Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan terrorçu kimi düşünməkdə davam edir

 

“Ermənistan prezidenti Serj Sarkisyanın Soçidə dövlət başçılarının qapalı görüşünün yekunları barədə bəyanatları onu göstərir ki, Ermənistanın indiki rəhbəri ağır geosiyasi vəziyyətdə olan ölkə barədə deyil, ilk növbədə, öz hakimiyyətini qoruyub saxlamaq və möhkəmlətmək, öz klanının mənafeləri barədə düşünür. Sarkisyanın riyakarlığının həddi-hüdudu olmaması tamamilə aşkardır. Yaxşı deyiblər ki, siyasətdə vicdanlılıq gücə, riyakarlıq isə zəifliyə dəlalət edir. Sarkisyan özünü konstruktivtolerant düşüncə sahibi kimi göstərməyə çalışır, lakin praktiki olaraq buna nail ola bilmir”.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut AzərTAc-ın müxbiri ilə söhbətində Sarkisyanın Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra verdiyi bəyanatları belə şərh edib.

Xatırladaq ki, Serj Sarkisyan Ermənistana qayıdandan sonra həmin danışıqların bəzi məqamlarını təhrif edilmiş formada səsləndirib. Arye Qutun fikrincə, Ermənistan geosiyasi fiaskoya məruz qalıb.

İsrailli analitik deyib: “Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə praktiki olaraq Xəzər dənizinin qazneft ehtiyatları ilə bağlı əsas geosiyasigeoiqtisadi layihələrdən kənarda qalıb. Ölkənin büdcəsi boşdur. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu (onun özəl transfertləri ildə təxminən 2 milyard dollara bərabərdir) və ABŞ Konqresinin sponsor köməyidir. Ölkədə ağır siyasi-iqtisadi vəziyyət üzündən adamlar Ermənistanı tərk edir. Azərbaycan ərazilərinin işğal edilməsi və Ermənistanın Türkiyəyə qarşı tarixi iddiaları bu ölkəni tam maliyyə kollapsı və regionda təcrid olunma vəziyyətinə gətirib çıxarıb.

Aydındır ki, Azərbaycan ilə münaqişənin nizamlanmaması ilk növbədə Ermənistandakı Qarabağ klanının xeyrinədir. Mövcud status-kvo-nun saxlanması bu klanın həyati maraqlarına uyğundur. Serj Sarkisyan başda olmaqla Ermənistanın siyasi elitası bu ölkə ilə Azərbaycan arasında münaqişədən öz mənafeyi üçün istifadə edir. Hakimiyyət orqanları sosial etirazların təzyiqi ilə üzləşdikdə Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanması üçün əlverişli şərait yaranmasında Ermənistan ictimaiyyətini və müxalifət liderlərini təqsirləndirirlər. Ermənistanın pozucu və təcavüzkar mövqeyi Azərbaycanı münaqişənin nizamlanması üçün başqa vasitələr axtarmağa məcbur edir. Danışıqlar prosesində Azərbaycan diplomatiyasının iştirak etməsi faktı onu göstərir ki, cüziolsa ümid qalır. Lakin mülayimləşmə prosesi gec-tez sona çatır. Qoşunların təmas xəttində son hadisələr və Azərbaycanın işğal edilmiş ərazilərini hərbi yolla qaytarmağa hazır olması bu tezisi bir daha təsdiq edir”.

Arye Qut qeyd edib ki, Ermənistan prezidentinin davakar çıxışları Azərbaycana əsla təsir göstərmir. Arye Qut vurğulayıb: “Serj Sarkisyan hələ də elə fikirləşir ki, bugünkü Azərbaycan XX əsrin 90-cı illərinin əvvəlindəki Azərbaycan kimidir. Əslində isə bu gün Azərbaycan tamamilə başqa, regionda güclü geosiyasi və hərbi potensiala malik olan ölkədir. Ermənistandan fərqli olaraq Azərbaycana regionda heç kəs öz fikrini diktə edə bilməz. Aşkar görünür ki, bu iki ölkənin iqtisadi və hərbi inkişafı arasında böyük bir uçurum var. Azərbaycan Prezidenti əsl diplomat və dövlət xadimi kimi bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquqa uyğun ədalətli həlli danışıqlar yolu ilə tapılacaqdır.

Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan isə dövləti təfəkkürü olmayan terrorçu kimi düşünməkdə davam edir. Ermənistan Prezidenti Soçidə üçtərəfli görüşdən Yerevana çatar-çatmaz bəyan edib ki, Azərbaycanın istənilən şəhərini Ağdama çevirməyə hazırdır. İsrail analitiki qeyd edir: “Azərbaycanın Xocalı şəhərində Serj Sarkisyan tərəfindən bilavasitə təşkil edilmiş kütləvi qırğın və qanlı cinayətlər heç kəsin yadından çıxmayıb. Bu əməllər nəticəsində bir gecədə 613 dinc sakin məhv edilib. Ermənistan Prezidenti öz əməllərinə və hərəkətlərinə görə xəcalət çəkmək əvəzinə bununla fəxr edir. Bəli, təəssüf ki, işğalçı Ermənistan qoşunları Ağdam şəhərini yerlə yeksan ediblər, faktiki olaraq şəhərdəki bütün tikililər dağıdılıb, bütün evlər qarət edilib, sonra isə yandırılıb. Mən başa düşə bilmirəm, Ermənistan Prezidenti bu terrorişğal faktları ilə necə fəxr edir. Təəssüf ki, ikinci dəfə Ermənistan Prezidenti seçilməsinə baxmayaraq Sarkisyan yenə terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamağa hazır olmadığını bir daha sübut edir və məhz bu səbəbdən 20 ildən artıq davam edən danışıqlarda heç bir nəticə və real irəliləyiş yoxdur”.

