Səba şəhəri haqqında mülahizələr
"Bakı şəhəri
qarşısında, dəniz içərisində indi də
görünən bürclərdən, hasarlardan, qəbir
daşlarından və tarixçilər tərəfindən
bu şəhərin keçmiş vəziyyəti haqqında
yazılan təsvirlərdən məlum olur ki, dörd-beş
yüz il bundan əvvəl abad olan yerlər indi su
altında qalmışdır. Ehtimal ki, bir zamandan sonra bu yerlər
yenə zahirə çıxsın".
A.A.BAKIXANOV
Azərbaycan ərazisi çox qədim və zəngin
tarixə malikdir. Bu tarix öncə sirlər, əfsanələr
örtüyünə bürünmüş qədim şəhərlərin
qalıqlarında, dəbdəbəli saraylarda, ahəngdar
biçimli, incə naxışlı türbələrdə,
monumental məscidlərdə, xalqımızın yadelli
işğalçılara qarşı "düyünlənmiş
yumruqları" olan möhtəşəm qalalarda
yaşayır.
Bəli, qədim abidələrdən hər biri həqiqətən
yarandığı dövrün ictimai-siyasi hadisələrini,
ulu nəsillərin arzu və istəklərini, estetik
zövqünü əks etdirən daş salnamələrdir. Zaman etibarilə
yaxın-uzaq nəsillərin yaratmış olduqları
bütün nadir sənət inciləri bizə
doğmadır, əzizdir. Çünki
onların bu gün bizdə oyatdığı dərin iftixar
hissi azadlıq uğrunda qanlı vuruşmalarda sarsılmayan
ulu nəsillərin sönməz istedadından, cəsarətindən,
silinməz izlərindən xəbər verir. Tarixi abidələr xalqın keçmişini, onun tərəqqi
və tənəzzül çağlarını parlaq əks
etdirir, qüdrətinə ehtiram ilə baş əydiyimiz sənətin
sirlərindən söhbət açır. Bu abidələrdə ötüb keçən əsrlərin
sənətkarlığı və incəsənəti həkk
olunaraq bizim zamana qədər gəlib
çatmışdır.
Bakıda,
Xəzər dənizinin sahilində, mənzərəli yerdə
bir ada var. Bayıl yaşayış sahəsinin
yaxınlığındakı bu adada vaxtilə inşa
olunmuş bir abidəni həmin yerin adına
müvafiq olaraq "Bayıl qəsri" və ya "Səbail
qəsri" adlandırmışlar. 1306-cı
ildə Bakıda baş vermiş güclü zəlzələ
zamanı tikinti dağılmış və bir neçə əsr
suyun altında qalmışdır. Ada Xəzər
dənizinin geri çəkilməsi nəticəsində,
yalnız XVIII əsrin əvvəllərində, daha dəqiq
desək 1723-cü ildə suyun altından üzə
çıxmışdır.
"Bayıl
qəsri"nin sirri əsrlər boyu
Bakıya gələn alim və səyyahların, tədqiqatçı
və arxeoloqların diqqətini özünə cəlb
etmişdir. Təxminən yeddi əsr bundan əvvələ
aid edilən bu abidə Azərbaycanın qədim mədəniyyətə
malik ölkə olduğunu bir daha sübut edir.
XIX əsrdə
Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov, rus alimləri,
şərqşünasları və səyyahları
İ.N.Berezin, S.Q.Qmelin, B.A.Dorn, V.V.Bartold, A.K.Markov və
başqaları "Bayıl qəsri" haqqında ehtimal
xarakterli məlumatlar vermişlər. Tədqiqatçı
alimlər onu "Səbayıl qalası", "Səba
şəhəri", "Bayıl qəsri", "Bəndərqala",
"Yeraltı şəhər", "Karvansara",
"Xanəgah", "Monastr",
"Gömrükxana", "Müdafiə qalası" və
s. adlandırmış, qəsrin nə məqsədlə
tikilməsi, tarixi rolu və fəlakətə
uğramasının səbəbi haqqında elmi fikirlər,
ehtimallar söyləmişlər.
