Sarı simlə möcüzələr yaradırdı

 

Azərbaycanın musiqi tarixini vərəqləyəndə maraqlı bir məqam diqqəti dərhal cəlb edir. Aydın görünür ki, hər dövr özünün mahir tarzənlər pleyadasını yetişdirib. Bir zaman kəsiyində yaşayıb-yaradan, ecazkar tarı ustalıqla dilləndirən sənətkarlar ənənəni yeni, eyni dərəcədə istedadlı gənclərə ötürüblər. Məhz bu səbəbdən tar indi də etibarlı əllərdədir.

Keçən əsrin 30-cu illərinin ortalarından başlayaraq ta yüzilliyin sonlarınadək bu ənənəyə, nəticə etibarilə Azərbaycan xalqına sədaqətlə xidmət edən ustad tarzən Əliağa Quliyevin sənətdə öz üslubu, dəst-xətti, ifaçılıq yolu var idi.

Azərbaycan tamaşaçı və dinləyicilərinin yaşlı nəsli bu mahir ifaçını, görkəmli tar ustadını yaxşı xatırlayır. O, Sadıxcan, Mirzə Mansur, Qurban Pirimov, Əhməd Bakıxanov kimi sələflərinin sənət ənənələrini etibarla davam etdirmiş və gələcək nəsillərə ötürmüşdür.

Əliağa Eyvaz oğlu Quliyev 1917-ci ildə Xəzərin sahilində, Bakı şəhərində dünyaya göz açmışdır. Quliyevlər ailəsi əslən Şamaxının Sarıtorpaq məhəlləsindən idi. Şamaxıda erməni vandallarının törətdiyi qırğınlar onların doğmalarından, qohum-əqrəbasından da yan keçməmişdi. Həmin illərdə ailə Bakıya üz tutmuşdu. O vaxtlar şəhər mühiti insanların düşüncə tərzində, həyata baxışlarında mühüm rol oynayırdı. Zəmanə ilə ayaqlaşmaq, yeniliklər, quruculuq, eyni zamanda dövrün təzadlı, gərgin olayları, narahatlıqlar Bakıda - şəhər mühitində özünü daha qabarıq şəkildə göstərirdi. Lakin bütün bunlarla yanaşı, Quliyevlər ailəsi ata-baba yurdlarını unutmur, doğulduqları doğma torpaqlara - Şamaxıya hər yay gəlirdi. Əliağa böyüdükcə erməni cəlladlarının törətdiyi qan-qada haqqında kədərli hekayələr, bayatılar eşidirdi.

Bir yay Əliağa Şamaxıda, camaat arasında "Poçt yolu" adlandırılan küçədə balaca bir oğlanın tar çaldığını görür. Bu çalğı onun da kədərə, qüssəyə köklənmiş qəlbini titrədir. Atasından xahiş edir ki, ona da tar alsın. Ata oğlunun sözünü yerə salmır. Bakıya dönəndən sonra Əliağaya tar da alır, üstəlik, onu tar dərnəyinə də yazdırır. İki-üç il o, beləcə tar çalmaqla məşğul olur. 1934-cü ildə isə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilir.

Bununla belə, Əliağa Quliyevin hələ o zaman peşəkar musiqiçi, tarzən olacağı qətiləşməmişdi. Bu məsələ adi bir təsadüf nəticəsində dəqiqləşdi. Görkəmli tarzən bunu belə xatırlayırdı: "Birinci kursda oxuyarkən nəzərimi bir elan cəlb etdi. Üzeyir bəy Hacıbəyli özünün təşkil etdiyi notlu xalq çalğı alətləri orkestrində işləmək üçün gənc istedadlar - tarçalanlar arasında müsabiqə keçirirdi. Mən də özümü sınamaq qərarına gəldim. Üzeyir bəy mənə bir muğam, bir rəqs və bir neçə mahnı çaldırıb diqqətlə qulaq asdı və deyəsən, xoşuna gəldi. Əlini çiynimə qoyub: "Afərin, oğlum, - dedi. - Sən artıq bu gündən orkestrin üzvü olursan. Dərslərinlə yanaşı, məşqlərə də müntəzəm gəlməlisən". "Baş üstə, Üzeyir bəy" - deyib, otaqdan çıxdım. Bu, mənim Üzeyir bəylə ilk görüşüm idi. Məşqlərə çox zaman özü dirijorluq edərdi. Ansambldan fərqli olaraq, orkestrin tərkibində peşəkar musiqiçilərin olması mənim üçün böyük təcrübə məktəbi idi. Bir gün Üzeyir bəy mənə və bir neçə başqa tarzənə təzəcə yazdığı "Koroğlu" operasında simfonik orkestrlə birgə tar partiyalarını çalmağı təklif etdi. Birillik məşqdən sonra 1936-cı ildə opera teatrında və radionun orkestrində daimi işləməyə başladım..."

