Vətən və Qarabağ
sevgisi
Azərbaycanda uğurla reallaşan dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını reallaşdırmağa geniş imkanlar açıb. Bunun nəticəsidir ki, cəmiyyət həyatının ən müxtəlif sahələrində gənclərin xüsusi çəkisi ildən-ilə yüksəlməkdədir. Respublikamızda gənc nəslin inkişafına göstərilən dövlət qayğısı, onların fəaliyyətinin stimullaşdırılması həm də kreativ təşəbbüsləri və qabiliyyətləri ilə fərqlənən gənc istedadların formalaşması ilə müşahidə olunur.
Belə gənclər ictimai həyatda gördükləri işlərlə, müasir həyatımızın çağırışları ilə səsləşən yaradıcı fəaliyyətləri ilə cəmiyyətimizə fayda verirlər. Belə gənclərdən biri Qafqaz Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsinin məzunu olan Pərvanə Kərimovadır. Pərvanə Namiqqızı imzası ilə tanınan qəhrəmanım gənc yaşlarında olmasına baxmayaraq, artıq 9 kitabın müəllifidir. 17 yaşından Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Pərvanə Kərimovanın yaradıcılığını təşkil edən şeirləri, kiçik hekayələri əsasən Qarabağ və türkçülük mövzusuna həsr olunub. 2012-ci ildə Qafqaz Universiteti ilə Türkiyənin Marmara Universiteti arasında imzalanan qarşılıqlı anlaşmaya əsasən təhsilini Türkiyədə alan Pərvanəni qardaş ölkənin yaradıcı mühitində də yaxşı tanıyırlar.
1992-ci ildə Ağdam rayonunda anadan olan Pərvanənin qəlbi uşaqlıq illərindən düşmən tapdağı altında sızlayan Qarabağın həsrəti ilə döyünür. Elə buna görədir ki, onun yaradıcılığının əsas hissəsi vətən sevgisinə, Qarabağ sevdasına köklənib. "Ağdamda görüşərik", "Xocalıdan gələn səs", "Bir sevda səslənir", "Türk-azəri şəhidləri" adlı kitablarında Qarabağın, doğulduğu Ağdamın işğalını, yurd həsrətini, Xocalı soyqırımını, şəhid ruhlarının harayını hayqıraraq dünyaya car çəkib. Qələmə aldığı sətirlərdə oxucusunu dərindən düşündürməklə, ona vətənpərvərlik hisslərini, milli-mənəvi dəyərləri aşılayıb. Hələlik sonuncu əsəri olan "Xocalıdan gələn var" kitabında oxuduqlarımız onun yurd yanğısından, Qarabağ sevgisindən ilham alan yaradıcılığının nə qədər həssas və düşündürücü olduğunu göstərir. "Qələmimlə vətənimizin taleyinə yazılmış, ancaq bir qədər unudulmuş illərinə işıq salmaq istəyirəm. Kiçik bir qığılcım közərtmək, uzaq illərin o üzündə gurlamış ocağımızın işartılarını tapmaq üçün böyük qəlbimlə, kiçik qələmimlə tarixin sızalmış ocaqlarının üstünə əyilmişəm. Mənim yurdumda, doğrudan da, tarixin çox soyuq yelləri əsib... Hiss edirəm ki, haradansa səslər gəlir, bu səs milyonların gur səsi, üsyan səsidir. Mənə qol-qanad verən qeyrətinə qurban olduğum oğullardır. Qəlbim deyir ki, tez ol, qələmə sarıl, başla deyir, yaz deyir".
Onun qələm məhsullarında vətənpərvər bir qızın ürək çırpıntıları var. Bu sətirlərdən bizə agah olan ürəyi yurd eşqi ilə döyünən bir gəncin mübarizə əzmidir. Onda doğma ellərə qayıtmaq arzusunun nə qədər güclü və nə qədər inamlı olmasının qələmin dili ilə ifadəsidir. Pərvanə Ağdamı görməsə də, nənəsindən eşitdiklərini xəyallarında canlandıraraq doğma yurdunu qarış-qarış gəzib, tanıyıb. Ağdam işğaldan azad olunmayınca ad gününü qeyd etməyəcəyini deyir. Çünki onun bir yaşının tamam olduğu gün Ağdam işğal olunub. Bu yurdsevər qız şeirlərinin birində atasına xitabən deyir:
Gəl hər il sən məni aldatma, ata,
Pərvanə ad günü istəmir daha.
