Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır

 

Bu gün Azərbaycanda hər bir rayonda böyük quruculuq işləri aparılır. Gələcək perspektivlərimiz də çox müsbətdir. Biz ancaq inkişaf yolu ilə gedəcəyik. Baxmayaraq ki, dünyanın müxtəlif yerlərində indi böhran yaşanır: iqtisadi, ya hərbi və siyasi böhran. Azərbaycan sabitlik məkanıdır, sabitlik adasıdır.

 

İlham ƏLİYEV

 

Ölkədə həyata keçirilən siyasət - iqtisadi islahatlarinkişaf mahiyyət etibarilə yeni Azərbaycan modelinin formalaşmasına zəmin yaradıb. Son 10 ildə tam şəkildə formalaşandünyada tanınan bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edib.

Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevirib. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi altında son illərdə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması üçün yaxşı imkanlar açır. Bu kontekstdə regional inkişafa xidmət edən proqramların reallaşması, sənayeləşmə prosesinin sürətləndirilməsi, 2014-cü ilin "Sənaye ili" elan edilməsi, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsi də diqqət mərkəzindədir.

Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədinə hesablanmışdır. Üstəlik, sosialyönümlülük respublikanın milli iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir. Bu baxımdan Azərbaycanın inkişaf modeli İsveç modelinə nisbətən daha yaxındır. İsveç modelində sosial siyasət vacib yer tuturişçi qüvvəsinin (əsasən yüksək ixtisaslı) təkrar istehsalı üçün qismən normal şəraitin yaradılmasını təmin etməklə sosial gərginliyin azaldılmasında, sinfi antoqonizm və münaqişələrin neytrallaşdırılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirib. Azərbaycan Prezidenti ötən illərdə respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atıb. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanıb.

Ümumiyyətlə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Qeyri-neft sektorunda müşahidə edilən yüksək artım tempi hökumətin ortamüddətli perspektivdə qarşıya qoyduğu strateji hədəflərə əsaslanaraq ilk növbədə makroiqtisadi sabitlik amili ilə şərtlənir. Ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.

Ümumilikdə ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.

Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadisosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Ən müxtəlif iqtisadi mərkəzlər respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib. "Dünya Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.

Bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaqdır. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşacağı isə qətiyyən şübhə doğurmur.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 19 avqust.- S.1.