Polis Akademiyası məzunlarının zabit vəzifələrinə təyin edilmələri münasibətilə tədbir keçirilib

 

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının əyani şöbəsini bu il bitirən məzunların zabit vəzifələrinə təyin edilmələri münasibətilə avqustun 15-də tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Polis Akademiyasının əyani şöbəsini bu il bitirən 120 nəfərin təyinatının şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında püşkatma yolu ilə keçirildiyini qeyd edib. Nazir deyib ki, məzunlardan 44-ü Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində, 76-sı isə daimi yaşadıqları yerlər üzrə respublikanın ərazi polis qurumlarında zabit vəzifələrinə təyin edilib.

Gənc əməkdaşları həyatlarında ən əlamətdar günlərdən biri - zabit paqonu daşımaq şərəfinə nail olmaları və vəzifələrə təyinatları münasibətilə təbrik edən Ramil Usubov son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük uğurların qazanıldığını vurğulayıb. Dövlətimizin başçısının gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi və keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün bütün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu bildirib.

General-polkovnik R.Usubov gənc zabitlərə Polis Akademiyasında aldıqları nəzəri biliklərin tətbiqində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, inamla inkişafa doğru getmələrini, xalqa və Vətənə sədaqətli xidmətləri ilə polis adını həmişə uca tutmalarını tövsiyə edib. Qeyd edib ki, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi şəkildə qorumaq, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmaq hər bir əməkdaşın, o cümlədən gənc polis zabitlərinin ümdə vəzifəsidir.

Nazir əmin olduğunu bildirib ki, bu gün respublikamızın daxili işlər orqanlarının zabit heyəti sıralarına yenicə qoşulmuş gənc əməkdaşlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə asayişin nümunəvi təminində səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı əməli fəaliyyətlə doğruldacaqlar.

Tədbirin sonunda gənc zabitlərin suallarını cavablandıran nazir Ramil Usubov onları narahat edən bəzi problemlərin həlli üçün DİN-in aidiyyəti qurumlarına müvafiq tapşırıqlarını verib.

 

Azərbaycan. - 2014.- 16 avqust.- S.4.