1937-ci ildə "Koroğlu" operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar çalırdı. Ü.Hacıbəyli bu orkestrin tərkibinə tar, balaban, kamança, nağara kimi xalq çalğı alətləri daxil edərək təkrarolunmaz bir milli kolorit yaratmışdı.

Növbəti ildə gənc tarzən Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edir. Bu ongünlükdə yüksək zövq və dünyagörüşünə malik Moskva tamaşaçısı simfonik orkestrin tərkibində milli alətləri görəndə xeyli təəccüblənir. Beləliklə, Əliağa Quliyevin tale yolunun müəyyənləşməsində, ən ibrətamiz həyat məktəbi keçməsində dahi Üzeyir bəyin böyük xidmətləri olmuşdur. Əliağa müəllim həmişə deyirdi ki, bu dahi insan öz nuru ilə milyonların ömrünü nurlandırıb. İllər keçsə də, Üzeyir bəyin ona olan səmimi münasibətindən fəxrlə danışar, iftixar hissi keçirərdi. Maestro Niyazi söhbətlərində həmişə xüsusi vurğulayırdı ki, Üzeyir bəy neçə-neçə gəncə qayğı göstərib, diqqətini, sevgisini onlardan əsirgəməyib. Dahi bəstəkarın inandığı, ifa qabiliyyətini bəyəndiyi sənətçilərdən biri də sevilən tarzən, sınaqlardan məğrur çıxmış Əliağa Quliyevdir.

1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olunur. Lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlanır. Tezliklə gənc tarzəni də cəbhəyə aparırlar.

...Ən çətin anlarda da qəlbində Azərbaycan təranələri səslənirdi. Elə bil onu düşmən üstünə hücuma qüvvətləndirən də, qanlı-qadalı döyüşlərdə ölümün caynağından qoparan, qoruyan da bu nəğmələr idi. Tarı da yanında idi. Sonralar yetirmələrinə həmişə deyirdi ki, tar Azərbaycan xalqının milli ruhunu canlandırır, milli musiqimizin özünəməxsusluğunu, təkrarolunmazlığını, incəliyini tərənnüm edir. Elə bir adam tapılmaz ki, tarın səsinin sehrinə düşməsin, onun sözsüz nəğmələrini dinləməsin.

 Amma Ukraynada gedən ağır vuruşmalar zamanı tarı məhv etmək, atmaq əmrini alır. Buna isə gənc sənətkarın gücü çatmır. Ona elə gəlir ki, tarı atarsa və ya basdırarsa, gələcəyi, sənəti torpağa gömülər. Tarı xəlvətcə öz qutusuna qoyub Bakıya yola salır.

Bəlkə bu hadisədə də bir rəmzi məna var idi. Doğrudur, doğmaları tarın bu "gəlişi"ndən qorxmuşdular. Amma yüzlərlə kilometr yol keçib Azərbaycana çatan tar sanki öz sahibinin də, onun sənətinin də ölməzliyinin müjdəçisi olmuşdu.

Əliağa Quliyevin cəbhə həyatı müharibənin əvvəlindən - 1941-ci ildən başlamışdı. Hələ Belarusun Qomel vilayətinin Çausı şəhərində qatıldığı döyüşlərdən hünər, qeyrət sahibi olduğu özünü büruzə vermişdi. O, cəmi bir neçə ay ərzində rabitəçi peşəsinə yiyələnmişdi. Halbuki başqaları buna bir ilə ancaq nail ola bilirdilər.

1942-ci ildə kiçik leytenant rütbəsində 712-ci atıcı alayının radio tağımına komandirlik edir. Az sonra isə rabitə bölüyünün komandiri təyin olunur. Onun rəhbərlik etdiyi bölük bir çox odlu-alovlu döyüşlərdə fərqlənir. Orduya rəhbərlik edən marşal Biryuzov dəfələrlə rəşadətli döyüşçü olan bu Azərbaycan oğlunun xidmətlərini qeyd edir.