Təxminən
iki yüz əlli il bundan əvvəl suyun
altından görünən tikinti haqqında dəqiq elmi
fikir söyləmək qeyri-mümkün idi. Qəribə
quruluşlu bu bina kimlərə məxsus idi? Kimlərin taleyi onunla bağlı idi? Alimlərin qarşısında xeyli problemlər
dururdu.
Uzunluğu
180, eni 40 metr olan bu tikinti, aralarındakı məsafə 16
m-dən 28 m-yə qədər olan 15 ədəd yarımdairə
qala vasitəsilə divara birləşdirilmişdir. Dörd künclərdəki qalanın biri
(şimaldakı) monolit olsa da, qalanları kiçik kamera ilə
bir-birinə bağlanmışdır. Divarların
qalınlığı 1,2-1,5 m-dir. Divar ayrı-ayrı daş
tavalarda düzəldilmiş frizli yazılarla
(hündürlüyü 70 sm, eni 25-50 sm,
qalınlığı 12-15 sm) əhatə olunmuşdur.
Abidənin ətrafında XX əsrin ortalarında
geniş arxeoloji qazıntı işləri
aparılmışdır. 1939-cu ildən 1969-cu ilə kimi Azərbaycan
Elmlər Akademiyası Tarix İnstitutunun təşkil etdiyi
arxeoloji ekspedisiya professor E.Paxomovun, arxeoloqlar İ.Cəfərzadə
və Ö.İsmizadənin rəhbərliyi ilə müxtəlif
vaxtlarda 699 ədəd yazılı daş tavalar əldə
etmişdir. Bu daşlar hal-hazırda İçərişəhərdə
- Şirvanşahlar sarayının həyətində qorunur.
Daşların üzəri ərəb və fars
yazıları ilə yanaşı, zəncirvari ornament, insan,
heyvan, quş və əfsanəvi heyvan təsvirləri ilə
frizlənmiş və bəzədilmişdir. Bu
daş tavaların üzərindəki təsvirlərdən
görünür ki, onları hazırlamış sənətkarlar
yüksək zövqə və incə müşahidəçilik
qabiliyyətinə malik olmuşlar.
Bayıl daşları Şirvanşahlar dövründəki
mədəniyyətimizi öyrənmək cəhətdən
dəyərli sənət əsəridir. Lakin bu daş
abidələrə zaman öz təsirini göstərə
bilmişdir. Dənizdən
çıxarılmış daşların 30 faizə qədəri
əsrlər boyu ləpələrin təsirindən ziyan
çəkmiş, onların üzərindəki yazı və
təsvirlər qismən pozulmuşdur. Bundan
əlavə, daşların hamısını əldə etmək
mümkün olmamışdır.
Daşların
üzərində uzun müddət axtarışlar
aparmış qocaman arxeoloq İ.Cəfərzadə usta Zeynəddin
Əburəşid oğlunun adını, professor E.Paxomov
630-632-ci illər hicri tarixini (1232-1234-cü illər), Məhəmməd,
Yezid, Fəribürz, Gərşəsb kimi
Şirvanşahların adlarını, Bakı, Şamaxı
şəhər adlarını, sultan, şah titullarını
oxumuşlar. Ə.V.Salamzadənin mülahizəsinə
görə, "Bayıl qəsri" Şirvanşahlara məxsus
olmuşdur.
1965-ci ildə Şirvanşahlar sarayı kompleksi dövlət
tarixi-memarlıq qoruğu muzeyində yazılı
daşların səliqəyə salınıb oxunması
üçün xüsusi laboratoriya təşkil
edilmişdir.
Həmin laboratoriyada oxunmuş daşlar da bəhs
edilən fikri əsaslandırır. Oxunmuş
daşların üzərindəki yazılar IX-XIV əsrlər
Şirvan və Şirvanşahların tarixi, o dövrün
görkəmli şəxsiyyətləri, abidənin inşasında
iştirak etmiş Zeynəddin bin Əburəşid, Əburəşid
bin Zeynəddin kimi sənətkarlar sülaləsi və
başqaları haqqında ilk dəfə maraqlı məlumatlar
vermişdir. Eyni zamanda, bu yazılar əsasında
abidənin tikilmə tarixi də dəqiqləşdirilmişdir.
