Ölkəmizin qərb bölgəsi tarixi abidələrlə zəngindir

 

”Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Goygol marşrutu üzrə ekskursiyaya çıxan Şabran və Siyəzən rayonlarının ümumtəhsil məktəblilərinin IX-XI sinif şagirdləri avqustun 15-də Şəmkir və Göygöl bölgələrində oldular.

AzərTAc xəbər verir ki, səhər tezdən onlar üçün ayrılmış xüsusi avtobusla Şəmkirə gələn məktəblilər rayon ictimaiyyəti nümayəndələri tərəfindən mehribanlıqla qarşılandılar.

Rayonla ilk tanışlıq qədim Şəmkir qalasından başladı. Burada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim şəhərin qalıqları barədə şagirdlərə ətraflı məlumat verildikdən sonra xatirə şəkli çəkdirildi.

Ekskursiyanı Gənclər Mərkəzində davam etdirən məktəblilər rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı görülən işlər barədə məlumatlandırıldılar.

Sonra şagirdlər Bayraq muzeyində müxtəlif dövrlərdə mövcud olmuş Azərbaycan xanlıqlarının, eləcə də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bayraqlarına baxdılar.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq məktəblilərin daha böyük marağına səbəb oldu. Onlar Ulu Öndərin həyatını, siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə və sənədlərə baxdılar. Məlumat verildi ki, bu Mərkəz rayon gənclərinin tez-tez gəldikləri məkandır. Burada onlar müxtəlif bölmələrdə məşğul olur, keçirilən intellektual oyunlarda öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Şabran və Siyəzən rayonlarının məktəbliləri ekskursiyanı Göygöl rayonunda davam etdirdilər. Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda qarşılanan şagirdlərə məlumat verildi ki, son illər parkın ərazisi 20 hektaradək genişləndirilərək burada bir sıra mədəniyyət obyektləri inşa edilib. İndi parkda Heydər Əliyev Mərkəzi, Gənclər sarayı, müxtəlif oyunlar üçün qapalı və açıq idman meydançaları fəaliyyət göstərir. Rayon gəncləri, eləcə də məktəblilər burada asudə vaxtlarını mənalı keçirirlər.

Tur-aksiyanın iştirakçıları Göygöl şəhərində məskunlaşmış alman ailələrinin yaşadıqları evlərə, eləcə də sonuncu alman Viktor Klaynın mənzilinə baxdılar, XVIII əsrdə almanlar tərəfindən inşa edilmiş və hazırda Göygöl Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Lüteran kilsəsində oldular.

Şabran və Siyəzən rayonları məktəblilərinin Şəmkir və Göygölə səfərləri beləcə unudulmaz anlarla başa çatdı.

 

Azərbaycan. - 2014.- 17 avqust.- S. 5.