Səhiyyə Nazirliyində “Ebola” virusuna dair əmr imzalanıb
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikanın qərbində yayılan “Ebola” virusunun qurbanlarının sayı 1069 nəfərə çatıb. Son açıqlamalara əsasən ölümcül virusa yoluxanların sayı 1975 nəfər təşkil edir. Öldürücü gücə malik Ebola virusu ilk olaraq 2014 ilin fevral ayında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Lionesdə aşkarlanmışdır. Xəstələr arasında ölüm göstəricisi təxminən 90 faiz təşkil edir ki, bunun da yoluxma yolları müxtəlifdir. Virusun insan oprqanizminə düşməsi əsasən yoluxmuş heyvanların qanı və digər bioloji mayelər ilə sıx təmas nəticəsində habelə, insandan insana yoluxma ilə baş verir.
Səhiyyə Nazirliyindən AzərTAc-a bildirdilər ki, qeyd olanları nəzərə alaraq respublikamızda da “Ebola” virusu xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.
Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov bununla əlaqədar əmr imzalayıb.
Əmrdə respublikanın şəhər
və rayonlarının tibb idarə və
müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin
rəhbərlərinə xüsusi
tapşırıqlar verilib. Əmrdə xəstəliyə
şübhəli bilinən şəxslərin dərhal təcrid
edilməsi üçün şəraitin
yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici
maddələrin tükənməyən ehtiyatının
yaradılması, tibb müəssisələrində
əksepidemik və dezinfeksiya tədbirləri
üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi
riayət edilməsi, “Ebola” virusuna yoluxmada şübhəli
bilinən şəxsin dərhal
hospitallaşdırılması üçün
şəraitin yaradılması, və s. bu kimi xüsusi
qabaqlayıcı tədbirlərin görülməsi üçün əlaqədar qurum rəhbərlərinə
tapşırıq verilib.
Azərbaycan. - 2014.- 16 avqust.- S.7.