1944-cü il sentyabrın 2-də Əliağa Quliyev ağır qəlpə yarası alır. Bu, Varşava uğrunda gedən ağır döyüşlərin birində baş verir. İxtisaslaşmış sanitar qatarı ilə Cənubi Qafqaza çatdırılan yaralı döyüşçü sonra Bakının Bayıl ərazisindəki hərbi hospitala yerləşdirilir. Bir neçə ay hospitalda müalicə olunur.

Müharibə artıq sona çatmaqda idi. Yaraları tam sağaldıqdan sonra onu Salyan kazarmasında qərarlaşmış 402-ci Azərbaycan atıcı diviziyasının 839-cu alayında rabitə komandiri təyin edirlər. Tezliklə düşmənin məğlubiyyət xəbəri hər yana yayılır. Qələbə gününü qvardiya kapitanı Ə.Quliyev Ələtlə Lənkəran arasında yerləşdirilmiş hərbi hissədə qarşılayır.

Əliağa Quliyev odlu cəbhələrdə bütün Azərbaycan oğulları kimi cəsarətlə, qeyrətlə vuruşmuşdu. Döyüşə sıravi əsgər olaraq atılsa da, qısa zamanda kapitan rütbəsinədək yüksəlmişdi. Müharibədə göstərdiyi hünərə görə bir çox orden və medallarla təltif olunmuşdu. İki dəfə "İgidliyə görə" medalı almışdı. "Qırmızı Ulduz" ordeninə, "Böyük Vətən müharibəsi" ordeninin iki dərəcəsinə (I və II dərəcələri) layiq görülmüşdü.

Həyat hadisələrinin bir-biri ilə bəzən qəribə təzadları, bəzən də ağlagəlməz harmoniyası olur. 1945-ci il mayın 9-da - Qələbə Günündə yaraları artıq qaysaq bağlamış gənc Əliağa Quliyev sanki bir anlığa yuxudan ayılır. Yadına düşür ki, 9 may onun doğum günüdür və artıq neçə ildir, yəni müharibə başlanandan bu, heç yadına da düşməyib. Ətrafdakılar da onu ad günü münasibətilə təbrik etmək iqtidarında, əhval-ruhiyyəsində olmayıblar. Birdən ona elə gəlir ki, təzədən doğulub, yeni bir həyat yaşamağa başlayır. Tarın cazibəsi isə onu hər an özünə çəkir...

Əliağa Quliyev az qala peşəkar hərbçi olacaqdı. Komandanlıq belə qərara gəlmişdi. Çünki müharibə illərində onun hərbçi kimi yüksək keyfiyyətləri üzə çıxmışdı. Keçmiş SSRİ-nin silahlı qüvvələri Əliağa Quliyevin şəxsində istedadlı bir zabiti, sərkərdəni görürdü. Lakin bu karyeraya dahi Üzeyir bəy "mane olur". Nə yaxşı ki, mane olur...

Üzeyir bəy Hacıbəyli gələcəyin böyük tarzəninin həyatında ikinci dəfə əhəmiyyətli rol oynayır. Belə ki, dahi bəstəkar ölkənin hərbi rəhbərliyinə müraciət etdikdən sonra onun ordudan tərxis məsələsi baş tutur.

Bununla da müharibədən bir il keçəndən sonra döyüşçüyə öz evinə qayıtmaq qismət olur. Gələn kimi yenidən tarı sinəsinə sıxır...

1946-cı ildə həyat və sənət yolları Əliağa Quliyevi böyük sənətkar Əhməd Bakıxanovla rastlaşdırır. O, Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansamblda beş ildən artıq çalışır. Burada konsertmeyster olur. Ansambl Əliağa Quliyevin sənətində əsl məktəb rolunu oynayır. O, burada elə püxtələşir ki, 1951-ci ildə artıq özü xalq çalğı alətləri ansamblı yaradır.

