Şimal bölgəsinin sakinləri də səyyar «ASAN xidmət»dən razıdırlar

 

Avqustun 7-dən Quba  şəhərindəki Mədəniyyət evinin qarşısında fəaliyyətə başlayan "ASAN xidmət"in səyyar avtobusu sakinlərə xidmət göstərir. Səyyar xidmətlər Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzillər) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi və s. daxildir.

10 istiqamət üzrə həyata keçirilən səyyar xidmətdən təkcə Quba rayonunda gün ərzində təxminən 2000-dən artıq sakin yararlanır. Səyyar "ASAN xidmət"dən yararlanan əlillərdən və fiziki cəhətdən qüsurlu şəxslərdən xidmət haqqı alınmır. "ASAN xidmət"in qapıları həftənin bütün günləri müraciət edənlərin üzünə açıqdır. Elə buna görə şimal bölgəsinin sakinləri  xidmətin təşkilindən çox razıdırlar.

Quba  sakini Qəhrəman Qasımov: "Yeni xidmət brendini təqdim edənlər  siyahı  təqdimatından tutmuş, qarşılanma və  xoş münasibətə qədər bütün prosesləri yüksək  səviyyədə  həyata keçirirlər. Bu isə hamının ürəyincədir".

Qubanın ucqar dağ kəndlərindən xidmətə üz tutanlar almaq istədikləri sənədi və ya arayışı çox rahat, operativ şəkildə əldə edirlər. Mehparə Hacıəhmədova: "Çox rahat   uşaqlarıma xarici pasport aldım. Bu xidmət sadə vətəndaşlarda böyük ruh yüksəkliyi doğurur. Ailəmiz adından bunu bizim üçün təşkil edən ölkə rəhbərinə minnətdarlığımı bildirirəm".

"ASAN xidmət"in avqustun 17-dək davam edəcək budəfəki xidmətindən Quba, QusarXaçmaz rayonlarının 415 minə yaxın sakininin yararlanmaq imkanı var. Ümumilikdə dekabr ayınadək səyyar "ASAN xidmət" vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə xidmət göstəriləcək.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev bu sahədə köklü dəyişikliklərə nail olunduğunu xüsusi qeyd etmişdir: "ASAN xidmət"in fəaliyyəti xüsusi əhəmiyyətə malik olan fəaliyyətdir. İl yarım ərzində 2 milyondan artıq müraciət olmuşdur. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası vardır. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirib."

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2014.- 15 avqust.- S. 5.