Gənclərin vətənpərvərlik
tərbiyəsində veteranların böyük
rolu var
Ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Etiraf edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış siyasi-iqtisadi böhran gənclərin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərmiş, həmçinin cəmiyyətdə müəyyən ideoloji boşluğun dərinləşməsinə səbəb olmuşdur. Məhz bu boşluğu aradan qaldırmaq və gənclərin üzləşdiyi problemləri həll etmək məqsədilə ulu öndər Heydər Əliyev "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında" 1994-cü il 26 iyul tarixli fərman imzaladı. Yeni nazirlik gənc kadrların formalaşması, onların dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə yaxından cəlb edilməsi istiqamətində mühüm işlər gördü.
1996-cı ildə Heydər Əliyevin birbaşa təşəbbüsü ilə respublika gənclərinin I forumu keçirildi, ölkə gənclərinin gələcək fəaliyyət proqramı qəbul edildi. Qeyd etmək istəyirik ki, Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa ölkələri arasında Azərbaycan qədər gənclərə və onların problemlərinin həllinə diqqət və qayğı göstərən ikinci bir dövlətin adını çəkmək qeyri-mümkündür.
Ulu öndərin gənclərə inanmağı, onlara meydan verməyi tövsiyə edirdi. 1999-cu ildə gənclərin II forumunda çıxışı zamanı gənclərə xitabən dediyi: "Gənclər, bu dövləti sizə etibar edirəm. Gələcək sizindir!" sözləri də bunu sübut etdi. Məhz bu uğurlu siyasətin nəticəsi idi ki, o vaxt gənclər hərəkatının fəallarından bir çoxu bu gün Milli Məclisdə təmsil olunur, yaxud da yüksək dövlət vəzifələrində çalışır.
Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu uğurlu siyasət ondan sonra da dəyişməz qalmışdır. Ümummilli liderin dövlət quruculuğu və idarəetmə sahəsindəki zəngin ənənələri Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" gənclər siyasətinin həyata keçirilməsi rolunda əsas fəaliyyət sənədi olmuşdur. Dövlət proqramı nəticəsində dövlət gənclər siyasətinin həyata keçirilməsində mühüm dəyişikliklər baş vermiş, yüksək nailiyyətlər qazanılmışdır. Gənclərin vətənpərvərlik tərbiyəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı artırılmışdır. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyət artırılmış, regionlarda yaşayan gənclərin səylərini stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlər əldə edilmişdir. Bununla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı imkanlarının ümummilli məsələlərin həllinə yönəldilməsi dövrümüzün tələbidir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli sərəncamı ilə "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" təsdiq olunmuşdur. Əvvəllər qəbul edilmiş sənədlər kimi bu yeni dövlət proqramı da zəngin və effektlidir. Onun əsas məqsədi gənclərin menecment sahəsində iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı, sosial-iqtisadi problemlərini həll etməkdir.
Gənc nəslin sağlamlığı və mənəvi yüksəlişi ilə bağlı tədbirlər də bu gün ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilir. Ulu öndər istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm tədbirlər həyata keçirmiş, maddi-texniki bazanın formalaşdırılmasına, bir vaxtlar laqeydlikdən dağılmış idman infrastrukturunun yenidən bərpasına nail olmuşdur. Atlanta, Sidney, Afina və s. olimpiadalarında idmançılarımızın uğurlu iştirakı bunun sevindirici nəticələridir.
1997-ci ildə ARDNŞ-nin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin rəhbərliyinə gəlməsi ilə Azərbaycanın idman tarixində yeni bir səhifə açıldı. Respublikanın idman hərəkatında kompleks tədbirlər planı hazırlanaraq idmançıların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılmış, perspektivli idmançılara təqaüdlər verilməyə başlanmışdır. Normal şəraitdə məşq etmələri üçün idmançılara müasir maddi-texniki bazası olan idman kompleksləri tikilmişdir. Cənab İlham Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Bakıda müasir tipli ilk Olimpiya idman kompleksi tikilib istifadəyə verilmişdi.
