Akademik Svetlana
Kuznetsova: Bakıda Heydər Əliyev və Zərifə
Əliyeva ilə unudulmaz görüşlərimizi səmimiyyətlə
xatırlayıram
Ukrayna
paytaxtında akademik Zərifə Əliyeva adına Beynəlxalq
Tibbi Elmi Mərkəz ilə Ukrayna Milli Tibb Elmləri
Akademiyasının D.F.Çebotaryov adına Herontologiya
İnstitutu arasında əməkdaşlıq haqqında
saziş imzalanıb.
Tədbirdə
akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin
rəhbəri Aydın Salmanov və Ukrayna Herontologiya
İnstitutunun Heriatrik Reabilitasiya Mərkəzinin direktoru,
akademik Svetlana Kuznetsova çıxış ediblər.
Professor
A.Salmanov qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilatın
əsas məqsədi tibb elmləri, təhsil və səhiyyə
sahəsində əhalinin sağlamlığının
yaxşılaşdırılmasına yönəlmiş Azərbaycan-Ukrayna
münasibətlərinin inkişafına kömək etməkdir.
O vurğulayıb ki, tərəflər arasında əməkdaşlıq
haqqında saziş məhz bu məqsədə
çatmağa xidmət edir.
Professor
A.Salmanov deyib ki, akademiklər Vladislav Bezrukov (institutun direktoru
- AzərTAc) və Svetlana Kuznetsova akademik Zərifə
Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin Əlaqələndirmə
Şurasının üzvləri kimi, Ukrayna və Azərbaycan
alimləri arasında əməkdaşlığın səmərəsini
artırmağa kömək etməyə hazırdırlar.
Akademik
S.Kuznetsova öz çıxışında həmin
sazişin vacibliyinə əminliyini bildirərək
vurğulayıb ki, bu saziş Ukrayna ilə Azərbaycan
arasında daha sıx əməkdaşlığa, birbaşa
elmi əlaqələrin dərinləşməsinə və
müştərək layihələrin həyata keçirilməsinə
xidmət edəcəkdir.
O
deyib: “Fürsətdən istifadə edərək bildirmək
istəyirəm ki, yaxın vaxtlarda Bakıda Azərbaycan Səhiyyə
Nazirliyi ilə Ukrayna Tibb Elmləri Akademiyasının
Herontologiya İnstitutu arasında əməkdaşlıq
haqqında müqavilə imzalanması
planlaşdırılır”.
O,
iki ölkə alimlərinin müştərək elmi fəaliyyətinin
müvafiq profil üzrə elmi əlaqələrin dərinləşməsinə
və genişlənməsinə kömək edəcəyinə
ümidvar olduğunu bildirib.
Ukraynanın
tanınmış alimi Svetlana Kuznetsova AzərTAc-a müsahibəsində
keçən əsrin 70-80-ci illərini, həmin dövrdə
Azərbaycanın bir sıra guşələrində elmi tədqiqatlar
apardığını, respublikanın rəhbəri Heydər
Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə
Əliyeva ilə görüşlərini yada salaraq
vurğulayıb ki, Bakıda Heydər Əliyev və Zərifə
Əliyeva ilə unudulmaz görüşləri həmişə
hərarətlə xatırlayır.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi
müxbiri
Kiyev
Azərbaycan. - 2014.- 19 avqust.- S.4.