Böyük ürəyə, qayğıkeşlik, sənət eşqi, inam və vətənpərvərlik kimi gözəl keyfiyyətlərə malik olan Əliağa Quliyev Azərbaycan xalq musiqisini ürəkdən sevən və onun keşiyində sədaqətlə duran sənətkarlarımızdan idi. Muğamlarımızın gözəl bilicisi kimi sola ifası ilə onlara sanki yeni həyat bəxş edirdi. O, muğam operalarında müvəffəqiyyətlə çıxış etmiş onlarla müğənnimizin müəllimi olmuşdur. Eyni zamanda, özü də zəngin yaradıcılıq yolu keçmiş, yorulmadan ifaçılıq məharətini nümayiş etdirmişdir. Silsilə konsertləri milli musiqimizin təbliğində mühüm yer tutmuşdur. Onun ürək oxşayan, qəlbləri titrədən çalğısı ilk dəfədən dinləyicilərin yaddaşına həkk olunurdu. Klassik muğamlarda hər guşəni necə ifa etməyi, onun melodik və ritmik cəhətlərini necə açmağı, hər xalı necə vurmağı yerli-yerində bilən sənətkar idi. Ustad tarzən həmişə muğamlarımızın saflaşması üçün yeni yollara, ciddi axtarışlara can atırdı, bu zəngin xəzinənin dərindən öyrənilməsi yolunda yorulmadan çalışırdı. Milli musiqimizi təbliğ edən tarzənin repertuarının əsas hissəsini muğamlarımız təşkil edirdi. Onun hər şöbəsi, hər guşəsi sonu görünməyən ümman, dərin bir dəryadır. Bu dəryaya baş vurmaq, onu canlandırmaq həm mürəkkəb, həm məsuliyyətli, həm də xüsusi zövq bəxş edən işdir. Bir sözlə, Əliağa müəllim sarı simlə möcüzələr yaradırdı.

Kamil sənətkar müxtəlif illərdə Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Şövkət Ələkbərova kimi xalq tərəfindən sevilən görkəmli müğənniləri müşayiət etmişdir. Müşayiət tar çalandan ikiqat musiqi duyumu və ifa bacarığı tələb edir. Həm xanəndəyə, onun oxuma tərzində improvizə üsullarına tabe olmaq, onu "izləmək", həm də öz fərdiliyini, alətin texniki imkanlarını yeri gəldikdə üzə çıxarmaq müşayiətçinin dəqiqlik və diqqətinin göstəricisidir. Bu baxımdan ustad xanəndələrin tələblərinə cavab verən ifa göstərmək Əliağa Quliyev üçün böyük məsuliyyət idi.

"Leyli və Məcnun" operasının radioyazılışı Əliağa müəllimin tarda solo ifası ilə aparılıb. Operadan söz düşmüşkən, Ə.Quliyev Yavər Kələntərli, Əlövsət Sadıqov kimi opera müğənnilərini də məharətlə müşayiət edib. Sonralar bu sıraya Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova, Gülağa Məmmədov və başqaları qoşulmuşlar. Daha sonra onun tarının sədaları altında İslam Rzayev, Süleyman Abdullayev, Sabir Mirzəyev, Arif Babayev və başqaları çıxış etmişlər.

Özünün yaratdığı ansamblda ətrafına çoxlu istedadlı gəncləri toplaya bilmişdi. Bunlar həm müxtəlif alətlərin bacarıqlı ifaçıları, həm də müğənnilər idi.

Əliağa Quliyevin ansamblında Teyyub Dəmirov, Baba Salahov, Əhsən Dadaşov, Hafiz Mirzəyev kimi peşəkarlar çalışırdı. Maraqlıdır ki, bir zamanlar Ə.Bakıxanovun ansamblında püxtələşib musiqi kollektivinin rəhbəri kimi yetişən tarzənin sonralar öz ansamblından yeni ansambl rəhbərləri çıxır. O, yetirmələrinin həm təhsildə, həm də şəxsi həyatda qayğıları ilə maraqlanıb. O, elə bir səmimi ünsiyyət yaradırdı ki, onu sirdaş sanar, dərdlərini, sirlərini deyərdilər.

Əməkdar artist, müğənni Yaqut Abdullayeva gənclərin dostu və müəllimi olan unudulmaz sənətkarı belə xatırlayır:

- Əliağa müəllim həssas, diqqətcil insan idi. Tanıdığı insanların uğurlarına ürəkdən sevinərdi. Mən də mahnılar, təsniflər ifa etmək istəyirdim. Xoş təsadüf nəticəsində ustad sənətkarla rastlaşdım. Məqsədimi bilcək gülümsəyib: "İfanı eşitmişəm, qızım. Şirin, məlahətli səsin var. İstədiyin vaxt ansamblımızla məşq etməyə gələ bilərsən" - dedi. Ürəkləndim, qürur hissi duydum. Bir neçə bəstəkar və xalq mahnılarını lentə yazdırdım. Əliağa müəllimi tarımıza heykəl qoyan sənətkar kimi tanımışam, tanıyıram da...".