Tədqiq edilmiş kitabələrə əsasən
müəyyən edilmişdir ki, qəsr Xəzər dənizinin
sahilə yaxın hissəsində, Bayıl təpələrindən
birində 1232-1234-cü illərdə Şirvanşah Gərşəsbin
oğlu Fəribürzün dövründə tikilmişdir.
Frizli
yazıların içərisində "Bayıl qəsri"nin memarı Əbdül-Məcid Məsud
oğlunun adının bərpa edilə bilən yazı
fraqmenti tapılmışdır. Bu memar eyni
dövrdə, yəni XIII əsrin 30-cu illərində
Abşeronun vahid müdafiə sisteminə daxil olan, şəhəri
və Bayıl qəsrini şimaldan müdafiə edən Mərdəkan
dəyirmi qalasını da tikmişdir.
Bayıl qəsrinin tikintisində istifadə edilən
daşların quruluşu təxminən səkkiz əsr bundan
əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək
səviyyədə olduğunu təsdiq edir. Üzərində
ardıcıl olaraq Şirvanşahların adları
yazılmış daşlarda hər hökmdarın
adının üzərində onların rəmzləri olan
simmetrik insan, heyvan, quş və mifik təsvirlər
verilmişdir.
Yazılı daşlar içərisində
gürcülərə aid kitabələrə və
gürcü qadınlarına məxsus baş təsvirinə
də rast gəlinir. Bu da təsadüfi deyildir. O vaxt
gürcülərlə azərbaycanlılar arasında nəinki
dostluq, hətta qohumluq əlaqələri olmuşdur.
Ola bilsin ki, müxtəlif tərzdə təsvir
edilmiş realist təsvirlər illəri təmsil edirmiş. Canlı təsvirlər
içərisində üzərində anfas şəklində
işlənmiş öküz başı daha
maraqlıdır. Eyni təsvirə qala
divarının şərq darvazası üzərində və
Qız qalası ətrafında tapılmış daşda da
təsadüf edilir. Üç müxtəlif
yerdə öküz təsviri Azərbaycan xalqının
qüvvət və şücaəti, onların yadelli
işğalçılara qarşı qəhrəmanlıqla
apardıqları mübarizəsinin rəmzidir.
Bəzi canlı təsvirlərin ayrı-ayrı fraqmentləri
natural həcmində at və şir barelyeflərinin
olmasını göstərir. Üzlərində
insan başının anfas təsviri və Fəribürzün
adı olan daş da maraqlıdır. Bu, qəsr
tikilən vaxt hökmranlıq etmiş şahın öz
barelyefidir.
Yazılı
daşlarla yanaşı, qəsrin içərisindən XIII əsrə
aid edilən şirsiz saxsı və məişət əşyaları,
üzərində Şirvanşah Fəribürz bin Gərşəsb
və Xassif Ən-Nasirin (1180-1225) adları yazılmış
mis pul tapılmışdır.
Səba əhli və Səba yurdu haqqında xalq
etimalogiyası dilində bir çox əfsanələr
vardır. Bu əfsanələrə istinadən ehtimal etmək
olar ki, Bakı yaxınlıgında Səba adlı gözəl
bir məmləkət və yaxud şəhər olmuşdur.
Səba, Səba əhli və Səba yurdu haqqında
Qurani-Kərimin "Nəml" (Qarışqalar) və
"Səbə" (Səba) surələrində məlumat
verilir. Səba əhlinin Günəşə sitayiş
etdiyi, hökmdarlarının isə Bəlqis (Bilqeys) adlı
zəka sahibi olan qadın olduğu bildirilir. Süleyman peyğəmbər Allahdan başqasına
(Günəşə, Aya) ibadət etməyi ona qadağan
edir.
"Səba" surəsində isə Səba yurdunun
sağdan və soldan dağla əhatə olunmuş iki gözəl
bağçaya malik diyar olduğu, daha sonralar isə itaətdən
üz döndərdikləri üçün ora Arim (ərim)
seli göndərilərək yurdlarını su
basdığı və onların pərən-pərən
salınaraq dillərdə dastan edildiyi bildirilir.
