Naxçıvan Muxtar
Respublikası Ali Məclisində görüş
Avqustun
15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov Pakistan İslam Respublikasının ölkəmizdəki
səfiri Xalid Usman Qayser ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ali Məclisin Sədri qonağı salamlayıb, ötən dövrdə Pakistanın ölkəmizdə fəaliyyət göstərən səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfər etdiklərini və qarşılıqlı əməkdaşlıq üçün səylər göstərildiyini bildirib. Qeyd olunub ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Pakistan arasında müxtəlif istiqamətlər üzrə əlaqələr yaradılıb.
Azərbaycan ilə Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın, eləcə də qardaş və dost ölkənin xarici siyasət sahəsində tutduğu ədalətli mövqeyin məmnunluq doğurduğunu bildirən Ali Məclisin Sədri səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səmimi münasibətə görə minnətdarlıq edən Xalid Usman Qayser muxtar respublikanın 90 illik yubiley tədbirində iştirakını xatırladıb, Naxçıvanda bütün sahələr üzrə inkişafın və mövcud sabitliyin məmnunluq doğurduğunu bildirib.
Səfir Azərbaycan-Pakistan əlaqələrinin inkişafında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb, mövcud əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi istiqamətində səyini artıracağını ifadə edib.
Görüşdə ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb, əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2014.- 16 avqust.- S.4.