Azərbaycan ilə Türkiyə
arasında hərbi əməkdaşlıq əlaqələri
dostluq və qardaşlıq münasibətləri
üzərində qurulub
Avqustun
18-də Türkiyə Respublikasının milli müdafiə
naziri İsmət Yılmaz Azərbaycan Respublikasına rəsmi
səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun qərargahında İ.Yılmazın rəsmi qarşılanma mərasimi keçirilib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə milli müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. O, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu vurğulayıb.
Qonaq Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində belə görüşlərin əhəmiyyətindən danışıb.
Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin ölkəmizdəki
səfiri İsmayıl Alper Coşkun iştirak edib.
Azərbaycan. - 2014.- 19 avqust.- S. 2.