Qəbələdə “ASAN xidmət”in səyyar fəaliyyətindən yüksək razılıq edirlər

 

Avqustun 9-dan səyyar "ASAN xidmət" Qəbələ şəhərində "məskunlaşıb". Məqsəd Qəbələ və Oğuz sakinlərinə xidmət etməkdir. 10-a yaxın xidmət növünə notariat fəaliyyəti, şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzillər) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi və sair daxildir. Səyyar xidmət Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə  Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilir.

"ASAN xidmət"in nümayəndəsi Cəlal Hacıyev bildirdi ki, müraciət edən vətəndaşlara həssaslıqla yanaşılır, onlar istədikləri sənədi vaxt itirmədən, rahat şəkildə ala bilirlər. C.Hacıyev qeyd etdi ki, gün ərzində 400-500 vətəndaşa xidmət göstərilir. Bununla hər gün orta hesabla 130 nəfər şəxsiyyət vəsiqəsi, 150 nəfər vətəndaş pasportu, 60 nəfər sürücülük vəsiqəsi alır, 35 nəfərə notarial, 30 nəfərə əmək pensiyası, 30 nəfərə daşınmaz əmlak, 30 nəfərə isə torpaq kadastrı ilə bağlı xidmətlər göstərilir. C.Hacıyevin dediyinə görə, səyyar xidmət müddəti, ehtiyac olarsa, uzadıla da bilər. Xatırladaq ki, Zaqatala, Qax və Balakən rayon sakinlərinə 4 gün əlavə xidmət göstərilmişdi.

"ASAN xidmət"ə müraciət edən vətəndaşlar işin təşkilindən, insanlarla münasibətdən razılıqlarını bildirirlər. Qəbələ şəhər sakini Zahir Kərimov uşaqları üçün şəxsiyyət vəsiqəsini o qədər də vaxt itirmədən və özü demiş, "əsəb xərcləmədən", rahat şəkildə alıb:

- Xidmət yüksək şəkildə təşkil olunub, hətta bu cür xoş qarşılanma bəzi insanlara qəribə təsir bağışlayır - heç bir "şərt" qoyulmadan istədiyin sənədi ala bilirsən. Vacib sənədləri alarkən müvafiq idarələrdə tez-tez eşitdiyin "müdir yerində yoxdur", "sabah gələrsən" və ya "məşğuluq, vaxt yoxdur " ifadələri "Asan xidmət"in əməkdaşlarına yaddır. Bu xidmətin yaradılmasına görə möhtərəm Prezidentə minnətdarlığımızı bildiririk. Nazirlər Kabinetindəki müşavirədə dövlət başçısı xüsusi vurğuladı ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır. Bu, həqiqətən də belədir. Fikir verirsiz, ətrafdakı insanların üzlərində heç bir narahatlıq yoxdur. Hər kəs rahat şəkildə öz arayışını və ya sənədini alıb razılıqla gedir. Buna görə bir daha minnətdarlığımızı bildiririk.

Xarici pasport alan Ulduzə Musayeva da xidmətdən razılığını bildirir: - "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərdiyi şəhər və rayonlara, onların sakinlərinə qibtə edirdik. Möhtərəm Prezidentin tapşırığı ilə səyyar "ASAN xidmət"in rayonumuzda fəaliyyətə başlaması isə hamımızın ürəyincə oldu. Bütün bölgələrdə bu xidmətin yolunu gözləyirlər. Uzaq məsafə qət etmədən, əziyyət çəkmədən, rahat şəkildə müəyyən sənədləşmə işlərimizi görə bilirik. Bu şəraitin yaradılmasına görə təşəkkürümüzü bildiririk.  

Qeyd edək ki, səyyar "ASAN xidmət" qəbələlilərə və oğuzlulara avqustun 19-na qədər xidmət göstərəcək.

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2014.- 17 avqust.- S.4.