Kürdəmir yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Bu gün Kürdəmirə hansı tərəfdən üz tutsan tikinti-quruculuq, yenidənqurma işləri ilə rastlaşırsan. Rayon mərkəzi nəzərəçarpacaq dərəcədə dəyişib, ötən ilə qədər küçələrdə, şəhərdaxili yollarda mövcud olan səliqəsizlikdən, nizamsızlıqdan, havaya sovrulan toz-torpaqdan əsər qalmayıb. Hisli-paslı köhnə hasarlar da "qeyb" olub. Milli ornamentli yeni hasarların tikintisi davam edir, evlərin dam örtükləri, fasadları dəyişdirilir.

Paytaxt istiqamətindən Kürdəmir şəhərinə daxil olanda körpünü keçən kimi "bazarətrafı mühit" hərəkətə mane olar, səs-küydən qulaq tutular, avtomobil yolunu saymazyana sağa-sola keçən bazar adamlarının - alıcı və satıcıların əlindən əsəblər tarıma çəkilərdi. Boş-bekar, "tin söhbətləri" ilə vaxt öldürənlər bura yığışmağa adət etmişdilər.

Bütün bunlar təxminən bir ildən əvvəlin mənzərələri idi. Məhəccərləri, bardürləri səliqəli şəkildə rənglənmiş, səkisinə asfalt döşənmiş körpünü keçən kimi maşını kənara çəkib dayanırıq. Buradakı "bazar" artıq müvafiq yerə köçürülüb. Yolqırağı hasarlar üzlənib. Ətrafda səliqə-sahman hiss olunur. Söhbət edən iki nəfərə yaxınlaşırıq, hal-əhval tuturuq. Şəhər sakini Mahir Nəsibov rayonda son vaxtlar görülən işlərdən, tikinti-quruculuq tədbirlərindən razılıqla danışaraq xahiş edir ki, bu fikrini olduğu kimi yazaq:

- Qonşu rayonların inkişafına, abadlığına, orada görülən işlərə həsəd aparırdıq. Möhtərəm Prezidentə minnətdarıq ki, bizimrayona yüksək diqqət və qayğı göstərir.

Kürdəmir həqiqətən inkişaf tempini artırmağa çalışır. Rayonda tikinti-quruculuq, yenidənqurma işləri geniş vüsət alıb. Kürdəmir şəhərinin Heydər Əliyev və Bakı prospektlərində, Heydər parkında, Babək, M.P.Vaqif, X.İslamzadə, A.Əhməd, G.Orucova, M.Füzuli, Ə.Vahid, Xətai, M.F.Axundov küçələrində, Bayraq meydanında, Şəhidlər xiyabanında abadlıq və yenidənqurma işləri sürətlə davam edir.

Şəhərin Bakı prospektində yeni layihə üzrə 2472 metr dekorativ hasar tikilib, ağlaykeramik plitələrlə üzləmə işləri görülüb, 105 ədəd müasir işıqlandırma dirəyi quraşdırılıb. Şəhərə giriş yolları genişləndirilir. Şəhər ərazisində 285 sahibkar obyekti klassik üslubda ağlay materialı ilə üzlənib. Sığırlı kəndi ərazisindən rayon mərkəzinə girişdə 7 metr hündürlükdə monumentin tikintisi gedir.

Ərazisi 4,5 hektar olacaq Bayraq meydanına 18500 kubmetr torpaq daşınıb, digər işlər də davam edir.

Kürdəmir şəhərinə bitişik ərazilərdə 2 ikimərtəbəli 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisinə də başlanılıb.

Dövlət proqramının icrası çərçivəsində respublika əhəmiyyətli Bakı-Ələt-Qazax, Ağsu-Kürdəmir-Bəhrəmtəpə və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılıb. Rayonun Sor-Sor, Muradxan, Yenikənd-Dəyirman, Qurd Bayram və Sığırlı-Ərəbqubalı kənd yollarına çınqıl və asfalt döşənib.

Aldığımız məlumata görə, regionların sosial-iqtisadi inkişafına  dair Dövlət Proqramı xətti ilə rayonun Mürtülü və Xınıslı kənd tam orta məktəbləri üçün 180 şagirdlik yeni binaların tikintisində  son tamamlama işləri görülür. 624 yerlik Atakişili kənd tam orta məktəb binasının tikintisi üçün sənədlər  hazırlanır.

Əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə "Hidrolotus" şirkəti tərəfindən Ağsu rayonunun Külüllü bulağından Kürdəmir rayonu istiqamətində polietilen borularla 29,10 kilometr su xətti çəkilib. Bundan əlavə, Ağsunun Ərəbmehdibəy kəndində 7500 kubmetr tutumu olan su anbarının tikintisi başa çatıb, son tamamlama işləri görülür. Şəhər ərazisində isə polietilen borularla 131 kilometr uzunluğunda su xətti çəkilib.

Kanalizasiya xəttinin çəkilişi də davam edir. Rayonun qərb hissəsində çirkab sularının təmizlənməsi üçün su nasos stansiyasının tikintisinə başlanılıb. Çirkab suların ötürülməsi üçün 12 metr dərinlikdə 1200 pm uzunluğunda mikrotunel tikilibbu işlər hazırda da davam etdirilir.

Bununla belə, problemlər var. Rayon əhalisinin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün mühüm tədbirlərin görülməsinə ciddi ehtiyac var. Qazlaşdırma ilə bağlı Kürdəmirdə axsamalar müşahidə olunur.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkədə qazlaşdırmanın gedişindən narazılığını bildirmişdir: "Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, "Azəriqaz" bu işləri daha da sürətlə aparmalıdır".

Kürdəmir RİH-in sosial-iqtisadi inkişafın təhlili proqnozlaşdırılması şöbəsindən aldığımız məlumata görə, rayonun 62 yaşayış məntəqəsindən 22 yaşayış məntəqəsi (əhalinin 45,5 faizi) təbii qazla təmin olunub. 14 min nəfərdən yuxarı əhalisi olan 8 kənddə magistral təbii qaz xəttinin çəkilişi dayanıb. Karrar, Gavıs-Əyribənd, Xınıslı, Muğanlı digər kəndlərin əhalisinin təbii qaz həsrəti elə arzu olaraq qalır. Atakişili kəndinə isə qaz xəttinin çəkilişi üçün layihələndirmə gecikdirilir. Yəqin müvafiq qurumlar unutmayıb ki, bu işlərin icrası ikinci Dövlət Proqramından qalıb.

Kürdəmirlilər əmindirlər ki, mövcud problemlər aradan qaldırılacaq, dövlətin yüksək qayğısı sayəsində Kürdəmir yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

 

Azərbaycan. - 2014.- 15 avqust.- S. 5.