Beyləqan məktəblilərinin
İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyası
başladı
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığına əsasən,
avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər
və rayonlarının IX-XI sinif şagirdləri
üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici
tur-aksiyalar keçirilir.
AzərTAc xəbər verir ki, avqustun 16-da Beyləqan şəhərində bu rayonun məktəblilərindən ibarət qrup İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün təntənəli surətdə yola salındı.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə keçirilən yolasalma mərasimində çıxış edənlər aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələrini verdilər. Qeyd edildi ki, tur-aksiyada iştirak edən heyət dörd gün ərzində İsmayıllı, Qəbələ və Şəki rayonlarının tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olacaqlar.
Qrupun rəhbəri - rayonun Yuxarı Kəbirli kənd tam orta məktəbinin müəllimi Eyvaz Pəsiyev AzərTAc-a müsahibəsində dedi: “Ölkəmizdə gənc nəslin inkişafı üçün hər cür şərait yaradılıb. Uşaqların keyfiyyətli təhsillə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətinin başlıca prinsiplərindəndir. Dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən tur-aksiya da bu istiqamətdə atılan addımlardan biridir”.
Beyləqan şəhər 4 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Aliyə Abbasova tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini bildirərək dedi: “Bu aksiya mənim və şagird dostlarımın həyatında çox mühüm hadisədir. İnanıram ki, bu, ömrümüz boyu yadda qalan bir səfər olacaq”.
Övladını yola salmağa gələn valideyn Qəmbər Xudiyev tur-aksiyadan məmnunluğunu belə ifadə etdi: “Övladlarımızın həyatında mühüm bir hadisə olan bu ekskursiya biz valideynlər üçün də çox əhəmiyyətlidir. Ölkəmizin səfalı yerlərini, tarixi abidələrini görmək heç də hamıya nəsib olmur. Övladlarımız üçün yaradılan bu şəraitə görə aksiyanın təşkilatçılarına, xüsusən də gənc nəslə həmişə diqqət və qayğı göstərən Prezidentimizə minnətdaram”.
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər
Ulu Öndərin Beyləqan şəhərindəki
Heydər Əliyev Mərkəzinin qarşısında
ucaldılmış abidəsini ziyarət etdikdən sonra onlar üçün
ayrılmış avtobusa əyləşib
İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola
düşdülər.
Azərbaycan. - 2014.- 17 avqust.- S. 5.