Azərbaycan Respublikasının baş prokuroru Qazax şəhərində vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, avqustun 15-də baş prokuror Zakir Qaralov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax Rayon Prokurorluğunun inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl baş prokurorQazax Rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 60-a yaxın vətəndaşın müraciətini dinləyib.

Baş prokuror Zakir Qaralov müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğunoperativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Eyni zamanda, prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilib. Müşavirədə respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən qərb bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

 

Azərbaycan. - 2014.- 16 avqust.- S. 4.