Tarixdən məlumdur ki, səba xalqı cənubi Ərəbistanda
yaşamış dörd böyük sivilizasiyadan biridir. Səba
qövmündən bəhs edən mənbələrdə
onların geniş ticarətlə məşğul olan bir
dövlət olduğu bildirilir. Bu dövlət
Avropa ölkələri ilə sıx iqtisadi-mədəni və
ticarət əlaqəsi saxlamışdır. Səbalılar tarixdə mədəni bir xalq olaraq
tanınmışdır. Səba
hökmdarlarının kitabələrində "təmir etmək",
"vəqf etmək", "inşa etmək" kimi kəlmələr
daha çoxdur. Bu xalqın ən
mühüm əsərlərindən olan Marib bəndi də
onların əldə etdiyi texniki səviyyənin əyani
sübutlarından biridir.
Səba dövləti bölgənin ən güclü
ordularından birinə sahib olaraq, özünün inkişaf
etmiş mədəniyyəti və ordusu ilə öz
dövründə həmin bölgənin sözün tam mənasında
bir fövqəl gücü idi. Quranda qeyd edilən bir
ifadə Səba ordusunun sərkərdələrinin
özünə necə güvəndiyini göstərir.
Sərkərdələr Səbanın qadın
hökmdarına belə deyirlər: "...Biz böyük bir
qüvvət və qüdrət sahibiyik. Hökm
sənindir. Nə əmr edəcəyini özün
müəyyən et". (Nəml surəsi,
33)
Səba xalqı həmin dövrə uyğun şəkildə
inkişaf etmiş texnologiya əsasında qurduğu Marib bəndi
ilə böyük bir suvarma (irriqasiya) sisteminə də sahib
idi. Bu üsulla əldə etdikləri bol məhsullu
torpaqlar və ticarət yollarına nəzarət etmələri
onların möhtəşəm və rifahlı bir həyat
sürmələrinə səbəb olmuşdu. Səba ölkəsinin paytaxtı yerləşdiyi
üstün coğrafi məkan baxımından çox zəngin
olan Marib şəhəri idi. Paytaxt həmin
yerdən axan Adhana çayının çox
yaxınlığında yerləşirdi. Mədəniyyətlərini qurmaq mərhələsində
olan səbalılar bundan məharətlə istifadə edib
burada bir bənd inşa etmiş və çox asanlıqla
suvarma işinə başlamışdılar. Bu bənd sayəsində çox yüksək rifah
səviyyəsinə yüksəlmişdilər. Paytaxt Marib o dövrün ən inkişaf etmiş
şəhərlərindən biri idi. Bölgəni
gəzən və bu diyarı çox tərifləyən
yunan tarixçisi Plini buranın necə yaşıl və
bağ-bağatlı bir yer olduğundan bəhs etmişdi.
Maribdəki
bu bəndin hündürlüyü 16 metr, eni 60 metr,
uzunluğu isə 620 metr idi. Hesablamalara görə, bənd
vasitəsilə suvarılan sahə cəmi 9600 hektar idi ki,
bunun da 5300 hektarı cənub, qalanı isə şimal düzənliyinə
aid idi. Səba kitabələrində bu iki
düzənlik haqqında bəzən "Marib və iki
düzənlik" deyə bəhs edilirdi. Qurandakı "sağdan və soldan iki bağ"
ifadəsi də çox güman ki, həmin iki düzənlikdəki
möhtəşəm bağ-bağata və bostanlara işarə
edir. Bu bənd və suvarma sistemləri sayəsində
bölgə Yəmənin ən yaxşı suvarılan və
ən məhsuldar olan hissəsi kimi ad qazanmışdı.
Fransız J.Holevi (J.Holevy) və avstriyalı
Qlaser (Glaser) Marib bəndinin çox qədim dövrlərdən
bəri mövcud olduğunu sübut etdilər.
