəni uğurla icra etməyə imkan verir. İnzibati, tədris və digər xidməti otaqların da yerləşdiyi binanın dəhlizində döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar və məlumat stendləri asılıb. Burada xidmətin nümunəvi təşkili ilə yanaşı, əsgərlərin yüksək səviyyədə qidalanmaları və sağlamlıqlarının qorunması üçün də hər cür şərait vardır.

Tabor mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri komanda-müşahidə məntəqəsində olub.

Bildirilib ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən strateji əhəmiyyətli zirvə və yüksəkliklərində etibarlı müdafiə sistemi formalaşdırılıb. Bu yüksəkliklərdə xidmət aparan əsgər və zabitlərimiz yüksək döyüş hazırlığına malikdirlər. Döyüş növbətçiliyini aparan şəxsi heyətin istifadəsində olan cihazlar ən çətin hava şəraitində belə qarşı tərəfin mövqelərinin müşahidə edilməsinə imkan verir. Burada mühəndis - istehkam qurğuları və maneələr yaradılıb, müdafiə rayonunun qorunmasının təşkili sahəsində mühüm tədbirlər görülüb. Müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təchizat isə bölgənin etibarlı müdafiəsinə təminat verir.

Ali Məclisin Sədri xidmətin nümunəvi təşkili və döyüş qabiliyyətinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Gətirilmiş ərzaq, meyvə, şirniyyat və digər məhsullar mətbəxə təhvil verilib.

 

Sədərək rayonunda yeni ictimai-iaşə obyekti açılıb

 

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək kəndinə gəlib, burada inşa olunan yeni ictimai-iaşə obyekti ilə tanış olub.

Məlumat verilib ki, muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı digər sahələrlə yanaşı, xidmət sektorunun inkişafına da hərtərəfli şərait yaradıb. Bu da insanların rahatlığının təmin olunması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Sədərək kəndində yaradılan yeni ictimai-iaşə obyektirayon sakinlərinin tələbatı nəzərə alınaraq inşa olunub.

İstifadəyə verilən şadlıq sarayı 350 yerlikdir. Burada toy mərasimlərinin keçirilməsi üçün lazımi şərait yaradılıb, binanın interyeri müasir dizayn əsasında qurulub. Həmçinin ərazidə 7 kabinə və kiçik mərasimlərin keçirilməsi üçün ziyafət zalı istifadəyə verilib, 15 nəfər işlə təmin olunub.

Binanın həyətində də abadlıq işləri aparılıb, gül-çiçək əkilib.

 

Azərbaycan. - 2014.- 15 avqust.- S. 4.