Görkəmli tarzən Əliağa Quliyev müxtəlif təşkilatlarda çalışmışdır. 1951-1955-ci illərdə Azərbaycan radiosunda baş redaktor və xalq çalğı alətləri ansambllarının rəhbəri olmuşdur. Sonrakı beş ildə Opera və Balet Teatrında solist-tarzən kimi fəaliyyət göstərmişdir. Onun "Rast", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Bayatı-Kürd", "Hümayun",  "Çahargah", "Çoban bayatı", "Şüştər" və digər muğamlarımızın ifasına çoxları məftun olurdu. 1960-cı ildən 1966-cı ilədək isə filarmoniyada xalq çalğı alətləri ansamblının rəhbəri işləmişdir. Bundan sonra bir neçə il Rəşid Behbudovun rəhbərlik etdiyi "Mahnı teatrı"nda solist-tarzən kimi fəaliyyət göstərmişdir.

1969-cu ildə yenidən filarmoniyaya qayıdaraq orada xalq çalğı alətləri ansamblının rəhbəri kimi çalışmışdır. 1978-ci ilədək bu vəzifədə olmuşdur. Həmin vaxtdan 1995-ci ilədək isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xalq çalğı alətləri ansamblının rəhbəri və musiqi konsertlərinin təşkilatçısı - rejissor işləmişdir.

Əliağa Quliyevin tarının təranələri Azərbaycanın sərhədlərini aşmış, bir çox xalqların nümayəndəsi olan dinləyici və tamaşaçıları da heyran etmişdi. Onun yolunu həm keçmiş SSRİ məkanının müxtəlif yerlərində, həm də yaxın-uzaq xaricdə gözləyirdilər.

Tarzən bir çox dövlət səviyyəli tədbirlərdə, keçmiş ittifaqı əhatə edən çoxsaylı müsabiqə, festival və digər musiqi məclislərində iştirak etmişdir.

Bir sözlə, Əliağa Quliyev bu sənətə mənalı ömrünün 65 ilini bəxş etmişdir. 30-dan çox ölkədə Azərbaycan musiqisini tarın sehrli pərdələrinin köməyi ilə insanlara çatdırmışdır. Bunlar Avropanın, Asiyanın, Afrikanın müxtəlif yerlərindəki ölkələrdir: Hindistan, Malta, Yəmən, Macarıstan, Misir, Çexiya və Slovakiya, keçmiş Yuqoslaviyanın ayrı-ayrı məkanları, İordaniya və s. Ustad tarzən Parij, Neapol, İstanbul, Varşava və digər böyük şəhərlərin ən geniş konsert salonlarında alqışlanmışdır.

O, 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində müvəffəqiyyətlə iştirak etmişdi. İki il sonra - 1973-cü ildə Almatıda, Asiya Ölkələri Xalqlarının Musiqi Festivalında da çıxışları eyni uğurla keçmişdir.

1983-cü ildə ustad sənətkarın tarı "Daşkənd - Qızıl Payız" müsabiqəsində, UNESCO-nun himayəsi altında keçirilən mötəbər musiqi məclislərində səslənmişdi.

Qastrol səfərlərindən söz düşəndə bir təqdirəlayiq faktdan da yan keçmək olmaz. Dünya şöhrətli Rəşid Behbudov "mahnılarla eldən-elə gedərkən" çox hallarda Əliağa Quliyev də tarı ilə birlikdə onunla yanaşı olmuşdur.

Əliağa Quliyevin görkəmli müğənnimiz Zeynəb Xanlarova ilə sıx yaradıcılıq əlaqələri, səmərəli əməkdaşlığı vardı. Bu da müğənninin təkcə Azərbaycanda deyil, onlarca digər ölkədə verdiyi konsertlərdə öz bəhrəsini göstərirdi.