Son illər Azərbaycanda idmanın kütləviləşməsi, respublikamızda dünya və Avropa miqyaslı turnirlərin təşkili, gənc nəslin bədən tərbiyəsinə marağının artması dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət strategiyasına əsaslanır. 2000-ci ildən bugünədək Azərbaycanın müxtəlif bölgələrində olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bakının Binəqədi rayonunda müasir tələblərə cavab verən Tennis Akademiyasının, Hövsan qəsəbəsində Olimpiya İdman Kompleksinin, Mingəçevirdə Avropada analoqu olmayan avarçəkmə bazasının inşası, Bakıda Gimnastika Kompleksinin təməl daşının qoyulması, 2015-ci il Avropada ilk olimpiada yarışlarına hazırlıq işlərinin geniş vüsət alması, idman hərəkatının inkişafına, vətəndaşların sağlam həyat tərzinin formalaşdırılmasına, gənc nəslin fiziki-mənəvi tərbiyəsinə, idmançıların beynəlxalq yarışlarda uğurla çıxış edə bilməsinə yüksək səviyyəli idmançıların və milli yığma komandaların hazırlanmasına yönəldilmişdir.
Təəssüflə qeyd etməliyik ki, ölkəmizdə müxtəlif dini təriqətlərə, missioner təsirlərə məruz qalan, narkotik və psixotrop vasitələrə mübtəla olmuş gənclər də var. Bəzilərinin sorağı xarici terror qruplaşmalarından - aldadılaraq atıldıqları Yaxın Şərqin ağır döyüş bölgələrindən gəlir. Buna görə dövlət onların hüquqi maarifləndirilməsi sahəsində təbliğat işlərini gücləndirir, ayrı-ayrı təriqətçi missionerlərin şirnikləndirici vədlərinin arxasında gizlənən məkrli niyyətlərini ifşa etməyə çalışır.
Yasamal Rayon Polis İdarəsi Veteranlar Şurasının üzvləri bu cür insanlarla profilaktik tərbiyəni daim diqqət mərkəzində saxlayırlar. Eyni zamanda, polis sıralarına yenicə qoşulmuş gənclərə hamilik işini uğurla həyata keçirir, gənclərin peşə hazırlıqlarının yüksəldilməsinə kömək edir, daxili işlər orqanlarının zəngin və maraqlı tarixi, şanlı ənənələri haqqında onlara məlumatlar verilir.
Prezident İlham Əliyevin 2007-ci il 28 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə proqramı" da gənclər arasında narkomanlığın qarşısının alınması üçün qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilməsini nəzərdə tutur. Eyni zamanda, hüquq-mühafizə orqanları qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsinə və onlardan sui-istifadəyə qarşı mübarizə tədbirlərini daha da gücləndirmək vəzifəsini qoyur. Bu günlərdə icrasına başlanmış yeni layihə - "Cəza çəkməkdən azad edilmiş gənclərin sosial adaptasiya mərkəzi"nin yaradılması həbsxana həyatı yaşamış yeniyetmələrə və gənclərə dövlət qayğısını bir daha sübut edir. Gənclərin Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin həyata keçirdiyi bu layihə cəza çəkməkdən azad edilmiş gənclərin sosial adaptasiya mərkəzinin yaradılması yolu ilə onlar arasında cinayətkarlığın azaldılması, cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial problemlərinin həll edilməsi, onların sosial mühitə uyğunlaşmalarına nail olunması, bu cür insanların qanunlara riayət etməklə yaşadıqları cəmiyyətdə tamhüquqlu vətəndaş kimi formalaşmaları üçün sosial-psixoloji və hüquqi məsləhətlərlə təmin edilmələrini nəzərdə tutur. Bütün bu məsələlər şuramızın bugünkü və gələcək fəaliyyət proqramının əsasını təşkil edir.
Yasamal Rayon Polis İdarəsinin Veteranlar Şurası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətini dəstəkləyərək gənc nəslin vətənə sədaqət, mənəvi-əxlaqi ənənələrə hörmət ruhunda tərbiyə olunması və respublikamızda ictimai-siyasi sabitliyin qorunması məqsədilə bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Unutmayaq ki, gənclərin vətənpərvər yetişməsində, onların sağlam əqidəyə sahib olmasında veteranların böyük rolu var.
Vəliyəddin
SULTANOV,
Yasamal Rayon Polis İdarəsi Veteranlar Şurasının
sədri
Azərbaycan. - 2014.- 10 avqust.- S. 3.