Eramızın 542-ci ilində dağılan bu bənd Quranda haqqında bəhs edilən "Arim" selinə səbəb olmuş və böyük dağıntılara gətirib çıxarmışdı. Səba xalqının yüz illərdən bəri becərdiyi bağlar, bostanlar və əkin sahələri tamamilə yox olmuşdu. Bəndin dağılmasından sonra Səba xalqının da sürətlə tənəzzül etməyə başladığı görünür. Bəndin dağılması ilə başlayan bu mərhələnin sonunda Səba dövlətinin özü də süquta uğramışdı.
Səba hökmdarı Günəşə sitayiş edən bir xalqın icində yaşamağına baxmayaraq, hz.Süleymanın səmimi üslubla yazdığı məktubundan, məntiqli davranışından, güçlü hakimiyyətindən və ehtişamlı sarayından çox təsirlənmiş və bütün bunlar onun iman gətirib müsəlman olmasına səbəb olmuşdur.
Quranda bildirilən Səba hökmdarı haqqındakı bütün bu məlumatlara hikmət gözü ilə baxanlar ücün çoxlu ibrət və tərbiyə var. Səba hökmdarının məntiqli davranışı düzgün olanı daha asanlıqla başa düşməsini və səmimi hərəkət etməsini təmin etmişdir. Bundan başqa, haqqı görəndə əvvəlçə çox fərqli bir inama sahib olmasına baxmayaraq, heç tərəddüd etmədən Allaha təslim olub iman gətirməsi nümunə götürülməli olan bir davranış idi.
Ərəbistan yarımadasında, eləcə də yaxın coğrafi ərazidə "Səba" toponiminin işlədildiyi etimaloji yaşayış sahəsi yalnız Bakı yaxınlığındakı "Səbayel" rayonu və tarixi "Səbayel Qalası"dır. Müasir Türkiyədə coğrafi-iqtisadi rayonlar "il" - yəni "el" olaraq adlandırılır. Nəticədə, türk dilində bu ərazidə "Səba" toponiminin yaranmasına səbəb, səbalıların - yəni səba xalqının, səba elinin bu yerə köçüb, burada yaşaması ilə əlaqədar olmuşdur. Tarixdən məlumdur ki, xalqın və ya toplumun adını daşıyan toponim heç vaxt itmir. Xalq bir yerdən başqa yerə köçsə də onun adını daşıyan toponim onunla bərabər gəzir. Ərəb, fars və türk mənşəli toponim və yer adları Azərbaycan ərazisində kifayət qədər çoxdur.
Nəhayət, Quranda haqqında bəhs edilən indiki Yəmənin ərazisində VI əsrdə inkişaf etmiş Səba dövlətinin, atəşpərəst Səba elinin Arim (ərim) seli nəticəsində böyük dağıntılara məruz qalması, onların bir qisminin məskən salmaq üçün atəşlər məkanı kimi məşhur Abşeron torpaqlarına qədər gəlmələrini və Bakı yaxınlığında məskunlaşmalarını ehtimal etmək olar.
Bütün bunlara və Quranda bildirilən "Səba şəhəri", "Səba hökmdarı" haqqındakı məlumatlara istinadən ehtimal etmək olar ki, qədim dövrlərdə Xəzər dənizinin sahilində, Bakı yaxınlığında "Səba" adlı şəhər olubmuş.
"Bayıl qəsri" və Bayıl daşları Azərbaycanın qədim tarixini, mədəniyyətini, incəsənətini öyrənmək baxımından dəyərli mənbədir. Bu unikal abidə və frizlənmiş sənət əsərlərini yaşatmaq, təbliğ etməklə ulu keçmişimiz haqda gözəl xatirələr əldə edə bilərik. Yaxın gələcəkdə bu abidə ətrafında aparılacaq arxeoloji qazıntılar, habelə biblioqrafik tədqiqatlar Səbayel qalasının, habelə Səba şəhərinin sirlərinin açılmasına, eləcə də Bakının qədim tarixinin işıqlandırılmasına imkan verəcəkdir.
Kamil İBRAHİMOV,
tarix üzrə elmlər doktoru, professor
Abbas SEYİDOV,
tarix üzrə
elmlər doktoru, professor
Azərbaycan. - 2014.- 10 avqust.- S. 5.