Ölkəmizin qərbindən
şimalına doğru
Avqustun
13-də səhər tezdən Şəmkir şəhərindəki
Heydər Əliyev parkının qarşısında
böyük canlanma vardı.
AzərTAc xəbər verir ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan şəmkirli şagirdləri yola salmaq üçün rayon rəhbərliyi ilə yanaşı, təhsil işçiləri, valideynlər də toplaşmışdılar. Hər birinin çöhrəsindən təbəssüm oxunan məktəblilər sevinclərini gizlədə bilmirdilər.
Düyərli kənd 2 nömrəli orta məktəbin XI sinif şagirdi Nərmin Məsimova sevincini bu sözlərlə ifadə etdi: “Eşidəndə ki, belə bir aksiya keçirilir, mənim də həmin qrupun tərkibində olacağıma şübhəm qalmadı. Ona görə ki, təhsil aldığım illər ərzində yalnız “Əla” qiymətlərlə oxuyub, sinif yoldaşlarıma nümunə göstərilmişəm. Arzum ölkəmizin digər regionlarını da görmək olub. Artıq arzuma çatıram. Bu gün Azərbaycanın dilbər guşələrindən olan Quba, Qusar və Xaçmaz rayonlarına yola düşürük. Bu imkanı bizə yaradan Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Əllərində üçrəngli Azərbaycan bayrağı dalğalandıran digər şagirdlər də Nərminin ürək sözlərinə qoşularaq bu işin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu ilə ekskursiyaya yola düşən Şəmkir məktəblilərindən ibarət qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti Ceyhun Məmmədov isə belə dedi: “Dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən bu aksiya yetişməkdə olan nəsil üçün çox əhəmiyyətlidir. Şagirdlər gündən-günə çiçəklənən ölkəmizin hər guşəsini yaxşı tanımalıdırlar. Budur, 40 nəfər şagirdimiz Quba-Qusar-Xaçmaz marşrutu üzrə hərəkət edəcək. Biz Qusarda televiziya vasitəsilə izlədiyimiz “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gedəcək, Qubanın Xınalıq yolundakı şəlaləyə baxacaq, Xaçmazda bir sıra tarixi-memarlıq abidələri ilə tanış olacağıq. Söz yox ki, bütün bunlar şagirdlərimizə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək”.
Çox keçmədən
mərasim iştirakçılarının xeyir-duası ilə
Quba-Qusar-Xaçmaz marşrutu
ilə tur-aksiyada iştirak
edən şəmkirli məktəblilər avtobusa
əyləşərək yola
düşdülər.
Azərbaycan. - 2014.- 15 avqust.- S. 6.