AzərTAc ilə Küveyt Xəbərlər Agentliyi arasında informasiya və təcrübə mübadiləsi genişlənir

 

Avqustun 18-də Küveyt Xəbərlər Agentliyinin (KUNA) beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Suha əl-Zənki və Dana əl-Əbdülcəlil Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olublar.

Baş direktor Aslan Aslanov KUNA-nın əməkdaşlarına AzərTAc-ın yaranma tarixi, keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri barədə məlumat verib.

A.Aslanov AzərTAc-ın KUNA ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Beynəlxalq İslam İnformasiya Agentlikləri Birliyi (İİNA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladıb. Qeyd edib ki, iki agentlik arasında 2009-cu ildə imzalanmış əməkdaşlıq sazişi informasiya və təcrübə mübadiləsi üçün böyük imkanlar yaradır. KUNA-nın əməkdaşlarının Bakıya bu səfəri də həmin saziş çərçivəsində reallaşıb.

Baş direktor hər iki ölkənin milli informasiya agentlikləri arasında əlaqələrin genişlənməsinin dövlətlərimizin və xalqlarımızın dostluq münasibətlərinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Suha əl-Zənki KUNA Agentliyinin baş direktoru və idarə heyətinin sədri Şeyx Mübarək Əl-Dueyc Əl-İbrahim Əl-Sabahın salamlarını Aslan Aslanova çatdırıb. O, AzərTAc ilə KUNA arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, agentliklərin müxtəlif beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəklədiyini söyləyib.

Görüşdən sonra qonaqlar agentliyin işi ilə tanış olublar. 

 

Azərbaycan. - 2014.- 19 avqust.- S. 4.