Mən dünyaya gəldim
Yurd şəhid oldu,
Qızın şəhid olsun,
Vətən doğulsun!
Pərvanə Kərimova uşaq
yaşlarından Bakıdakı
T.İsmayılov adına Uşaq və Gənclər Sarayında şeir və ingilis dili dərnəklərinin
üzvü olub, Azərbaycan Televiziyasının
uşaq verilişlərində
iştirak edib. Elə uşaqlığında xalqımızın
böyük oğlu Heydər Əliyevi həyatda görmək və bu dahi
insanla həmsöhbət
olmaq ona iki dəfə qismət olub. Ona görə ulu öndər Heydər Əliyevlə bağlı
təəssüratları genişdir
və bu barədə həmişə
ağızdolusu, sevə-sevə
danışır. "Əbədi günəş"
adlı kitabını
da xalqımızın
ümummilli lideri Heydər Əliyevə həsr edib. Bu kitabda Pərvanə
Kərimova ulu öndər Heydər Əliyevlə görüşləri
barədə də ətraflı yazır.
O, ilk dəfə Heydər
Əliyevi Azərbaycan
Televiziyasının uşaq
verilişində iştirak
etdiyi zaman görüb. Verilişi izləyən Heydər
Əliyev sonda hamı ilə bir-bir görüşür.
Növbə Pərvanəyə
çatanda ulu öndər deyir: "Sən bu uşaqların
içində hamıdan
balacasan. Yaxşı ifa etdin...".
Onda Pərvanənin cəmi 5 yaşı vardı.
Pərvanənin Heydər Əliyevlə ikinci görüşü
olduqca maraqlıdır. Bu görüş 2002-ci ildə
Bakıda parkların birinin açılışı
zamanı olur və onunla Heydər Əliyev arasında maraqlı dialoq baş verir. Parka gələn
Heydər Əliyev burada vətəndaşlarla
görüşür. Bu zaman ulu öndərin
onlara tərəf gəldiyini görən Pərvanə irəli çıxaraq Heydər Əliyevə xitabən ucadan: - Sizə bir bənd şeir
demək istəyirəm,
- deyir. Heydər Əliyev gülümsəyərək, - De görüm, özün yazmısan?- deyə soruşur. "Bəli"
- deyən Pərvanə
şeiri söyləyir:
Heydər baba Günəşdir,
biz onun zərrələri,
Ona səs verəcəkdir sevimli nəvələri.
Pərvanə Namiqqızı sülh
şərqisin oxuyar,
Qarabağ çiçəyidir, öz yurdunda qoxuyar.
Balaca Pərvanənin şeir söyləməsi Heydər
Əliyevin xoşuna gəlir və deyir:
- Çox gözəl şeirdir. Neçədə oxuyursan?
- 4-də.
- Axı sənin yaşın çatmır
mənə səs verməyə.
- Heydər baba, elə mən öz şeirimlə sizə səs verdim də!
Pərvanəni bağrına basan ulu öndər Heydər Əliyev bu balaca qızcığaza
gələcək həyat
yolunda xeyir-dua verir, uğurlar arzulayır.
Qeyd etdiyimiz
kimi, Pərvanə Kərimovanın yaradıcılığında
türkçülük mövzusu
da geniş yer tutur. Onun bu barədə qələmə
aldığı şeirlər,
o cümlədən "Türkiyənin
pərvanəsi-Atatürk" kitabı türk ictimai fikrinə yaxşı tanışdır.
Türkiyədə nəşr
olunan "Təsvir",
"24 saat", "Yeni
söz", "Son söz",
"Yeni gün" qəzetlərində neçə
illərdir ki, yaradıcılığından nümunələr dərc
olunur.
Hələ gənc olsa da, Pərvanə Kərimovanın yaradıcılığı
ilə fəxr etməyə haqqı var. İndiyədək bir sıra dövlət qurumlarının mükafatlarını,
diplom və fəxri fərmanlarını
alan bu
gənc xanım Prezident təqaüdünə
də layiq görülüb. Lakin onun
yaradıcılığının böyük hissəsi hələ qarşıdadır.
Doğma
yurdunun, Qarabağın
işğaldan azad olunacağı günü
səbirsizliklə gözləyən
Pərvanə Kərimova
deyir ki, ən gözəl şeirlərini də o zaman yazacaq.
Rəşad
CƏFƏRLİ
Azərbaycan. - 2014.- 15 avqust.- S. 7.