Əlbəttə, bu dərəcədə kövrək duyğulu, incə qəlbli, musiqiyə bütün varlığı ilə bağlı olan insanın özü də mahnı bəstələməyə bilməzdi. Müxtəlif vaxtlarda ürəyindən qopan həmin melodiyalar "Dağlar", "Alyanaq", "Vüsal nəğməsi", "Əmək mahnısı", "Pambıqçı qızlar" və digər uğurlu nəğmələrə çevrilmişdi.

Xalq artisti, professor Ramiz Quliyev öz görkəmli həmkarını belə xatırlayır:

- Əliağa Quliyev uşaq kimi pak, məsum, olduqca xeyirxah bir insan idi. Mən çox insanlarla, mədəniyyət, incəsənət xadimləri ilə ünsiyyətdə olmuşam. Səfərlərdə, böyük məclislərdə olmuşuq. Əliağa müəllim kimi böyük-kiçik yeri bilən, ağayana, gözütox, səxavətli insan görməmişəm. O, köhnə kişilərin ruhunu, koloritini həm şəxsi həyatda, həm də musiqidə yaşadan tək-tək insanlardan idi.

Əliağa Quliyevin müşayiəti ilə uzun illər muğamlar, təsnif və mahnılar oxumuş mərhum xalq artisti İslam Rzayevin xatirələrində isə bu sözləri oxuyuruq: "Əliağa Quliyev kimi sənətkarın yoxluğu səhnəmizdə bir boşluq yaradıb. Onda Üzeyir bəyin, Qurban Pirimovun, Əhməd Bakıxanovun, Mansur Mansurovun nəfəsi vardı. Biz dünyanın bir çox ölkələrində bir yerdə çıxış etmişik. Əliağa müəllim hər bir müğənninin ürəyinin sarı siminə toxunan böyük sənətkar idi. Mən onunla səhnədə özümü çox güclü və inamlı hiss edirdim. Əliağa müəllim böyük həyat yolu keçmişdi, Üzeyir bəyin tərbiyəsini görmüşdü. Onun kövrəkliyi, şirinliyi, milli cizgiləri bəstələdiyi, çaldığı musiqilərdə idi. Mən onu tarımıza heykəl qoyan sənətkarlardan biri kimi qiymətləndirirəm".

Deyilənlər də təsdiq edir ki, Əliağa müəllim xasiyyətcə sadə və səmimi insan olub. Gənc musiqiçilərə həmişə qayğı və məhəbbətlə yanaşıb. Vaxtilə böyük ustadların ona göstərdiyi dəstəyi heç vaxt unutmayıb. Odur ki, özü də sənətə gələn gənclərə bir müəllim kimi əl tutmağa çalışıb.

Sağlığında Əliağa Quliyevi tanıyanların sözlərinə görə, o, həmçinin çox yüksək mənəviyyatlı insan olub. Heç kəsin pisliyini istəməyib.

Böyük sənətkarın yaradıcılığında da, şəxsi həyatında da azərbaycançılıq ənənəsi hökm sürüb. Başqa sözlə, onun həyatını başdan-başa milli kolorit bəzəyib. Əliağa Quliyev gözəl ailə başçısı, yeddi övlad - iki oğul və beş qız atası olub.

Bütün bunlarla bahəm Əliağa müəllim ciddi, məsuliyyətli insan idi. Buna görə də sovet dönəmində ona bir sıra ictimai vəzifələr də həvalə olunmuşdu. Məsələn, o, uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında partiya təşkilatının katibi, Azərbaycan Dövlət Qastrol-Konsert Birliyində həmkarlar təşkilatının sədri kimi fəaliyyət göstərmişdi.

Mahir tarzənə ümumxalq məhəbbəti öz əksini Azərbaycan dövlətinin ona verdiyi yüksək qiymətdə tapmışdır. Ə.Quliyev 1960-cı ildə respublikanın əməkdar, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Azərbaycan xalqının həmişə qəlbini riqqətə gətirən, sevilən və heç vaxt öz qədir-qiymətini itirməyən tar bu gün tarzənlərin yeni dəstəsinin barmaqları ilə dilə gəlir. Şairin haqlı olaraq "Səni kim unudar?" deyə müraciət etdiyi bu milli alət hər gün səslənir, hər an "oxuyur". Bəli, tarın özü kimi onun mizrablarını qəlbi ilə dilləndirən böyük sənətkarlar da əbədiyaşardırlar. Unudulmaz sənətkarımız Əliağa Quliyev məhz bu cərgədədir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan. - 2014.- 15 avqust.- S. 7.