Arye Qut erməni tərəfin qoşunların təmas xəttində məruz qaldığı itkiləri gizlətməyə çalışmasını şərh edərək deyib ki, rəsmi Yerevan cəbhə xəttində itkilər barədə həqiqi məlumatları gizlətməyə çalışır, əhali arasında vahimə yaranacağından ehtiyat edir, çünki bu, Ermənistanda protest əhval-ruhiyyəsini daha da gücləndirə bilər. Arye Qut vurğulayıb: “Bu gün Ermənistanın korrupsiyaya qurşanmış avtoritar, dilənçi vəziyyətində bir ölkə olması danılmaz faktdır. Ermənistan gəncləri onları öz vətənində dilənçi kimi yaşamağa məcbur etmiş iqtidarı lənətləyərək Türkiyəyə və Rusiyaya köçürlər, özübütün ailəsi ilə birlikdə və həmişəlik. Ermənistanda orduya çağırışçılarla bağlı problemlər olması artıq bu gün hiss edilir. Bu ölkədə öz gələcəyini və uşaqlarının gələcəyini təsəvvür etməyən gənclər onu necə müdafiə edəcəklər! Bu baxımdan, Ermənistanın hakim klanının onlarca əsgərin həlak olması xəbərlərini nə üçün gizlətməsinin və bu barədə praktiki olaraqüçün danışmamasının səbəbi aydındır”.

Arye Qut erməni hərbçilərinin insanlığa zidd davranışına da diqqəti cəlb edir. O vurğulayıb: “Ağlasığmaz vəhşiliklə törədilmiş Xocalı qırğınının əsas təşkilatçılarından biri olan prezident Sarkisyan barəsində “humanistlik” anlayışını dilə gətirmək çətindir. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində bir yara kimi həmişəlik qalacaqdır. O vaxt Serj Sarkisyanın rəhbərlik etdiyi erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində 613 nəfər öldürülüb, 487 adam əlil olub, 1275 dinc sakinqocalar, uşaqlar, qadınlar əsir düşərək dəhşətli iztirablara, təhqirlərə və alçaldılmağa məruz qalıb. Serj Sarkisyan hansı humanizmdən danışa bilər ki, Azərbaycanın Xocalı şəhərinin mülki əhalisi yalnız azərbaycanlı olduğuna görə etnik təmizləməyə məruz qalıb və məhv edilib. Günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə bu vəhşicəsinə qəddarlıq heç cür izah edilə bilməz, Ermənistan prezidenti isə humanizmdən danışır”.

İsrailli ekspertin sözlərinə görə, Sarkisyanın hakim klanı hətta humanitar xarakterli məsələləri, o cümlədən girovlar və həlak olmuş hərbi qulluqçuların cəsədləri ilə bağlı məsələləri də həll etmək iqtidarında deyildir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanın 5,5 mindən çox vətəndaşı Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş ərazilərində itkin düşən, əsir alınan və girov götürülən şəxslər siyahısındadır. İtkin düşən 4015 vətəndaşdan 877-sinin, o cümlədən 56 uşağın, 327 qadının və 364 qocanın əsir alınması və girov götürülməsi barədə materialların müxtəlif beynəlxalq təşkilatlara göndərilməsinə baxmayaraq, Ermənistan bu adamlar haqqında heç bir məlumat vermir. Erməni tərəfi bu adamların əsir götürülməsi faktını tamamilə inkar edir, halbuki Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin nümayəndələri həmin siyahıdakı bəzi adamlarla əsirlikdə görüşüblər. Həmin insanların erməni əsirliyində saxlanması faktını beynəlxalq hüquq müdafiəçiləri qrupu da təsdiq edib. Bu adamların bir qismi erməni əsirliyində xəstəlik üzündən dünyasını dəyişib, digərləri amansızcasına öldürülüb, bəziləri isə indiyə qədər kölə kimi ən ağır işlərin görülməsi üçün istifadə edilir, Ermənistan prezidenti isə bütün bu faktlardan sonra həyasızcasına humanizmdən danışır. Bu yerdə məşhur qədim yunan filosofu Demokritin sözlərini xatırlamamaq olmur: “Rüsvayçı hərəkətlər edən ilk növbədə öz əməllərinə görə utanmalıdır”.

 

Azərbaycan. - 2014.- 19 avqust.- S.3.