Azərbaycanda vətəndaş cəmiyyəti
institutlarının
sıxışdırıldığı ilə bağlı
iddialar əsassız və qərəzlidir
Azərbaycan Respublikası Prezidenti
Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a
müsahibəsi
-
Əli müəllim, bu gün
bəzi Qərb dairələri, bir
sıra xarici təşkilatlar və media orqanları Azərbaycanda insan
hüquqları ilə bağlı vəziyyətin pisləşdiyini
və vətəndaş cəmiyyəti institutlarının
sıxışdırıldığını iddia edirlər. Bu iddialara
münasibətinizi bilmək istərdik.
- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycanı güclü, inkişaf etmiş, müasir və nüfuzu ölkəyə çevirməkdir. Hesab edirik ki, son 10 ildə bu istiqamətdə mühüm uğurlar qazanılıb. Ötən dövrdə qarşıya qoyulmuş əsas vəzifələrdən biri də ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü demokratik cəmiyyətin formalaşmasını təmin etməkdən ibarət olub. Bu məqsədlə mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ardıcıl şəkildə davam etdirilib, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin inkişafına maneçilik törədən hallar aradan qaldırılıb, onlara hərtərəfli dövlət dəstəyi göstərilib.
Sirr deyil ki, vətəndaş cəmiyyəti institutlarının inkişafını məhdudlaşdıran ciddi amillərdən biri də bu sahədə qanunların tələblərinin tez-tez pozulması – qeyri-şəffaflıq, maliyyə-uçot sisteminin ən adi tələblərə cavab verə bilməməsi və s. olub. Mövcud boşluqlardan istifadə edən bəzi xarici və daxili dairələr Azərbaycanın milli qanunvericiliyinin tələblərinə zidd olaraq siyasi partiyaların, QHT və KİV-lərin fəaliyyətinə nüfuz edib, onları bu və ya digər qeyri-qanuni yollarla maliyyələşdirib və müvafiq olaraq istiqamətləndiriblər. Məhz bunun nəticəsidir ki, bəzi QHT-lər “xalq diplomatiyası” adı altında işğalçı Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan yerli təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə çevriliblər. Ən acınacaqlısı isə odur ki, bu tipli QHT və fiziki şəxslər, bəzi jurnalistlər onları maliyyələşdirən xarici dairələrə arxalanaraq, özlərini milli qanunvericilikdən yüksəkdə tutub, öz qrant layihələrini reyestrdən keçirməkdən, maliyyə hesabatlarını təqdim etməkdən, vergi ödəməkdən və hökumətin digər qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırıblar. Dövlət orqanlarının adekvat addımları isə təəssüf ki, bu gün həmin dairələr tərəfindən “vətəndaş cəmiyyətinə basqı”, QHT-lərin və medianın fəaliyyətinin “məhdudlaşdırılması” kimi qələmə verilir, Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası təşkil olunur.
Hesab edirik ki, bəzi Qərb dairələri, bir sıra xarici təşkilatlar və media orqanlarının Azərbaycanda guya “avtoritar”, “diktatura” və s. bu kimi idarəçilik metodlarının tətbiq edilməsi ilə bağlı iddiaları əsassız və qərəzlidir.
Azərbaycanda istər qanunvericilik,
istərsə də praktiki baxımdan vətəndaş
cəmiyyəti institutlarının sərbəst şəkildə
fəaliyyət göstərməsi üçün
müvafiq şərait tam
təmin edilib. Hökumətin
əsas tələbi ondan ibarətdir ki, inkişaf etmiş Avropa ölkələrində
olduğu kimi, Azərbaycanda
da QHT-lərin və medianın fəaliyyətində
demokratik azadlıqlardan sui-istifadə
hallarına yol verilməsin və bu sahədə qanunların aliliyi
təmin edilsin. Qanunlar tələb edir ki, QHT-lər öz nizamnamələrinə uyğun
fəaliyyət göstərsin, qanun
qarşısındakı vəzifələrini və məsuliyyətlərini
dərindən dərk etsin, cəmiyyətdə
ictimai nəzarət funksiyasını sağlam şəkildə həyata keçirsin, onları siyasətə sürükləyənlərə,
siyasi partiyaların əlavəsinə, bəzi
xarici dairələrin anti-Azərbaycan fəaliyyətində
ucuz alətə çevirmək istəyənlərə
“Yox!” desinlər.
Azərbaycan. - 2014.- 16 avqust.- S. 2.