Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəz əməkdaşlığa dəvət edir

 

Avqustun 8-də Ukrayna paytaxtında akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin nəşri olan elmi-tibbi kitabın təqdimatı keçirilib. Tədbir Ukrayna Səhiyyə Nazirliyinin P.L.Şupik adına Diplomdansonrakı Milli Tibbi Təhsil Akademiyasının Elmi Şurasının böyük salonunda keçirilib.

Təqdimatda Azərbaycan Ukraynadakı səfirliyinin, Ukrayna Səhiyyə Nazirliyinin, Dövlət Sanitariya-Epidemiologiya Xidmətinin və Ukrayna Milli Tibb Akademiyasının, habelə Mərkəzin idarə heyətinin, qurumun Əlaqələndirmə və Elmi şuralarının üzvləri, tibb elmləri, təhsil və səhiyyə sahəsində tanınmış Ukrayna alimləri, KİV-lərin nümayəndələri iştirak ediblər.

Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, həmvətənimiz, tibb elmləri doktoru, professor Aydın Salmanov qurumun adından tədbir iştirakçılarına müraciət edib.

Alim çıxışında bildirib ki, kitaba Kiyevdə baş tutan beynəlxalq elmi-praktik konfransın iştirakçılarının elmi əsərləri daxildir. Konfransda Ukrayna alimləri ilə bərabər, Azərbaycan, Almaniya, Fransa, Kanada, ABŞ və Türkiyənin nümayəndələri məruzə ediblər.

Tədbir iştirakçıları – Ukrayna Səhiyyə Nazirliyinin, Dövlət Sanitariya-Epidemiologiya Xidmətinin və Milli Tibb Elmləri Akademiyasının nümayəndələri elmi-praktik konfransın təşkilinə və forum iştirakçılarının elmi əsərlərinin nəşrinə görə akademik Zərifə Əliyeva Adına Beynəlxalq Elmi-Tibbi Mərkəzə minnətdarlıqlarını bildiriblər.

AzərTAc-ın xəbər verdiyi kimi, konfransda professor Aydın Salmanovun görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş iki kitabının təqdimatı olub.

Professor onu da bildirib ki, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin təşəbbüsü ilə yaxın günlərdə Azərbaycan və Ukrayna alimlərinin tibb elmləri, təhsil və səhiyyə sahəsində I Beynəlxalq forumu keçiriləcək.

Elmi simpozium iki qardaş dövlətin alimlərinin əməkdaşlığının dərinləşməsi və genişlənməsi məsələlərini müzakirə etmək məqsədi daşıyır. Tədbirin keçirilməsi tarixiyeri, habelə iştirakçıların tərkibi dəqiqləşdirilir. Bu barədə akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəsmi saytında əlavə məlumat yerləşdiriləcək: http://zarifacenter.org.

Sonda A.Salmanov Azərbaycan alimlərini, biznesmenlərini, Ukrayna, Azərbaycan və digər ölkələrin əlaqədar dövlət və ictimai qurumlarını əməkdaşlığa dəvət edib.

Mərkəzlə zarifacenter@gmail.com. elektron poçtu vasitəsilə əlaqə saxlamaq olar.

 

Zeynal Ağazadə

AzərTAc–ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan. - 2014.- 10 avqust.- S. 5.